7.3.10

AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ VƏ MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ

Müəllif: Ülvi Musayev.


1918-1920-ci illər Azərbaycan tarixinin şərəfli bir dövrünü əhatə edir. 1918-ci il mayın 28-də Azərbaycan Milli Şurası Azərbaycanın istiqlalını elan edərək, Azərbaycan xalqının öz müqəddəratını özünün təyin etməyə qadir olduğunu nümayiş etdirdi.
AXC-nin elan edilməsi, onun iki illik hakimiyyəti dövrü bir sıra səciyyəvi cəhətlərinə görə milli tariximiz üçün əhəmiyyətlidir. AXC-ni yaradan şəxslər Azərbaycan millətinin şərəfini xilas edərək XIX əsrin əvvəllərində itirilmiş milli dövlətçiliyi bərpa etdilər. AXC qısa vaxtda özünün hökumətini, parlamentini, ordusunu yaratdı. AXC bütün Şərqdə, islam və türk dünyasında ilk demokratik respublika idi. Bu dövrdə dövlət quruculuğu işi hüquqi əsaslarda aparılmış, hüquqi dövlətin əsas təsisatları formalaşmışdı. Milli mədəniyyətin inkişafı dövlətin əsas vəzifələrindən biri elan edilmişdi.
AXC-nin yaradılmasında, onun fəaliyyətində “Müsavat” partiyası və onun lideri, milli öndər Məhəmməd Əmin Rəsulzadə böyük rol oynamışdır.
1918-ci ilin əvvəllərində Cənubi Qafqazda vəziyyət son dərəcə mürəkkəb olaraq qalırdı. Sovet Rusiyasının Almaniya ilə Brest-Litovskda sülh danışıqları boşa çıxdıqdan sonra 1917-ci il dekabrın 6-da alman-türk qoşunları hücuma keçmişdilər. Belə bir vəziyyətdə Zaqafqaziya Komissarlığı Qafqazın Sovet Rusiyasından asılı olmayan müstəqil idarə formasını yaratmaq siyasəti yeridirdi. Zaqafqaziya Seymi bu ideyanı həyata keçirdi.
1918-ci il fevralın 22-də Cənubi Qafqazdan Ümumrusiya Müəssislər Məclisinə seçilmiş deputatların Tiflisdə keçirdikləri yığıncağında Zaqafqaziya Seyminin yaradılması və yerli hakimiyyətin bu orqana verilməsi haqqında qərar qəbul edildi.
1918-ci il fevralın 23-də üç əsas partiya fraksiyalarının (Gürcüstan sosial-demokratları – menşeviklər, müsavatçılar, daşnaklar) nümayəndələrindən ibarət olan Zaqafqaziya Seymi öz işinə başladı. Seymdə Gürcüstandan sosial-demokratlar (menşeviklər) – 32 nəfər, Azərbaycandan müsavatçılar, onlara qoşulmuş bitərəf demokratlar – 30 nəfər, ermənilərdən “Daşnaksütyun” partiyasından olanlar – 27 nəfər deputat iştirak edirdi. Bundan əlavə, sosial-inqilabçılar (eserlər), milli demokratlar, Erməni Xalq Azadlıq Partiyası, Müsəlman Sosialist Bloku – 7 nəfər, “Rusiyada Müsəlmanlıq” (İttihad) partiyası - 3 nəfər və menşevik hümmətçilər partiyası - 4 nəfər deputatla Seymdə təmsil olunmuşdular (1).
Zaqafqaziya Seymində Azərbaycan siyasi partiyalarının 44 nümayəndəsi var idi. Seymin müsəlman fraksiyasının lideri Məhəmməd Əmin Rəsulzadə idi.
Zaqafqaziya Seymi Y. Gegeçkori başda olmaqla Zaqafqaziya hökumətini təşkil etdi.
Seymin qarşısında duran əsas məsələlərdən biri Osmanlı dövləti ilə sülh danışıqları aparmaq idi. Danışıqlar aparmaq üçün üç Cənubi Qafqaz millətinin parlament fraksiyalarını təmsil edən siyasətçilər qrupundan nümayəndə heyəti təşkil olunmuşdu. A. Çxengelinin başçılıq etdiyi nümayəndə heyətindəki azərbaycanlılar – müsavatçılar Məhəmməd Həsən Hacınski və Xəlil bəy Xasməmmədov, sosialist blokunun üzvü İbrahim Heydərov, ittihadçı Mir Yaqub Mehdiyev və menşevik-hümmətçi Əkbər ağa Şeyxülislamzadədən ibarət idi. Martın 12-də bütün qrup üzvləri danışıqların başlanacağı Trabzona gəldilər (2).
