4.12.06

Hesabat / 2006-2007

•      12 fevral 2006-cı ildə «Half Way İnn» restoranında Dalğa GH-nin 1 yaşı qeyd olunub.
•      23 fevral 2006-cı il Açıq Cəmiyyət İnstitutunun «İSSR PLAZA» otelində təşkil etdiyi tədbirdə Dalğa GH-nin sədri Ramin Hacılı «Təhsildə rüşvətə qarşı mübarizəni necə aparılmalı?» mövzusunda məruzə edib.  
•      25 fevral 2006-cı ildə
www.xocalı.com saytının təqdimatı olub.
•      26 fevral 2006-cı ildə «Kopellhouse»da (Alman-Azərbaycan  Mədəniyyət  evi) Dalğa GH Xocalı soyqırımı ilə bağlı tədbir təşkil edib, tədbirdən sonra isə «Niyə susuruq?»  devizi ilə şəhərin mərkəzində aksiya keçirib. Aksiyada əcnəbi vətəndaşlara Xocalı soyqırımını özündə ehtiva etdirən fotolar paylanıb.

 •      17 aprel 2006-cı ildə Ramil Səfərovun hüquqlarının müdafiəsi məqsədi ilə 22 apreldə «Qələbə» kinoteatrının qarşısındakı meydanda mitinqin təhlükəsizliyini təmin etmək üçün Bakı şəhəri İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərilib.
•      18 aprel 2006-cı ildə müəllimlərin əmək haqlarının artırılması üçün  Azərbaycan Respublikası Prezidentinə müraciət edilib.
•      20 aprel 2006-cı ildə Bakı şəhəri İcra Hakimiyyəti heç bir əsas gətirmədən mitinqə icazə verməyib və Hərəkatın rəhbərliyi Bakı şəhəri Baş Polis İdarəsinə çağrılıb. İdarədə onlara icazəsiz mitinqin keçirilməməsi üçün xəbərdarlıq edilib.
•      24 aprel 2006-cı ildə Ramil Səfərovun hüquqlarının müdafiəsi məqsədi ilə 29 apreldə «Qələbə» kinoteatrının qarşısındakı meydanda mitinqin təhlükəsizliyini təmin etmək üçün Bakı şəhəri İcra Hakimiyyətinə xəbərdarlıq məktubu göndərilib. Xəbərdarlıq məktubunda mitinqin ssenarisi əksini tapıb.
•      24 aprel 2006-cı ildə «Təhsildə rüşvətsiz  1 il« kampaniyası çərçivəsində BMM-də tədbir keçirilib. Bu tədbirdə rüşvət almayan 18 müəllimin adı ictimaiyyətə açıqlanıb.
•      28 aprel 2006-cı ildə Bakı şəhəri İcra Hakimiyyəti heç bir əsas gətirmədən mitinqə icazə verməyib və Hərəkatın rəhbərliyi Bakı şəhəri Baş Polis İdarəsinə çağrılıb. İdarədə onlara icazəsiz mitinqin keçirilməməsi üçün xəbərdarlıq edilib.
•      3  may 2006-ci ildə metrolara və insanların gur olduğu yerlərə «Rüşvətsiz təhsil» yapışqanları vurulub.
•      6 may 2006-cı ildə Demokratiya ( Sahil ) bağında Dalğa Gənclər Hərəkatının bir qrup üzvü simvolik aksiya keçirib. Aksiya zamanı üzərində «Rüşvət öldü» yazılmış tabut insanların gur olduğu yerə qoyulub və üzərinə güllər düzülüb. Bununla cəmiyyətə «rüşvəti öldürmək» təklif olunub. Aksiyanın sonunda üç nəfər hərəkatçı polis tərəfindən saxlanılsa da, sonradan azad edilib.
•      10 may 2006-cı ildə Dalğa GH Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov barəsində məhkəməyə şikayət ərizəsi göndərib. Ərizədə Hərəkatın mitinq keçirməklə bağlı BŞİH-nə ünvanladığı xəbərdarlıq məktubuna heç bir əsas gətirilmədən icazə verilməməsi, bununla da sərbəst toplaşma azadlığı haqqında qanunun pozulması, vəzifə səlahiyyətlərindən sui istifadə edilməsi əsas göstərilib.
