27.4.10

SEÇDİYİMİZ RƏNG (LƏR)...

SEÇDİYİMİZ RƏNG (LƏR)...

Biz Azərbaycanda ilk öncə mədəni inkişafa nail olmağın vacibliyini söyləyəndə, bəzi dostlarımız bunu qorxaqlıq kimi qiymətləndirir. Hələ də çoxları elə zənn edir ki, siyasi dəyişikliklər bütün dəyişikliklərin sarvanı olmalıdır.
Lakin mən yenə də, bütün baş verənləri təhlil edəndə əmin oluram ki, mədəni inkişaf baş vermədən, köklü siyasi dəyişikliklər üçün mühit olmayacaq və bu mühitsizlikdə baş verən siyasi dəyişikliklər yalnız kosmetik xarakter daşıyacaq.

Avropanı günümüzdəki iştirakçı demokratiya modelinə gətirən ekzistensializm mədəni cərəyanı olub. Ekzistensializm ədəbiyyatda müəllifi öldürdüyü kimi, siyasətdə də fikri siyasətçinin rəngindən, irqindən, milli mənsubiyyətindən və mövqeyindən üstün səviyyəyə gətirib. Belə olan təqdirdə ölkəmizdə də tez-tez rastlaşdığımız “Sən YAP-çısan, yaxşı heç nə deyə bilməzsən” və ya “Sən saxta seçkilərlə millət vəkili seçilmisən, bəşəriyyət üçün heç bir faydalı fikrin ola bilməz” kimi iddialar aktuallğını itirir və cəmiyyətin nail olmaq istədiyi inkişafda hər kəsin iştirakı üçün mühit yaranır. Məhz bu hər kəsin demokratik inkişafda birlikdə hərəkət etməsi üçün mədəni baza rolunu oynayır. Əgər insanlar tutduğu mövqeye görə, demokratik dəyişiklikdə iştirak etmək kompleksi yaşayırsa, bu zaman hazırkı durum yaranır. Hazırkı durum isə bundan ibarətdir: demokratiyanı yalnız siyasi müxalifət və sosial cəhətdən aşağı təbəqə istəyir. Hazırkı mühiti dəyişməyin yolu mədəni ekzistensializm mərhələsininin yaşanmasından keçir. Bu gün Azərbaycanda demokratik düşərgənin getdikcə seyrəlməsinin səbəbi mədəni natamamlıqdan irəli gəlir. Bu mədəni natamamlığın nəticəsidir ki, demokratik düşərgədə siyasi qaraçılar dominantlıq təşkil edir. Siyasi qaraçıların isə əsas silahları bunlardır:
"Sən, 1988-ci ildə Azərbaycanın müstəqil olacağına inanmamışdın və ürəyində demişdin ki, bu hərəkatçılar boş-boş işlərlə məşğuldur. Bu səbəbdən də sənin demokratiyadan danışmağa haqqın yoxdur, bəy"; "Sən Demokratik İslahatlar Partiyasının üzvüsən, özün də demokratiya blokundan deputatlığa namizəd olmusan, sən heç vaxt yaxşı fikir deyə bilməzsən, nə də Azərbaycanın gələcəyini düşünə bilməzsən"; "Fılankəsov Fılankəs 15 sutka həbsdə yatdığı üçün yalnız o, demokratiyadan danışa bilər, baxmayaraq ki, heç bir universitet bitirməyib və sənin kimi təhsilli deyil".

Təəssüf ki, bu yanaşma ictimai rəydə özünə yer etməyi bacarıb. Bu fikir hakim sistemdə də var. Lakin məni maraqlandıran demokratik düşərgədir. Çünki demokratik düşərgə qarşısına köklü dəyişiklikləri məqsəd qoyub. Yadıma düşmüşkən, siyasi qaraçıların daha bir uzaqmənzilli silahını xatırladım - Münəccimlik! “Sənin gələcək planlarında hakimiyyətdən pul almaq məqsədi var deyə, filan yerdə filan hərəkəti filan formada etdin” və ya “mən bilirdim ki, sən satqınsan və nə vaxtsa ağac əkmə kampaniyası keçirərək Ekologiya Nazirliyi ilə eyni mövqeyi bölüşəcəksən." (!)

