7.3.10

Azərbaycan Davası

28 Mayıs 1918 Milli Azərbaycan hərəkatının ən böyük günüdür. Bundan 34 il öncə, Milli Şura tərəfindən Azərbaycanın istiqlalı elan olunmuşdu; bu tarixdə Türk və Müsəlman aləmində, ilk dəfə, milli Xalq hakimiyyətinə dayanan bir cümhuriyyət qurulmuşdur. 
Yüz il öncə, ayrı ayrı, 9 xanlıq halında Çarlığın hakimiyyəti altına düşən Azərbaycan, Birinci Dünya Hərbi nəticəsində çökən Rusiya İmperatorluğunun ənqazı (xaraba viranə) altından siyasi bir bütün, bir millət, bir dövlət olaraq qalxdı.
12 Ocaq (yanvar) 1920-də Böyük Dövlətlər tərəfindən istiqla¬lının tanınması üzərinə, Azərbaycanın davası millətlər arası bir məsələ halına gəldi.
Azərbaycan cümhuriyyəti sadəcə dünya ensiklopediyaları ilə Birinci Dünya Hərbindən bəri dürlü lisanlarda basılan kitab, xəritə və atlaslarda qeyd edilməklə qalmayıb, eyni zamanda böyük-kiçik, uzaq-yaxın ilgili bütün dövlətlərin arxivlərində Azərbaycan davasına aid dosyalar (sənədlər toplusu) vardır.
Siyasi "Garte du visite”i 1918-də dünyaya təqdim olunan Azərbaycan hərəkatının ömrü sadəcə 36 il deyildir, əlbəttə!
Azərbaycan Türk xalqının tarixi gəlişmə seyrində 28 Mayıs 1918, siyasi bir olqunluğunun mühüm bir mərhələsidir.
Aləmşümul kültür dəyərlərinə və dürlü çaqlarda yaşanmış siyasi istiqlal və hakimiyyət xatirələrinə malik bulunan Azərbaycanın tarixi bilhassə Yaxın Doğu İslam şərtləri daxilində gəlişmişdir. Son yüz il içində bu gəlişmə Qafqasya müqəddəratı ilə ilgili olaraq müəyyən özəlliklər ərzetmişdir.
Cümhuriyyətin qurulmasına təqəddüm (irəliləmək) edən dövrdə Azərbaycan topluluğunda əsaslı üç fikir cərəyanı təbəllür (saflaşma, durulaşma) etmiş bulunurdu. Bunlardan biri, dini düşünüş gərəyincə, milliyyət fikrinə xor baxan İslami ittihatçılıqdı. Buna müqabil, yenə milliyyət ayrılığını rədd edən kosmopolit bir fikir cərəyanı - sosializm vardı. Biri sağçı, digəri solçu bu hər iki kosmopolit cərəyana Azərbaycan çərçivəsi daxilində qalmaq çox dar gəlirdi. Azərbaycan məfhumu onları təmin etmirdi. Onlar üçün ya "Rusiyada Müsəlmanlıq" ya da "Rusiyada Sosializm" vardı. Milli olmayan bu cərəyanların arasında milli Azərbaycan milliyyətçiliyi mərkəzi bir mövqedə bulunurdu.
Tarix və kültür anlayışında Türkçü olan bu milliyyətçi zümrə, siyasi alanda Azərbaycan muxtariyyət və istiqlalını hədəf tuturdu.
Azərbaycan Türk özəlliyinin formulunu verən və Rusiya hakimiyyətindəki Türk elləri üçün milli-məhəlli muxtariyyətlər halında öz müqəddəratlarını müstəqilən idarə etmə tələbini irəli sürən canlı bütün qüvvətlər Azərbaycanda "Müsavat" Xalq Firqəsi ətrafında birləşmiş bulunurlardı.