1918-ci il martın 3-də Brest-Litovskda Sovet Rusiyası Almaniya və onun müttəfiqləri (“Dördlər ittifaqı”) ilə separat müqavilə imzalamışdı və onun bir şərtinə görə Ərdəhan, Qars və Batum Türkiyəyə verilməli idi. Zaqafqaziya Seymi Brest-Litovsk sülhünün bu şərtini qəbul etmədi və Petroqrada Xalq Komissarları Sovetinə teleqram göndərərək bildirdi ki, Brest sülhünü tanımır, çünki Zaqafqaziya heç vaxt bolşeviklərin və XKS-nin hakimiyyətini qəbul etməmişdir. Türkiyə isə Brest sülhünün qərarlarına əsaslanaraq Zaqafqaziya Seyminə Ərdəhan, Qars və Batumu dərhal boşaltmaq haqqında ultimatum verdi. 1918-ci il martın 14-də Trabzonda Türkiyə və Zaqafqaziya Seyminin nümayəndə heyətləri arasında sülh konfransı açıldı.
Konfransda Türkiyə nümayəndəliyi bu mövqedə idi ki, əgər Zaqafqaziya beynəlxalq hüququn subyekti olmaq istəyirsə, tezliklə Rusiyadan ayrılmalı və öz müstəqilliyini elan etməlidir. Türkiyə tərəfi qətiyyətlə bəyan etdi ki, Zaqafqaziya Seymi ilə sülh Brest-Litovsk müqaviləsinin məlum şərti əsasında bağlanacaq.
Martın 25-də Seymin Rəyasət Heyətinin və fraksiya nümayəndələrinin birgə iclasında bütün Azərbaycan deputatları Türkiyənin ultimatumunu qəbul etməyin tərəfdarı olaraq Türkiyə ilə müharibə aparılmasına razı olmadıqlarını bildirdilər.
Türkiyə tərəfi güzəştə getmək istəmirdi. Həmçinin Zaqafqaziya rəhbərliyi reallıqla hesablaşmırdı. Ona görə də danışıqlar pozuldu.
Artıq aprelin 10-da məlum oldu ki, Batum istisna olmaqla, osmanlılar tələb etdikləri ərazilərin hamısını ələ keçiriblər (3).
Aprelin 13-də Seymin, hökumətin və fraksiya nümayəndələrinin birgə iclası keçirildi. Belə bir vəziyyətdə Türkiyə ilə müharibə məsələsində tam yekdillik yox idi. Hümmətçilər öz əvvəlki mövqeyini dəyişərək bu məsələdə gürcü menşevikləri ilə birgə olacaqlarını bildirdilər. Müsəlman Sosialist Bloku isə müharibəyə tərəfdar olmasa da öz mövqeyini bildirməyib Seymdə müstəqil hərəkət etmək fikrində idi. Problemə münasibətdə mövqeləri bir-birinə yaxın olan müsavatçılar, bitərəflər qrupu və ittihadçılar müharibə əleyhinə birgə qətnamə qəbul etdilər. Şəfi bəy Rüstəmbəyli Müsavat, İttihad və Bitərəf qrupunun qətnaməsini elan etməklə yanaşı mövcud vəziyyətin müsəlman demokratiyası üçün müstəsnalıq təşkil etdiyini bildirərək dedi: “Biz bu müharibədə fəal iştirak edə bilmərik, ona görə də öz üzərimizə böyük məsuliyyətlər götürmürük.” (4). Seym iclasında bütün qeyri-müsəlman partiyaları müharibəyə tərəfdar idi.
Seym həmin iclasda Trabzon danışıqlarını dayandırmaq və Türkiyə ilə müharibəyə hazırlaşmaq haqqında qərar qəbul etdi. Ölkədə hərbi vəziyyət elan edildi və Y. Gegeçkori, N. Ramişvili və X. Korçikyandan ibarət Ali Müdafiə Şurası yaradıldı.