•      13 may 2006-cı ildə Dalğa GH-nin geniş toplantısı keçirilib, toplantıda qadınlarla iş üzrə departament yaradılıb və rəhbəri Əsmər Ramazanova seçilib. Toplantıda həmçinin qərara alınıb ki, «Təhsil haqqında» yeni qanun layihəsinin hazırlanmasında və ictimai müzakirəsində aktiv iştirak etmək üçün təkliflər paketi hazırlanaraq, parlamentə təqdim edilsin. Bu istiqamətdə işləyəcək xüsusi komissiya yaradılıb.
•      17 may 2006-cı ildə Norveçin Konstitusiya günü ilə bağlı tədbirdə Dalğa GH-nin sədri Ramin Hacılı iştirak edib.
•      20 may 2006-ci ildə Dalğa GH-nin yahoo groups-u yaradılıb:
dalga-gh@yahoogroups.com
•      26 may 2006-cı ildə Hərəkatın tələbələr arasında keçirdiyi sorğu nəticəsində adları  rüşvətdə hallanan 42 müəllimin siyahısı tərtib edilib və Milli Təhlükəsizlik Nazirliyinə göndərilib.
•      28 may 2006-cı ildə Dalğa GH ölkəmizdə fəaliyyət göstərən digər gənclər təşkilatları ilə birlikdə Respublika Günü münasibəti ilə M.Rəsulzadənin heykəlini ziyarət edib.
•      31 may 2006-cı ildə Norveçin hakim partiyasının gənclər təşkilatının  Azərbaycanda səfərdə olan  nümayəndələri  ilə Dalğa GH-nin üzvləri görüşüb. Görüşdə Azərbaycanda gənclər sektorunun inkişafı, demokratiya və insan haqlarının qorunması istiqamətində əməkdaşlıq məqbul hesab edilib.
•      26 iyun 2006-cı ilə millət vəkili və Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə ilə görüş keçirilib. Görüşdə dünyada gedən proseslər və Azərbaycanın rolu, həmçinin ölkəmizin gələcəyi üçün Azərbaycan gəncliyinin əhəmiyyəti mövzusunda fikir mübadiləsi aparılıb.
•      26 iyun 2006-cı ildə molla rejimi tərəfindən öldürülən Güney Azərbaycanda haqları uğrunda mübarizəyə qalxan yüzlərlə Azərbaycan türklərinin ruhunu yad etmək üçün Dalğa GH-nin üzvləri Şəhidlər Xiyabanına gedərək, anım mərasimi keçirib.
•      28 iyun 2006-cı ildə «Neft gəlirləri: şəffaflıq, ictimai nəzarətin təşkilində gənclərin rolu» mövzusunda konfransda Dalğa GH-nin 32 üzvü istirak edib.
•      7 iyul 2006-cı ildə BMM-də magistraturaya imtahan vermək istəyən oğlan bakalavrların qarşılaşdıqları problemlə bağlı cəmiyyəti məlumatlandırmaq məqsədi ilə mətbuat konfransı keçirilib.
•      8 iyul 2006-cı ildə magistraturaya imtahan vermək istəyən oğlan bakalavrların qarşılaşdıqları problemlə bağlı Prezidentə, TDQK-ya, Təhsil Nazirliyinə və Hərbi Komissarlığa müraciət edilib. Müraciətdə problemin həlli üçün konkret addımların atılması tələb olunub.
•      10 iyul 2006-cı ildə Təhsil Nazirliyinin qarşısında magistraturaya imtahan vermək istəyən oğlan bakalavrlara imkan yaradılması tələbi ilə aksiya keçirilib.
•      12 iyul 2006-cı ildə ABŞ səfirliyində Dalğa GH-nin rəhbərliyi ilə siyasi məsələlər üzrə səfirin müşaviri xanım Rebeka J.Naslınd və səfirliyin siyasi məsələlər üzrə mütəxəssisi Fəxri Abbasovla görüş keçirilib.
•      13 iyul 2006-cı ildə saat 19:00-dan 20:30-dək «Kopellhouse»da (Alman-Azərbaycan mədəniyyət evi) Dalğa GH-nin təşkilatçılığı ilə  «Sağlam Azərbaycan və dünya incəsənətinin mücərrəd vəhdəti» adlı gənc rəssamların sərgisi və gənc ifaçıların konserti olub.
•      18 iyul 2006-ci ildə TQDK-nın qarşısında magistraturaya imtahan vermək istəyən bakalavrlara imkan yaradılması tələbi ilə piket keçirilib.