1911 ilindən bəri gizli fəaliyyətdə bulunub, Rusiyada partlayan inqilab üzərinə, 1917də təşəkkül edən "Türk Ədəmi Mərkəziyyət Firqəsi" ilə birləşən "Müsavat" partiyasının Bakıda toplanan ilk konqresi sadəcə Azərbaycan tarixində deyil, Rusiya məhkumu bütün Türk ellərinin yaxın tarixində də mühüm bir hadisə olmuşdu. Qəbul etdiyi proqramda Azərbaycan muxtariyyətini cəsarət və sərahətlə (səhihliyi, aydınlığı) təsbit edən bu firqə, o gündən etibarən, Gürcülərdə Menşevik, Ermənilərdə Daşnak partiyaları kimi, Mavərayi Qafqasya həyatında Azərbaycan Türklüyünü təmsil edən üçüncü bir qüvvət halına gəlmişdi. Daşnak, Menşevik, Müsavat isimləri dost, düşmən bütün dillərdə dastandı. Bu üç ismi təsrif (istədiyi kimi dəyişmə) etmədiyi Bolşeviklər bilhassə sevərlər. Gərək düşmən, gərəksə Azərbaycandan əlaqə ilə bəhsedən dostlar üçün "Müsavatizm" Azərbaycan patriotizminin bir müradifidir (bir-birinin ardınca gələn).
1917 ilinin Aprelində Bakıda toplanan "Qafqasya Müsəlmanları Qurultayı" ilə eyni ilin Mayısında bütün Rusiya Müsəlmanlarının Moskvada toplanan qurultayında bu tezisi müdafiə edənlər "Müsavat" firqəsinə mənsubdu.
Rusiya Qurucular Məclisinə yapılan seçim əsnasında bu seçimdə iştirak edən Azərbaycan partiyalarından yalnız "Müsavat" firqəsinin bəyannaməsində Azərbaycan muxtariyyətindən bəhs edilirdi.
Sonra, 1918 Mavərayi Qafqasya Seymində eyni Azərbaycan tezisini yalnız "Müsavat" firqəsi ilə "Tərəfsizlər Bloku" namına oxunan açıqlamada bulunuruz.
Seymin dağılması üzərinə, Azərbaycan cümhuriyyətinin istiqlalını elan edən Şurayi Millidə bütün partilərin artıq istiqlalçı olduqlarını görürüz.
Azərbaycan davasının yaxın tarixində müəssir (təsir edən, iz buraxan) bir rol oynayan fikir cərəyanları ilə müəssəsələrinin tarixi məsnədləri (dayaqları) bunlardır. "Davamız"ın yaxın tarixindən bəhs açanların hər şeydən əvvəl, bu obyektiv hadisə və vaqelər (olan, baş verən) üzərində durmaları lazım gəlir. Böylə yapılırsa dava tarixi əsaslara, fikirlərə və fikir müəssəsələrinə bağlanmış olur.
Milli böyük bir davanı şəxslərə bağlamaq və onu parlament və ya hökumətdə bulunmuş olan bir düzinə (xeyli) münfərid (tək, təkbaşına) insanların vərəsəlik malı kimi əddetmək (aid etmək) çox xətalı bir anlayışdır. Şurayi Millidən də, parlamentodan da öncə Azərbaycan muxtariyyət və istiqlal fikrini təəzzüv (üzv olma) etdirən və bunu sağdan-soldan gələn bütün müxalifətə qarşı savunan (müdafiə olunan) bir müəssəsənin varlığını inkar və ya ihmal (bigənə) etmək milli davaya zərərdən başqa bir şey verməz. "Davamızı" fikir müəssəsələrinə deyil münfərid (tək, təkbaşına) şəhislərə bağlayanlar, mənsub olduqları millətin inkişaf etməmiş ibtidai bir cəmiyyət olduğunu bəlirtmiş (müəyyənləşmiş) olduqlarının fərqində olmayanlardır. "Davamız"ın yaxın tarixini, tariximizdəki fikir müəssəsələrindən təcrid edərək izaha qalxışanlar, bilərək və ya bilməyərək, tarixi təhrif edənlərin ta özləridir.
Tarixdə fikirlərin əhəmiyyəti var da şəxslərin heç bir dəyəri yoxmudur? Əlbəttə vardır. Fəqət, bu dəyər şəxslərin fikirlərə sədaqətləri və fikir müəssəsələrinə bağlılıqları nisbətindədir. Bu sədaqət və bağlılığın şəkil və dərəcəsi ancaq, bir şəxsi bir şəxsiyyət mərtəbəsinə ulaşdırır (çatdırır). Tarixdə dəyər və əhəmiyyət kəsb edən şəxslər, işdə, müəyyən fikir cərəyanlarına və müəssəsələrinə bağlanan, onlara simvol olan şəxsiyyətdir.
"Davamız"ı anladırkən onu hali hazırda yalnız "üç kişi"nin baqi (daimi, əbədi) qaldığı bir listəyə bağlamaq və bu yaşayanları o ölənlərin siyasi biricik (vahidlik) varisi kimi görmək salim (sağlam) bir düşüncənin əsəri sayılamaz, təbii!..
