2.2.11

Mənasız yazı…

 Mehdi Hafizoğlu
hafizoghlu@gmail.com

 


Mənasız bir yazı yazmaq istədim. Heç bir ardıcıllıq, ahəng olmayan. Bir cümlənin o biri cümləylə bağlı olması şərti olmayan bir yazı. Lap bığın gitaraya dəxli olan kimi. Beynim çox qarışıqdı, əslində fikirlərim də ardıcıl deyil indi. Bəlkə də siqaretin tüstüsü dumanlandırıb beynimi, fikirlərimi. Belə bir şeir yadıma düşdü birdən :

Qan-qana düşəndi, ürək ürəyə,
Yüz təbib yığıla baş-başa düşməz,
Baş var, başa çıxar başbilən olar,
Heyf başa layiq baş, başa düşməz.

Müəllifi də yadımdan çıxıb şeirin. Lap başqasının gəmisinə minib, gəminin kimə məxsus olduğunu bilməmək kimi oldu. Bilmirəm hazırda nə baş verir. Bunları niyə yazdığımı da bilmirəm heç. Nəsə içimdən yazmaq keçdi, amma mənasız yazmaq. Nə olub elə, hamı hansısa mövzudan yazır, ətrafında fırlanır, arqument gətirir, fikirlərini izah eləyir. Biraz mənasız olmağı da bacarın, mənasız yazmağı da.

Amma mən onu ciddi sevirdim. O bunu mənə eləməli deyildi. Haqqı yox idi bunu eləməyə. İnsan bu qədər dəyişməməlidi. O qız haqda da bir gün yazacam mütləq. Necə mənim ümidlərimi sındırdığı haqda. Necə məni yanıltdı. Cəmi iki ilə oldu tükəzban. Normal düşüncəli, alternativ mədəniyyətlərdən birini mənimsəmiş adam idi. İkicə il əlaqəmiz kəsildi, o da oldu tükəzban. Əli Əkbərin dediyi kimi ev qızı. Seks sözünü eşidəndə “ay biraz mədəniyyətli ol” reaksiyasını verən, inş-i balacaynan allahı böyüklə (inşALLAH) yazan biridi indi. Mənim başıma niyə gəldi bunlar ? Heç mənə lazım idi? Nəisə, yazı sistemli getməyə başladı, biraz pozaq ahəngi.
Yuxum gəlir. Yatmaq lazımdı belə vaxtlarda. Amma hər şey mütləq olmalı deyil. İndidə azan başladı. Lazım idi bu mənə?
Sonra deyirlər niyə yatmırsan? Necə yatım ay bala bu səs küydə? Elə bil yolu keçmək istəyirsən, amma piyadalar üçün yaşıl işıq yanmır. Saniyədə də 3 dənə maşın 200-dən yuxarı sürətlə keçir. Sənə də deyirlər ki; "ay bala niyə yolu keçmirsən?"

Çalışıram ki, əlaqələrim, müqayisələrim mənasız olsun. Bilmirəm alınır görəsən?
Nəsə ee. Başım ağrıyırdı, dedim qoy biraz mənasızlaşım. Elə-belə yazdım. Altından “mənasızdı” yazıb özünüzü ağıllı göstərməyə də ehtiyac yoxdu. Çünki səndən qabaq özüm qeyd eləmişəm - mənasız yazıdı. Bəsdi gicdədim.

Sonda, hamını təbrik edirəm. Bu gün bayram deyil.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.