10.6.12

Biz maarifçiliyin davamıyıq - KÖŞƏ

Biz atdığımız hər bir addımın – keçirdiyimiz tədbirlərin, baş tutmuş aksiyaların, kitab və kino təqdimatlarının, əyləncəli partilərin, hüquqlarını qoruduğumuz hər bir tələbənin məsələsinin sonluğunda uğur görəndə səmimi-qəlbdən sevinirik, uğurla nəticələnməyən bir tədbiri özümüzə təkrar olunmaz bir səhv, bir cinayət kimi qəbul edirik. Buna səbəb isə atdığımız hər bir addımda öz müstəqil qərarımızın olması və onu maksimum Dalğa fəlsəfəsi, Dalğaçı kreativliyi və Dalğaçı səmimiyyəti ilə əhatə etməyimizdir.
Mən Dalğa Gənclər Hərəkatına təzə üzv olduğum zaman Dalğanın fəaliyyət fəlsəfəsi ilə tanış olmaq üçün Dalğada özümdən əvvəlki nəsillərə müraciət etdim. Cavabında Dalğa Gənclər Hərəkatının Bəyənnaməsindən başlayaraq, “Alma” qəzetində Dalğa ilə bağlı bir çox yazılar və Ramin Hacılının keçən ilin martında yazdığı və müxtəlif ajiotajla qarşılaşdığı “Seçdiyimiz Rəng(lər)” məqaləsi mənə məsləhət olundu. Oxuduqlarımın verdiyi təəsürat bir yana, Dalğanın fəlsəfəsi və 7 il ərzində keçdiyi yol gözümün qarşısında film kimi canlandı. Təəsüf ki, “Alma” qəzeti hal-hazırda yoxdur, amma qərara gəldim ki, bəzi məsələlərə aydınlıq gətirməklə yanaşı gələcək dalğaçılara mən də bir yazı əmanət edim.
Sədrliyə namizədliyimi irəli sürdüyüm gündən qərara gəldim ki, seçki öncəsi təbliğatı və sədr seçilib, Qurultayın etimadını qazanacağım təqdirdə fəaliyyətim bir addım da olsa ümumi Dalğa ideyasından, strateji xəttindən kənara çıxmasın. İndiyə qədər də çıxmamışam. Seçkilərdə şüarımı da Dalğanın simvolik şəxsiyyətlərindən olan Mahatma Qandinin “sevgi”sindən götürüb “Hər Kəsə Sevgi” dedim.
Bir çox şəxslərin, xüsusən Dalğanın fəaliyyətinin fövqündə duranların, hətta bəziləri qeyd etdiyi kimi özünə dalğaçı deyənlər amma realda gördüyüm qədər heç bir yeni dalğaçının fəaliyyətində mayak olmayan şəxslərin sualları ilə qarşılaşıram. Bu suallar belədir – “Dalğa kimə qarşıdır? Dalğaçılar nəyə qarşıdır? Dalğanın kursu dəyişib? Mən başa düşə bilmirəm, Dalğaçılar nə istəyir?”
Mən 7 illik hesabatları və bəyənnaməni oxuyan gündən bildim ki, Dalğa yalnız geriliyə qarşıdır. Mən öyrəndiyim qədər Dalğa ümumiyyətlə çağdaş bəşəriyyəti inkişaf etdirən proqressiv ümumbəşəri dəyərləri Azərbaycanda təbliğ edən, yayan və müdafiə edən hərəkatdır. Dalğa Həsən bəy Zərdabi və Mirzə Fətəli Axundovun əsasını qoyduğu maarifçilik cərəyanının və bu maarifçiliyin doğduğu Azərbaycan Demokratik Respublikasının davamıdır. Bu insanların uğrunda döyüşdüyü dəyərlər 100 ildir aktualdır. Biz eyni dəyərləri daşıyıb, eyni məqsədlər naminə çalışırıq. Bizim məqsədimiz Azərbaycanda gənclərin dünya tələblərinə cavab verəbiləcək təhsil ala bilməsi və onların dünya gəncləri ilə eyni səviyyədə rəqabətə davamlı olmalarıdır, bizim məqsədimiz Azərbaycanda dünyəvi quruluşun qorunub saxlanılması, tolerantlığın və fikir müxtəlifliyinin cəmiyyətin əsas meyarı olmasıdır, bizim məqsədimiz Azərbaycan qadınının cəmiyyətin bütün sahələrində iştirak etməsidir, bizim məqsədimiz Azərbaycan dövlətçiliyinin qurulması və qorunması uğrunda iştirak etmiş hər bir şəxsin adının tarixdə layiq olduğu yerdə qeyd olunmasıdır. Məgər biz bir addım da olsun bu yoldan döndük mü? Hətta qeyd edərdim ki, biz müəyyən mənada bu sahədə uğur da qazanmışıq, qələbələr əldə etmişik.
Dalğa Gənclər Hərəkatı M.Ə. Rəsulzadənin doğum günü aksiyalarında, ADR-in qurulduğu 28 may günü keçirilən aksiyalarında, M.Ə. Rəsulzadənin şəkli olan köynəklər çap edəndə polis tərəfindən təzyiqə məruz qalırdı. Dalğaçıların əynində əməliyyatçılar tərəfindən köynəklər cırılanda eşitdikləri ifədə belə idi – “Bəs bilmirsiniz ki, Rəsulzadə bu ölkədə qadağandır?!” Dalğa Gənclər Hərəkatı durmadı, keçən il – 28 may 2011-ci ildə M.Ə. Rəsulzadənin həyatı ilə bağlı Teyyub Qurbanın yazıçısı olduğu “Dönməzlik” romanını çap elətdirdi. Bu gün isə Azərbaycan Respublikasının Prezidenti başda olmaqla, Prezident Administrasiyasının şöbə müdiri, millət vəkilləri çıxışlarını ADR qurucularına həsr edirlər, Məhəmməd Əmin Rəsulzadəni, Fətəli Xan Xoyskini, Nəsib bəy Yusifbəylini, Əlimərdan bəy Topçubaşovu gələcək nəsillərə örnək bilirlər. Azərbaycan maarifçilik hərəkatını müasir Azərbaycan fəlsəfi təfəkkürünün banisi hesab edirlər. Bir gün belə yadımızdan çıxmayan Güney Azərbaycan məsələsini Dalğa gündəmə gətirəndə, bu məsələ demək olar ki, yaddan çıxmışdı. Bu gün dövlət rəsmiləri, Güney Azərbaycanda yaşayan 30 milyondan artıq soydaşlarımızı yada salıb, qorxmadan bu məsələni dillərinə gətirirlər. Hətta hakimiyyət yönümlü kimi demokratik düşərgədə tanınan gənclər də İran İslam Respublikasının səfirliyi önünə çıxırlar. Bu sadalanan faktlar böyük uğur, hətta deyərdim ki, müəyyən mənada qələbədir. Amma bu son deyil...
Sonda isə Ramin Hacılının müəllifi olduğu “Seçdiyimiz Rəng(lər)” məqaləsindən bir hissə əlavə edəcəm: “Avropanı günümüzdəki iştirakçı demokratiya modelinə gətirən ekzistensializm mədəni cərəyanı olub. Ekzistensializm ədəbiyyatda müəllifi öldürdüyü kimi, siyasətdə də fikri siyasətçinin rəngindən, irqindən, milli mənsubiyyətindən və mövqeyindən üstün səviyyəyə gətirib”.


Xanım Yadigarlı 
"Dalğa" Gənclər Hərəkatının sədri

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.