Davamız, Azərbaycan davasıdır; bu, tarixi və milli bir davadır. Yuxarıda qeyd etdiyimiz kimi, bu davanın tarixi fikir müəssəsələri və onları qanlarıyla və canlarıyla təqdis etmiş qəhrəmanları vardır. Bu qəhrəmanlar, sadəcə Milli Şura, Parlament və ya hökumətə mənsub olan şəxslərə inhisar etməz. İçlərində milli ideala, Azərbaycan fikrinə, yəni "Davamıza" ihanət (xəyanət) etmiş olanların da, maələsəf (təəssüflər ki), bulunduğu bu təşəkküllər dışında, şairimizin "Buzlu Cəhənnəm" dediyi sürgün yerlərində şəhadət camını içən, Xəzərin qanlı sularında ayaqlarına daşlar bağlanaraq boğdurulan neçə qurbanlarımız, şəhidlərimiz vardır.
Sadəcə hökumət və ya parlament üzvü olmaq, insana özəl bir imtiyaz və şərəf verməz. Əsil imtiyaz, əsil şərəf ideyaya sədaqətdə və ona hüsnüniyyət və səmimiyyətlə bağlı qalmaqdadır.
Parlament və hökumət dışında Firidun Köçərlilər, Piri Mürsəlzadələr, İslam Qabulzadələr, Mirzə Abbaslar, Müəllimə Vəsilə Xanımlar, Qasımzadə Qasım Bəylər, Rəfibəyli Xudadad Bəylər, Şair Hüseyn Cavid ilə Əhməd Cavadlar; gənc öyrənci və zabitlərdən Ağa Kərim Əlizadə, Ağa Səlim Rəhimzadə, Salman Rəhimzadə, İbrahim Axundzadə, Dr. Dadaş Həsənzadə və sairləri kimi namü nişanı zikredilməyən daha neçə qurbanlarımız və şəhidlərimiz vardır. Azərbaycan cəlladı Bağırovun bir raporunda qeyd olunduğu kimi 52-dən ziyadə qanlı xalq üsyanlarında fədakaranə ölən minlərcə igid partizanlarımızı da unutmuyalım. Gənc ordumuzun şəhid komandanları Həmid Qaytabaşıları, Süleyman Paşa Sulkeviçləri, Dilhas Murad Gərayları, İbrahim Ağaları, Səlimov Həbib Bəyləri və bir çox digərlərini də zikredəlim.
İsimləri və xatirələri hamımıza əziz olan Fətəli Xan, Nəsib Bəy, Həsən Bəy, Səməd Paşa, Əbuzər Bəy, Məhmət Bağır Bəy, Müseyyib Bəy, Murtuza Bəy, Rahim Bəy və sairə kimi keçmiş və milli iradəyə ihanət (xəyanət) etmiş Qarayevlər, Qarabəyovlar kimi bədbaxtlar da, maaləsəf, Parlamentoda üzv olmuşlardır.
Ümumi bir xülasə yapılırkən, ana fikir müəssəsələrindən və bunları təmsil edən şəxslərdən bəhs etmək qaçınılmaz bir zərurətdir. Tarixdə isimlərini fikir müəssəsələriylə(quran, meydana gətirən) sımsıxı bağlamış şəxsiyyətlər vardır. Bunlardan bəhs etmək qədər təbii və normal bir şey ola bilməz. Bu bütün fəaliyyətləri bir tək şəxsə ətfetmək (istinad etmək) demək deyildir, əlbəttə!..
Davanı əsas fikir sistem və müəssəsələrindən ayıraraq, avtomatik surətdə, müəyyən dövrdə, rəsmi hərhanki bir sifət və ya ünvan daşımış insanlara ancaq bağlarsaq, fani olan bu fərdlərin meydandan qalxmasıyla dava da bitmiş olur. Halbuki, Azərbaycan davası belə üç - beş kişinin həyatilə ölçüləcək kiçik bir dava deyildir. Onun şühəda qanıyla təqdis (müqəddəs sayılma) edilmiş fikir müəssəsələri vardır. Bu müəssəsələr baqidir (əbədidir). Azərbaycan Parlamentosunu da hökumətini də doğuran bu fikir sistemi, qızıl istila altında bilhassə qüvvətlənmiş gənc nəslin müqavimətilə çəlikləşmiş (poladlaşmış) və mühacirətdə illərdən bəri davam edən mücadilə sayəsində sarih (açıq, aydın) formulunu bulmuşdur. Milli nəşriyyat və müəssəsələr tərəfindən bu davanın ideoloji bütün səhifələri incədən incəyə işlənmişdir. Böylə bir hərəkatın müqəddəratı, şübhəsiz ki, üç beş faninin həyatına münhəsir (həsr edilmə, məxsus olma, hüdudlaşma) qala bilməz.