1918-ci il aprelin 14-də türk qoşunları Batumu da tutdular. Aprelin 22-də türklər sülh təşəbbüsü ilə çıxış etdilər. Əslində Zaqafqaziya Seymi belə bir təklifə hazır idi, çünki müharibə aparmaqda çox çətinlik çəkirdi. Türkiyə tərəfindən sülh təklifi alınan kimi elə həmin axşam Seymin iclası çağırıldı. Onun gündəliyində üç mühüm məsələ dururdu: 1. Cənubi Qafqazın müstəqilliyi; 2. Trabzon sülh konfransı haqqında A. Çxengelinin məruzəsi; 3. Hökumətin təşkili. Birinci məsələ barəsində menşevik Oniaşvili məruzə etdi. O bildirdi ki, hazırkı mövcud vəziyyətdə rus oriyentasiyası əslində mürtəce oriyentasiyadır. Oniaşvili öz məruzəsində əsaslandırdı ki, Zaqafqaziya Demokratik Respublikasının elan edilməsi hazırda siyasi zərurətə çevrilmişdir.
Məruzə ətrafında birinci olaraq M. Ə. Rəsulzadə çıxış etdi. Bu təsadüfi deyildi. Müsavat partiyası və Seymin türk fraksiyası Cənubi Qafqazın müstəqilliyini ilk tələb edənlərdən idi. M. Ə. Rəsulzadə çıxışında qeyd etdi ki, Cənubi Qafqaz müstəqil olmalıdır, bu müstəqillik zərurətə çevrilməlidir.
İclasda müstəqil Zaqafqaziya Demokratik Federativ Respublikasının (O dövrün türk (Azərbaycan) dilində olan sənədlərində “Zaqafqaziya Xalq Qoşma Cümhuriyyəti” kimi işlədilmişdir – Ü. M.) elan olunması haqqında qətnamə qəbul edildi. Trabzon danışıqları barədə A. Çxengelinin məruzəsi dinlənildi və hökumətə tapşırıldı ki, sülh müqaviləsi bağlamaq üçün sülh danışıqlarını davam etdirsin (5). Zaqafqaziya Seymi aşağıdakı tərkibdə yeni Zaqafqaziya hökumətini təsdiq etdi: 1. A. Çxengeli – baş nazir və xarici işlər naziri; 2. N. Ramişvili – daxili işlər naziri; 3. A. Xatisyan – maliyyə naziri; 4. Xudadat bəy Məlikaslanov – yollar naziri; 5. Fətəli xan Xoyski - ədliyyə naziri; 6. Q. Georqadze – hərbi nazir; 7. N. Xomeriki – kənd təsərrüfatı naziri; 8. Nəsib bəy Yusifbəyli – maarif naziri; 9. M. H. Hacınski – ticarət naziri; 10. A. Saakyan - ərzaq naziri; 11. R. Kaçaznuni – ictimai məişət xidməti naziri; 12. A. Erzikyan - əmək naziri; 13. İ. Heydərov – Dövlət nəzarət naziri (6).
Aprelin 28-də Zaqafqaziya Demokratik Federativ Respublikası Osmanlı dövləti tərəfindən tanındı. Mayın 11-də Batumda Zaqafqaziya və Osmanlı dövləti arasında nümayəndə heyətləri səviyyəsində danışıqlar davam etdirildi. M. Ə. Rəsulzadə və M. H. Hacınskinin də daxil olduğu nümayəndə heyətinə A. Çxengeli başçılıq edirdi. Türkiyə tərəfinin təmsilçilərinə xarici işlər naziri Xəlil paşa, Qafqaz cəbhəsi komandanı Vahib paşa və hərbi nazir Ənvər paşa başçılıq edirdilər.
Batum konfransında müşahidəçi sifətində general Otto fon Lossovun başçılığı ilə Almaniya nümayəndəliyi də iştirak edirdi. Konfransda Zaqafqaziya Seyminin nümayəndə heyəti Türkiyənin Qars, Ərdəhan və Batum əyalətləri haqqında tələblərini tamamilə tanıdı və bununla da Brest-Litovsk müqaviləsinin müddəasını təsdiq etdi. Bundan əlavə, Türkiyə Axalsıx, Axalkələk, Aleksandropol (Gümrü), Sürməli və Naxçıvan qəzalarının daxil olduğu ərazini də tələb edirdi.