Absurd görünsə də, bu “mədəni” yanaşma Quzey Azərbaycanın 80 faizini işğal edib. Mədəni inkişaf dedikdə təəssüf ki, kimlərsə elə düşünür ki, biz hansısa müğənninin geyimini, siqaretin yerə atılmamasını, növbə mədəniyyətinin formalaşmasını, telekanallardakı şou proqramlarının keyfiyyətinin artırılmasını nəzərdə tuturuq. Əsla belə deyil. Biz yuxarıda qeyd etdiyim siyasi qaraçılıqla yanaşı “Mənimlə olmayan mənim düşmənimdir!”, nifrət, şəxsiyyətə müdaxilə, mənafeyi üçün sui-istifadə, dözümsüzlük, rüşvətxorluq, qadın zorakılığı, qeyri-səmimilik, məntiqsizlik və sairə bu kimi deqredasiyaya səbəb olan mədəniyyətsizlikləri hədəf almışıq.

11 marta “böyük xalq” olmaq istəməməyimizin səbəbləri:

1. Heç bir rasional–siyasi qüvvə idarə edə bilməyəcəyi və istifadə olunmaq ehtimalı böyük olan prosesdə iştirak etməz. 11 martın təşəbbüsü ən yaxşı halda xalq üçün xalqsız mübarizə kimi qiymətləndirilə bilər ki, bizim fikrimizcə, bu mübarizə meydandan kənarda baş verməlidir. Yəni, xalq üçün çalışmaq və onu özünün müəyyənləşdirəcəyi günə hazırlamaq daha doğrudur, nəinki xalqın qorxmasına səbəb olacaq və onun üçün çalışanların yadlaşmasına səbəb olan addımları atmaq. Vətəndən kənarda yaşayan dostların xətrinə dəyməsin. Əminliklə söyləyirəm ki, onlar xalq üçün çoxdan yadlaşıblar. Onların bilməyərəkdən cəsarətli addım tələbi və qısa müddətdə hazıra nazir olmaq təşəbbüsləri bizim xalqla təmasımıza mane olan nəticələrdən başqa ciddi bir nəticə ilə sonuclanmadı. Əziz dostum Elnur Məcidli parlament seçkilərinə qatılarkən Azərbaycan reallıqlarının Fransada təsəvvür etdiyindən daha ağır olduğunu etiraf etmişdi. Bəli, biz nə vaxt radikal addım atırıqsa ən yaxın qohumlarımız belə bizdən uzaq durmağa başlayırlar. Valideynlər övladlarına bizə qoşulmamağı tövsiyə edirlər. Belə olan təqdirdə bizlər böyük günlərdən uzaqlaşıb kiçik qrup kimi xalqdan uzaqlaşırıq.

2. Sistemini, strategiyasını, taktikasını, platformasını və gələcəyini formalaşdırmadan var olan bir sistemlə vuruşmaq Bakuninin anarxizmindən başqa bir şey deyil. “Yıxaq, sonrasına baxarıq” təfəkkürü ilə hərəkət, gələcəyini indidən fırıldaqçılara vermiş inqilabçılıqdan başqa bir şey deyil. Mən dahilərin düşündüyü yaradıcılıqda iştirak etmək istəyirəm ki, bəhrəsini xalq görsün. Mən faydasını fırıldaqçılar götürməsin deyə, dahilərin düşündüyü inqilabda iştirak etmək istəmirəm . Bizim təklif etdiyimiz inqilabı Pink Floyd təqdim edib, Mirzə Cəlil təqdim edib, M.Ə.Rəsulzadə təqdim edib, Qandi təqdim edib, Martin Lüter King təqdim edib, Elçibəy təqdim edib. Bizə təqdim edilən inqilabda silah dəyərdir, bayraq sevgidir, kükrədən müsiqidir, geyim yenilikdir, havaya açılan əl gələcəkdir. Əgər obrazlı yanaşmasaq biz fundamental dəyişikliyin, çoxluğun alternativ düşüncəyə sahib olmasından keçdiyini önə çəkirik. Cəmiyyətdəki real sistemin dəyişməsinin yolu isə nüfuz sahiblərinin dəyişməsindən keçir. Bu gün 125 dairədən, ən azı həmin dairənin 1 faiz elektoratına sahib olan kadra sahib deyiliksə və ən əsası, həmin kadrlar və onların yanında olan 1 faizlər fərqli düşüncənin, hakimiyyətə alternativ dəyərlərin daşıyıcısı deyilsə, baş verəcək inqilabda töküləcək qanlara heyif.