Ciddi bütün davalar kimi, Azərbaycan davasının da qüvvət və həyatiyəti, bu böyük fikrin, istiqlal ideolojisinin nəsildən nəslə keçməsindədir. Yeni nəsil, əski nəslin savunduğu (müdafiə etdiyi, qoruduğu) idealı mənimsər və bu ideal uğrunda çalışmış başlıca fikir müəssəsə(qurucu) və şəxsiyyətlərini idealizə edərsə bunu, dava namına, müsbət bir hadisə olaraq qəbul etməliyik.
Yaxın tariximizdə davanı haqqilə təmsil edən fikir müəssəsələrini ihmal ilə sadəcə münfərid (təkbaşına) şəxslərə mal etmək, Azərbaycan toplulugunun gəlişməmiş ibtidai səviyyədə olduğunu söyləmək olur, halbuki, 1918-də istiqlalını elan edərkən, Azərbaycan Türklüyü, siyasi fikir cərəyanlarına malik olqun bir topluluqdu. Orada Rusiya əsarətindəki bütün Türk topluluqlarına örnək olacaq milli demokrasi ideolojisilə siyasi bir firqə vardı ki, Türklüyün federalist cərəyanını təmsil edirdi.
O zamankı şərtlər daxildə, Türkçülüyün, "Müsavat" firqəsində təmsil olunan bu cərəyanı, hadisələrin gəlişməsiylə, Türkiyədə Atatürk Cümhuriyyətinin, əski Rusiyada isə dürlü Türk Cümhuriyyətlərinin qurulması ilə həyatiyətini isbat etmişdir.
Bulundugumuz mühacirət şərtləri daxilində, Azərbaycan davası naminə birləşmək, milli davanı yaşatmış və ya yaşadan fikir sistem və müəssəsələrinə hörmət etməklə olur. Bunun üçün hər türlü kiçik hesablardan və mərəzi (xəstə) hisslərdən sıyrılaraq ana fikrə önəm vermək lazımdır.
Yaxın keçmişi inkar və müşəxxəs (tanınmış) ideya və şəxsiyyətləri çürütmək qeyrətiylə meydana atılanlar, bilərək və ya bilməyərək, böyük davanı kiçildənlərdir. Bu xüsusda hamımızın çox titiz (son dərəcə ciddi) və diqqətli olmamız icab (zərurət, ehtiyac) edər.
Bunu bilməliyik ki, "Davamız" fani üç kişinin inhisarına alınacaq qısır bir dava deyildir. O nəsildən nəslə dövredilən fikir müəssəsə və şəxsiyyətlərinə sahib vələd (övlad) bir davadır. Təcrübəli böyükləri ilə dəliqanlı gənclərini qopmaz ideal və fikir təsanüdiylə bir-birinə sımsıxı bağlayan bir dava!..
Dünkü idealist nəsil ilə bu künkü idealist nəsli bir birinə bağlayan, bundan 36 il öncə, 28 Mayıs 1918-də, istiqlal bəyannaməsini intaç (nəticə vermə, nəticələndirmə) etdirən böyük fikir hərəkatıdır.
İstər ölmüş olsun, istər həyatda bulunsun, istər yaşlı olsun, istər gənc olsun, istər əski mühacir, istərsə yeni mühacir olsun bütün azərbaycanlıların bu müəzzəm (böyük əhəmiyyətli) hərəkatdakı mövqe və şərəfləri, əsas ideolojiyə göstərdikləri və göstərəcəkləri sədaqət, bağlılıq və hizmətləriylə mütənasibdir.
Bütün məsələ, bu xüsusda titiz (son dərəcə ciddi) davranmaqla bərabər, mötədil bir ölçüyə malik olmaq, hadisə, müəssəsə və şəxsiyyətləri təqdirdə vətənsevərlik icabı olaraq, ədalət və insaf hissindən ayrılmamaqdır.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.