Konfransin gedişində general fon Kressin komandanlığı ilə 3 min nəfərlik alman qoşunu Gürcüstanın Poti limanına çixarıldı. Onlar Gürcüstanı tutmaq, Azərbaycan və Ermənistanı isə Türkiyəyə saxlamaq niyyətində idilər. Türkiyə qoşunları 1918-ci il mayın 17-də Gümrünü ələ keçirdilər və Culfa istiqamətinə çıxdılar. Bu hərbi əməliyyatlar nəticəsində konfransda gürcülər, azərbaycanlılar və ermənilər Türkiyə ilə ayrı-ayrılıqda danışıqlar aparmağa başladılar.
May ayının 14-də gürcü Milli Şurasının gizli iclası keçirildi və qərara alındı ki, general fon Lossov vasitəsilə Gürcüstana qəyyumluq göstərmək üçün Almaniya hökumətinə müraciət edilsin. Əslində Milli Şuranın bu iclası keçiriləndə Berlinə getmiş gürcü nümayəndələri Gürcüstanı himayədarlığa götürmək barədə Almaniyanın razılığını almışdılar. Milli Şuranın iclası formal şəkildə bunu rəsmiləşdirməli idi. İclasda general fon Lossovla gizli danışıqlar aparmaq üçün menşeviklərin lideri N. Jordaniya başda olmaqla komissiya yaradıldı (7). General fon Lossov bildirdi ki, əgər Gürcüstan Zaqafqaziya federasiyasının tərkibindən çıxıb öz müstəqilliyini elan edərsə Almaniya Gürcüstana qəyyumluğu öz üzərinə götürəcək. Danışıqlar zamanı Almaniya Zaqafqaziya dəmir yolunun Gürcüstan hissəsindən, Gürcüstanın təbii ehtiyatlarından istifadə etmək hüququ alırdı. Əvəzində isə Gürcüstanın müstəqilliyinin Sovet Rusiyası tərəfindən tanınacağına vəd verirdi.
Artıq mayın 22-də gürcü nümayəndəliyi müstəqillik elan etmək haqqında qəti qərara gəlmişdi. Mayın 25-də Almaniya ilə Gürcüstan arasında gizli şəkildə müqavilə imzalandı. Müqavilənin şərtlərinə görə Almaniya ilk addım kimi Gürcüstana 5 min, daha sonra isə 12 min əsgər göndərməli idi.
Mayın 25-də N. Jordaniya Batumdan Tiflisə qayıtdı. O, sülh danışıqlarının gedişi barədə menşeviklərin konfransına məlumat verdi və Gürcüstanın Zaqafqaziya federasiyasından çıxıb öz müstəqilliyini elan etmək məsələsini qoydu.
Beləliklə, Batum konfransında Almaniya nümayəndələri ilə separat danışıqların gedişində Zaqafqaziya Seyminin gürcü fraksiyası Gürcüstanın Zaqafqaziya Demokratik Federativ Respublikası tərkibindən çıxmasını və öz müstəqilliyini elan etməsini qərara aldı.
Batumdakı Azərbaycan nümayəndələri federasiyanı qismən də olsa saxlamağı zəruri hesab edərək gürcülərə təklif etdilər ki, ermənilərsiz ikilikdə dövlət yaratsınlar. Lakin gürcülər özlərinin ayrıca dövlətlərini yaratmaq fikrində olduqlarını bildirdilər.
Azərbaycan fraksiyası bu xəbəri eşidən gün iki dəfə - səhər və axşam iclas keçirdi. Səhər iclasında bildirildi ki, etibarlı mənbələrdən alınan məlumata görə gürcü fraksiyası Batumda olan gürcü nümayəndələri ilə birlikdə Gürcüstanın ayrılmasına və müstəqilliyini elan etməsinə dair gizli danışıqlar aparırlar. Qərara alındı ki, Gürcüstanın ayrılması məsələsi demək olar ki, həll edilib. Seymin müsəlman fraksiyası qabaqcadan bu akta hazır olmalıdır (8). İclasda qərara alındı ki, Gürcüstanın ayrılıb müstəqilliyini elan edəcəyi halda, Azərbaycan öz müstəqilliyini elan etməlidir.