•      19 iyul 2006-cı ildə köhnə «26-lar bağı», indi isə Sahil bağı adlanan parkın Demokratiya bağı adlandırılması, Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə burada abidənin ucaldılması ilə bağlı Prezidentə, Bakı Şəhəri İcra Hakimiyyətinə və Səbail rayon İcra Hakimiyyətinə müraciət edilib.
•      22 iyul 2006-cı ildə Dalğa GH-nin sədri Ramin Hacılı və təşkilat məsələləri üzrə koordinator Ülvi Həsənli İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu ilə görüşərək, maarifçilik məqsədi ilə  mərkəzin materiallarının gənclər arasında yayılması üçün əməkdaşlıq etmək qərarına gəlinib.
•      24-27  iyul 2006-ci ildə Təhsil Könüllüləri layihəsi çərçivəsində Gəncə şəhərinə səfər edilib. Səfərin ilk günü Açıq Cəmiyyət İnstitutunun yerli ofisində 68 gəncin iştirakı ilə seminar keçirilib. Səfərin ikinci günündə Milli Demokratiya İnstitutunun regional ofisində liderlik mövzüsunda seminar-treyninq keçirilib.
•      1 avqust 2006-cı ildə Dalğa GH BMM-də bu günə qədər «Təhsildə rüşvətsiz 1 il» kampaniyası çərçivəsində gördüyü işlərlə bağlı media qarşısında hesabat verib və bundan sonrakı fəaliyyət istiqamətlərini açıqlayıb.
•      1 avqust 2006-cı il Dalğa GH-nin günü elan edilib və bu gün çərçivəsində gənclərlə bağlı müxtəlif əyləncəli tədbirlər həyata keçirib.
•      3 avqust 2006-cı ildə Özbəkistanda qadın məsələləri ilə bağlı fəaliyyət göstərən QHT rəhbərləri ilə Dalğa GH-nin Qadınlarla İş üzrə komissiyasının görüşü keçirilib.
•      5  avqust 2006-cı ildə Dalğa GH-nin geniş toplantısı keçirilib və toplantıda Hərəkatın rənginin qırmızı, simvolunun isə «qırmızı alma» olması qərara alınıb. Toplantıda 2 oktyabr 2006-cı ildə Dalğa GH-nin qurultayının keçirilməsi qərara alınıb.
•      27 avqust 2006-cı ilə Dalğa GH  7 nəfər üzvün iştirakı ilə «Təhsil Könüllüləri» layihəsi çərçivəsində Bərdə Şəhər Gənclər Mərkəzində 32 gəncin iştirakı ilə seminar keçirib.
•      Səfər zamanı  Bərdədə fəaliyyət göstərən və bu bölgədə ən aktiv gənclər təşkilatı olan    «Gələcəyə İnam» Gənclər İctimai Birliyi ilə görüş keçirilib, bundan sonra birgə əməkdaşlığın daha da dərinləşdirilməsi qərara alınıb.
•      1 sentyabr 2006-cı ildə Dalğa GH-nin sədri Ramin Hacılı istefa verib. Buna onun siyasi fəaliyyətlə məşğul olmaq istəyi səbəb olub.
•      5 sentyabr 2006-cı ildə Dalğa GH-nin Gəncədə yeri şöbəsi yaradılıb (Dalğa Gənclər Hərəkatının Gəncə regional ofisi). Ofisin rəhbəri Tərlan Əsgərov seçilib.
•      6 sentyabr 2006-cı ildə Hərəkatın Bakıdan və Gəncədən olan 14 üzvü «Təhsil Könüllüləri» layihəsi çərçivəsində Qax rayonunda yerli gənclərlə görüş keçirib və gələcəkdə yerli ofisin yaradılması üçün hazırlıqlara başlanılıb.
•      7 sentyabr  2006-cı ildə Zaqatalada səfərdə olan «Təhsil Könüllüləri» 52 gəncin iştirakı ilə Zaqatala Mədəniyyət evində seminar-treyninq təşkil edib.
•      7 sentyabr 2006-cı ildə Hərəkatın 2 üzvü Balakənə gedərək, orada gələcəkdə seminar-treyninqin təşkil olunması üçün hazırlıq işləri görüb.
•      11 sentyabr 2006-cı ildə Hərəkatın fəalları ABŞ səfirliyi qarşısında məlum 11    Sentyabr terror aktını pisləyən bəyanatla çıxış edib. Hərəkatçılar terror aktı nəticəsində dağıdılan «əkiz binaların» maketini səfirlik qarşısına qoyaraq, bu akt nəticəsində həlak olan insanların xatirəsini yad etmək məqsədi ilə əklil qoyub.