3. Ən asan mübarizə silahlı mübarizədir. Ya öldürüb qalib gəlirsən, ya ölüb məhv olursan. Bu mübarizəni asanlaşdıran səbəblərdən biri də 2 rəngin – ağ və qara rəngin olmasıdır. Pozitivist realistlərə görə, 2 rəngli savaşlarda səni ağ edən gücsüzlüyün, səni qara edən gücündür. Əgər əzilən tərəfsənsə, haqlı-haqsız olmağından asılı olmayaraq ağ kimi xarakterizə olunursan, lakin beyinlərdə. Güclünün yanında olmaq ehtirası isə çoxluğun qaranın yanında olmasına səbəb olar. Silahı nifrət olan demokrat dostlarımız, xalqın onlara ağ deməsindən təskinlik tapır. Lakin unudurlar ki, xalq qaranın – güclünün yanında yer almağa həmişə üstünlük verir. İllərdir daha çox əzilən qəhramanımız olub, amma heç nə dəyişməyib. Gizli səsvermə otaqlarında alınan səslərdən təskinlik tapmışıq. Yalnış hesab etdiyim bu üsul təəssüflər olsun ki, bu gün də gənclər sektorunda tətbiq olunmaqdadır. ( Ekstensializm: Bunu Ramin Hacılının yox, bir şəxsin öyrəndiklərinin məntiqi sonluğu kimi qəbul edin.) Diqqət edin. Qəhramanlarımız kimlərdir?! Hamıdan çox təzyiqə məruz qalanlar, həbs olunanlar və döyülənlər. Ağla qaranın savaşında artıq 20 ilə yaxındır ki, demokratik düşərgə ağdır, əziləndir, seçki qutusunda qalib gələndir. Reallıq və nəticə isə qaranın, güclünün (əzənin) və ya hakimiyyətin yanındadır. Əzilmək istəməyib bu düşərgəni tərk edənlər – başqa yol seçənlər ağlar cərgəsindən çıxmış olur. Beləliklə ağlar – mazoxistlər hər il seyrəlir və adlar dəyişir.
Çoxrəngli mübarizə sistemi ən çətin yoldur. Çoxrəngliliyə üstünlük verən üsul pozitivistlərə görə, mübarizə deyil, daimi yaradıcılıqla məşğul olan prosesdir. Bu səbəbdəndir ki, idealist pozitivistlərə görə, qələbə və ya nəticə prosesdən önəmsizdir. Çoxrəngli mübarizə nəticəyə hesablanmış, ruhverici düşüncələrə və ya həvəsləndirici şüarlara deyil ruhu, qidalandıran ədəbiyyata və ya dəyər mahiyyəti daşıyan tezislərə üstünlük verir. Beləliklə çoxrəngli yaradıcılıq alternativ təklifidir, mənbəyini və mənsəbini müəyyəndləşdirmişdir, gələcəyini aydın təqdim edəndir və ən əsası bu yaradıcılıqda hər kəsin iştirak imkanını təmin etmişdir. Əgər hərəkat lideri bütün sahələrdə alternativ formalaşdırmağı bacarmayıbsa, ya hələ tam formalaşmış hərəkat deyil, ya da ümumiyyətlə hərəkat deyil. Bu gün heç formalaşmadan və ya tam formalaşmadan hərəkətə keçmək, nəticəyə hesablanan son addımı atmaq, özünü qəbrə atmaq kimi bir şeydir.