Axşam iclasında da Azərbaycan fraksiyasının vəzifələri məsələsi müzakirə edildi. İclasa F. Xoyski sədrlik edirdi və on altı nəfər Seym üzvü toplanmışdı (9). İclasda F. Xoyskiyə tapşırıldı ki, sabaha təyin edilmiş iclasın gündəliyini öyrənmək üçün K. Çxeidzenin yanına getsin və Batumdakı Azərbaycan nümayəndələri ilə birbaşa əlaqəyə girsin. Az sonra F. Xoyski gürcü menşeviklərinin liderləri, Zaqafqaziya Seyminin sədri K. Çxeidze, Seym üzvləri A. Sereteli və Y. Gegeçkori ilə birlikdə qayıtdı. A. Sereteli gürcü fraksiyası adından bəyanat verərək xüsusi qeyd etdi ki, “...Zaqafqaziya xalqlarını müstəqillik şüarı ətrafında birləşdirmək mümkün olmadı. Və Zaqafqaziyanın parçalanması faktı göz önündədir. Seymin sabahkı iclasında biz Zaqafqaziya Respublikasının ləğv olunması faktını təsdiq edəcəyik” (10). Sonra K. Çxeidze Zaqafqaziya xalqlarının parçalanmasına təəssüf etdiyini bildirdi. Onlara Azərbaycan fraksiyası adından F. Xoyski cavab verdi. Onun fikrincə Cənubi Qafqaz xalqları öz mənafeləri baxımından bir-birləri ilə sıx surətdə bağlıdırlar, onların ayrılması məsələsi o qədər asan məsələ deyildir, lakin gürcü xalqının iradəsi belədirsə, biz ona mane olmaq iqtidarında deyilik, bu yeni vəziyyətdən asılı olaraq Azərbaycan türklərinin müvafiq qərar qəbul etməkdən başqa yolu yoxdur. F. Xoyski Seym üzvü X. Korçikyanla söhbəti barədə məlumatında gürcülər ayrılarsa, ermənilərin də müstəqilliklərini elan edəcəklərini bildirdi. Seymin müsəlman fraksiyası yaranmış siyasi vəziyyəti hərtərəfli müzakirə edərək aşağıdakı məzmunda qərar qəbul etdi: “Əgər Gürcüstan özünün müstəqilliyini elan edərsə bizim tərəfimizdən də Azərbaycanın müstəqilliyi elan olunmalıdır” (11).
1918-ci il mayın 26-da Zaqafqaziya Seyminin son iclası oldu. İclasda çıxış edən A. Sereteli Zaqafqaziya federasiyasının dağılmasının günahını çox asanlıqla Azərbaycan fraksiyasının üzərinə qoydu. Ona cavab verən Ş. Rüstəmbəyli qeyd etdi ki, “Zaqafqaziya federasiyasından çıxmaq qərarına gəlmiş gürcü nümayəndələrinin gətirdiyi səbəblər həqiqətə uyğun deyildir. Lakin gürcülər artıq bizimlə işləyə bilmirsə, biz Seymin buraxılmasının əleyhinə deyilik” (12).
Beləliklə, Zaqafqaziya Seymi özünün buraxılması haqqında qərar qəbul etdi. Mayın 26-da Gürcü Milli Şurası tərəfindən Gürcüstanın müstəqilliyi elan edildi və N. Ramişvili başda olmaqla hökumət kabinəsi yaradıldı.
Zaqafqaziya Demokratik Federativ Respublikasının süqutu Cənubi Qafqazda üç müstəqil dövlətin – Azərbaycan, Gürcüstan və Ermənistan respublikalarının yaranması ilə nəticələndi.
1918-ci il mayın 27-də yaranmış böhranlı siyasi vəziyyəti müzakirə etmək üçün artıq süquta uğramış Zaqafqaziya Seyminin müsəlman fraksiyası üzvlərinin fövqəladə iclası çağırıldı. İclas iştirakçılarının ümumi əhval-ruhiyyəsi Azərbaycanın müstəqilliyinin elan edilməsinə, öz hökumətlərinin yaranmasına yönəlmişdi (13). İclasda Zaqafqaziya Seyminin özünü buraxması ilə əlaqədar olaraq yaranmış siyasi vəziyyətə münasibət məsələsi müzakirə edildi. Yaranmış vəziyyətin ciddiliyini nəzərə alaraq iclas yekdilliklə Azərbaycanın idarə olunması vəzifəsini öz üzərinə götürməyi qərara aldı və özünü Azərbaycan Müvəqqəti Milli Şurası elan etdi. Elə həmin iclasda Azərbaycan Milli Şurasının rəyasət heyəti seçildi. Milli Şuranın sədrliyinə Müsavat partiyasının lideri M. Ə. Rəsulzadənin namizədliyi irəli sürüldü. "Rusiyada müsəlmanlıq" (“İttihad”) partiyasından başqa bütün digər partiyalar həmin namizədi müdafiə etdilər. Gizli səsvermə yolu ilə M. Ə. Rəsulzadə Milli Şuranın sədri seçildi (14). Həsən bəy Ağayev və Mir Hidayət Seyidov sədrin müavinləri seçildilər. Sonra isə müxtəlif sahələrdə işlərə rəhbərlik etmək üçün Milli Şuranın doqquz nəfərdən ibarət İcraiyyə orqanı yaradıldı. F. Xoyski yekdilliklə İcraiyyə orqanının sədri seçildi (15). Milli Şuranın tərkibində Azərbaycanın bütün partiyalarının nümayəndələri var idi.