•      12 sentyabr 2006-cı ildə Dalğa GH BMM-də «Təhsil Könüllüləri» layihəsi çərçivəsində həyata keçirilən tədbirlər barəsində ictimaiyyətə məlumat verib. Qurultaya hazırlıq üzrə təşkilat komitəsi ictimaiyyəti qurultaya hazırlıqla bağlı görülən işlər barəsində məlumatlandırıb. Mətbuat konfransında çıxışı zamanı Hərəkatın koordinatoru Rövşən Nəcəfov rüşvətə qarşı bundan sonra görüləcək işləri önə çəkib.
•      17 sentyabr 2006-cı ildən etibarən Dalğa Gənclər Hərəkatının layihəsi olan «Alma» qəzeti nəşrə başlayıb. Məqsəd yeni düşüncə tərzini və gənc liderləri təqdim etmək, ölkənin aparıcı ictimai qəzetinə çevrilməkdir.
•      2 oktyabr 2006-cı ildə Dalğa Gənclər Hərəkatının ilk qurultayı keçirilib. Qurultayda gizli səsvermə yolu ilə Hərəkatın yeni sədri Ülvi Həsənli, birinci mavini isə Turanə Rəsulova seçilib.
•      3 oktyabr 2006-cı ildə qurultayın ikinci günündə koordinatorlar, komissiya rəhbərləri, ali məktəblər üzrə kuratorlar və nəzarət təftiş komissiyası formalaşdırılıb.
•      17 oktyabr 2006-cı il Dalğa GH Ayaz Salayevin rejissorluğu və «İnternyus-Azərbaycan»ın təşkilatçılığı ilə çəkilmiş «O uzaq yaxın kənd» filminin nümayişini və müzakirəsini təşkil edib.  
•      5-12 noyabr 2006-cı il Dalğa GH tərəfindən təhsil həftəsi elan edilib. Həftənin ilk  3 günü ali və orta məktəblərin həyətlərində, eləcə də şəhərin müxtəlif yerlərində gənclərə 50000-dən çox vərəqə paylanıb. Vərəqələrdə gənclər həftə sonunda əllərinə ağ kağız alaraq, şəhər gəzintisinə dəvət edilib.
•      10 noyabr 2006-cı ildə «Təhsil haqqında qanun ictimai müzakirəyə çıxarılsın!» tələbi ilə Milli Məclis qarşısında aksiya keçirilib. Aksiya zamanı gənclər rəqs edib, kart oynayıbm. Bununla da təhsil qanunu olmayan ölkənin gələcəyi təsəvvür edilib.
•      11 noyabr 2006-cı il şəhərın mərkəzində Dalğa GH təşkilatçılığı ilə əllərində ağ vərəq tutmuş gənclərin yürüşü olub. Bununla ictimaiyyətin diqqəti təhsildə qanun boşluğunun olmasına yönəldilib.
•      22  noyabr 2006-cı ildə azad mətbuata təzyiqlərə son qoyulması tələbi ilə hərəkat fəalları aksiya keçirib. Aksiya zamanı «Azadlıq» qəzetinin binası simvolik olaraq yuyulub.
•      24 noyabr 2006-cı ildə «Azadlıq» qəzetinin binasının əlindən alınmasına etiraz əlaməti olaraq, hərəkat fəalları kütləvi şəkildə məhkəmə qarşısında «Azadlıq» qəzeti oxumağa başlayıb. Aksiyaya polis müdaxilə edib və qəzetlər gənclərin əlindən alınıb.
•      29 dekabr 2006-cı ildə «İnternyus Azərbaycan» Dalğa GH haqqında film çəkib.
•      1-30 yanvar 2007-ci ildə Dalğa GH universitetlərdə imtahanların gedişini izləmişdir.
•      10 yanvar 2007-ci ildən etibarən qiymətlərin Tarif Şurası tərəfindən qaldırılmasına və insanların sosial vəziyytinin pisləşməsinə etiraz  olaraq, Dalğa GH virtual aksiyalara başlamışdır.
•      12 fevral 2007-ci ildə Dalğa GH-nin yaranmasının 2-ci ildönümü münasibəti ilə Jazz Centerdə tədbir keçirilmişdir. 

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.