4. 2011-ci il... Azərbaycan... Dəyişiklik istəyən gənc liderlər... Hansı ki, bu gənc liderlər Azərbaycanımızda dəyişikliyin yalnız önündə getməklə deyil, qurulacaq yeni sistemin yaradıcılığında da özlərini əsas fiqurlardan hesab edirlər. Bu gənclər məndən fərqli olaraq artıq lider olduqlarını iddia edir, yalnız özlərinin təşkil etdikləri treninq və təlimlərdə iştirak edirlər (o, da ildə 1 və ya 2 dəfə baş verir). Milli Demokratiya İnstitutu (MDİ) bu gənclərin hamısını bir araya gətirərək institutun rəhbəri səviyyəsində dialoq qurmaq və nəticədə potensialımızı öyrənməyə təşəbbüs etdi. Xaricdə yaşayan və müxtəlif səbəblərdən mənim gördüyüm reallığı görməyən canım qədər sevdiyim dostlarım məni qınamağa tələsməsin. MDİ-nin rəhbəri Aleks Qriqorievsin bəsit sualları qarşısında gözünü döyən bu gənc liderlərə kimin sevgisi varsa, onları həbsxanaya göndərib, şəkillərini facebook avatarı etməkdənsə, təhsil almalarına yardım etsin. Öz gələcəyinin reseptini universitet divarları deyil, həbsxana barmaqlıqları arasında hazırlatmaq ağılsızlıqdır. Hər dəfə bir faciənin ətrafına yığışıb nifrət dolu jarqonlarla hakimiyyəti təhqir edərək, qapalı mitinqlər keçirmək heç vaxt, heç bir uğura aparmaz.

Daha bir faciə ətrafında - Cabbar Savalanlının şərlənərək həbs olunması ilə bağlı forum təşkil olunmuşdu. Forumda “istefa”, “azadlıq” şüarları səsləndirildi, natiqlər daha radikal olmaq yarışına girdi, hər kəs öz “ağ”lığını sübut etmək üçün məhz ən çox onun təşkilatının əzildiyini ifadə etməyə çalışdı. Siz məndən soruşursuz ki, nəyə görə bu gənclərlə birləşmirsən? Mən isə sizə sual verirəm: nəyin ətrafında birləşim? Həvəslə foruma gedərək, getdiyim yerin forum olduğunu düşünürəm, gözləyirəm ki, bu forumda iştirak edən insanlarla müzakirə edəcəyik və gənclər üçün alternativ inkişaf modeli təqdim edəcəyik. Gördüyüm mənzərə isə fərqli olur. Azərbaycan gəncliyinin 0,001 faizi ADP-nin qara zalına toplaşıb, kənardakı gənclərə alternativ təqdim etmək əvəzinə, say artırmaq əvəzinə, dəyər təqdim etmək əvəzinə “həbs olunmağın gözəlliyi”ndən danışırlar. Ağlı başında olan adam 50 gənclə inqilaba çıxar?! Hələ mən demirəm ortalıqda dəyər yoxdur, yollarımız fərqlidir, üsullarımız ayrıdır. Sizin fərqlilik yolunuzu qəbul edirəm, çünki mən çoxrəngliliyin tərəfdarıyam; lakin qidasız ruhlanmış kəmiyyət, qələbəsini çox olması ilə qazanır. Kəmiyyət nə qədər çox olursa, qələbəyə o qədər çox yaxınlaşır.

Sonda:
Həmyaşıdlarım və məndən yaşca böyük olub prosesləri izləyənlər təsdiq edərlər ki, hazırkı üsullardan istifadə edib mübarizə aparmış, indikindən qat-qat çox və daha mütəşəkkil nəsilləri itirmişik. Mən bu nəslin də itirilməsini istəmirəm. Hər il onlarla gənci demokratiya və azadlıq dəyərləri ilə qidalandırmağa çalışıram. Təbii ki, bunu dəyərli mütəffəkkirlərin birbaşa və ya dolayısı köməyi ilə edirəm. Yeni-yeni proseslərin mahiyyətinə vaqif olmağa başlayan gənc hələ öz azadlığına nail olmadan, hər hansı bir uğur qazanmadan bir də görürsən ki, asan yola üz tutub. Onu asan yola dəvət edənlər heç bir məsuliyyət dərk etmədən, həmin fərdin gələcəyini düşünmədən, millətin azadlığı naminə şirin vədlərlə onu həbsxana yoluna səsləyirlər. Bir gəncin azadlıq sevdasından sui-istifadədə bizə görə mədəniyyətsizlikdir. Necə ki, insanların mənəvi hisslərindən istifadə edərək tarix boyu dini alət edən onlarla sistem qurulmuşdur.

Ümid edirəm ki, düşüncələrim səmimi, dost mövqeyi kimi qəbul ediləcək və ən əsası, hər kəs mənim hansı məsuliyyət içində olduğumu anlayacaq və bizim seçdiyimizi yolu müzakirə etmək təşəbbüsünü inkar etmək tərsliyimdən üstün tutacaq.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.