Azərbaycan Milli Şurasının məqsəd və vəzifələrini izah etmək və onu genişləndirmək üçün Cənubi Qafqazın bütün müsəlman mərkəzlərinə nümayəndələr göndərilməsi qərara alındı. İlk növbədə N. Yusifbəyli, Ş. Rüstəmbəyli və X. Sultanovdan ibarət nümayəndə heyəti Gəncəyə göndərildi (16).
1918-ci il mayın 28-də Tiflis şəhərində Azərbaycan Milli Şurası sədrinin müavini Həsən bəy Ağayev, katib Mustafa Mahmudov, Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanbəyov, Heybətqulu Məmmədbəyov, Mehdi bəy Hacınski, Əli Əsgər bəy Mahmudbəyov, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər ağa Şeyxülislamzadə, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlikaslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudin bəy Köçərli, Cəmo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyli, Xosrovpaşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlikyeqanlı və Hacı Molla Axundzadənin iştirakı ilə (17) Milli Şuranın iclası keçirildi. Bu iclasda aşağıdakı məsələlər müzakirə edildi: 1. H. Ağayevin Yelizavetpoldakı (Gəncə) son hadisələr barədə məlumatı; 2. M. Ə. Rəsulzadənin Batumdan teleqramının və məktubunun oxunması; 3. Seymin buraxılması ve Gürcüstanın müstəqilliyini elan etməsi ilə əlaqədar Azərbaycanın vəziyyəti. Ən mühüm məsələ sonuncusu idi.
Müsavatın lideri M. Ə. Rəsulzadə Batumda türklərlə danışıqlar apardığından bu iclasda iştirak etmirdi. İclasda X. Xasməmmədov Azərbaycanın vəziyyəti ilə bağlı məruzə etdi. O, çıxışında təxirə salınmadan Azərbaycanın müstəqil respublika elan edilməsinin zəruriliyini əsaslandırdı. N. Yusifbəyli, Ə. Şeyxülislamzadə, M. H. Seyidov və digərləri bu fikrə tərəfdar çıxdılar. F. Xoyski təklif etdi ki, yerlərdə bəzi məsələlərin aydınlaşdırılmasına kimi Milli Şura hələlik Azərbaycanın istiqlaliyyətini elan etmədən ölkələrlə sülh danışıqları aparmaq üçün tamhüquqlu Azərbaycan hökumətinin yaradılması ilə kifayətlənsin. Bu təklif ətrafında geniş müzakirələrdən sonra Milli Şura 24 səslə (iki nəfər - S. M. Qənizadə və C. Axundov bitərəf qalmışdı) dərhal Azərbaycanın istiqlaliyyətinin elan edilməsi haqqında qərar qəbul etdi və altı bənddən ibarət "İstiqlal Bəyannaməsi"ni (o dövrün sənədlərində "Əqdnamə" və ya "Misaqi-Milli" adlandırılır) elan etdi (18).
Azərbaycan Milli Şurasının qəbul etdiyi “İstiqlal Bəyannaməsi”ndə deyilirdi:
1. Bu gündən etibarən Azərbaycan xalqı həqqi-hakimiyyətə malik olduğu kimi, Cənub-Şərqi Zaqafqaziyanı əhatə edən Azərbaycan da tamhüquqlu müstəqil bir dövlətdir.
2. Müstəqil Azərbaycan dövlətinin idarə forması Xalq Cümhuriyyətidir.
3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlərlə, xüsusilə qonşu olduğu millətlər və dövlətlərlə mehriban münasibətlər yaratmaq əzmindədir.
4. Azərbaycan Xalq Cümhuriyyəti milliyyətindən, məzhəbindən, sinfindən, silkinden və cinsindən asılı olmayaraq öz sərhədləri daxilinde bütün vətəndaşlarına siyasi hüquqlar və vətəndaşlıq hüququ təmin edir.
5. Azərbaycan Xalq Cümhuriyyəti öz ərazisi daxilində yaşayan bütün millətlərin sərbəst inkişafı üçün geniş imkanlar yaradır.
6. Müəssislər Məclisi toplaşana qədər Azərbaycanın başında xalqın seçdiyi Milli Şura ve Milli Şura qarşısında məsuliyyət daşıyan müvəqqəti hökumət durur.
"İstiqlal Bəyannaməsi" elan olunduqdan sonra Milli Şura Azərbaycan hökumətinin yaradılmasını F. Xoyskiyə tapşırdı.Bir saatlıq fasilədən sonra Milli Şura F. Xoyskinin hökumətin yaradılması haqqında məruzəsini dinləmək üçün öz iclasını davam etdirdi. F. Xoyski ilk Azərbaycan Müvəqqəti hökumətini aşağıdakı tərkibdə təqdim etdi:
Fətəli xan Xoyski – Nazirlər Şurasının sədri və daxili işlər naziri;
Xosrovpaşa bəy Sultanov – hərbi nazir;
Məhəmməd Həsən Hacınski - xarici işlər naziri;
Nəsib bəy Yusifbəyli – maliyyə və xalq maarifi naziri;
Xəlil bəy Xasməmmədov - ədliyyə naziri;
Məmməd Yusif Cəfərov – ticarət və sənaye naziri;
Əkbər ağa Şeyxülislamzadə - əkinçilik və əmək naziri;
Xudadat bəy Məlikaslanov - yollar və poçt-teleqraf naziri;
Cəmo bəy Hacınski – dövlət nəzarəti naziri.
Suveren Azərbaycan Cümhuriyyətinin elan edilməsi mühüm tarixi hadisə idi. Bu, milli dövlətçiliyin dirçəlişi demək idi və Azərbaycan xalqının geniş kütlələrinin öz istiqlaliyyəti və azadlığı uğrunda birləşməsinin əsasını qoydu. Azərbaycanın yerli əhalisi Cümhuriyyət hökumətinin milli mənafeyi müdafiə edən yeganə qanuni hökumət sayırdı.
Milli öndər M. Ə. Rəsulzadə 1953-cü il mayın 28-də "Amerikanın Səsi" radiosu ilə Azərbaycan xalqına müraciətində deyirdi: "...100 il sürən çar əsarətindən sonra bundan 35 il əvvəl Azərbaycan Şurayi Millisi, Azərbaycan Cümhuriyyətinin İstiqlalını bütün dünyaya elan etdi. O tarixdən əvvəl bir millət olaraq varlığını isbat edən Azərbaycan xalqı, bu tarixdən etibarən millət olaraq bir dövlət qurmuş və bu dövlətin istiqlalı bütün mövcudiyyətilə mədana atılmışdır... 28 Mayıs 1918-də, İstiqlalını elan etməklə Azərbaycan tarixinin təbii bir nəticəsini fikirdən işə keçirdi" (19).
MƏNBƏLƏR:
  1. Azərbaycan tarixi. Yeddi cilddə. V cild. B., 2001; s.295.
  2. Yenə orada; s.296.
  3. C. Həsənov. Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-ci illər). B., 1993; s.59.
  4. Yenə orada; s.60.
  5. Yenə orada; s.69.
  6. Azərbaycan tarixi. Yeddi cilddə. V cild. B., 2001; s.307.
  7. C. Həsənov. Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-ci illər). B., 1993; s.81.
  8. Yenə orada; s.82.
  9. Yenə orada.
  10. Azərbaycan tarixi. Yeddi cilddə. V cild. B., 2001; s.310.
  11. C. Həsənov. Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-ci illər). B., 1993; s.83.
  12. Yenə orada; s.84.
  13. V. Çıraqzadə. İstiqlal yollarında: tarixi oçerklər. B., 1992; s.28.
  14. Yenə orada; s.29.
  15. C. Həsənov. Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-ci illər). B., 1993; s.85.
  16. V. Çıraqzadə. İstiqlal yollarında: tarixi oçerklər. B., 1992; s.29.
  17. N. Nəsibzadə. Azərbaycan Demokratik Respublikası. B., 1990; s.43.
  18. C. Həsənov. Azərbaycan beynəlxalq münasibətlər sistemində (1918-1920-ci illər). B., 1993; s.85-86.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.