19.3.10

Əhməd bəy Pepinov

Pepinov Əhməd bəy Ömər oğlu - Azərbaycan Milli Şurasının, sonra isə Azərbaycan Demokratik Cümhuriyyəti Parlamentinin üzvü və katibi, 5-ci Nazirlər Kabinetinin üzvü.

Həyat

Əhməd bəy Pepinov 1893-cü ildə Ahıskanın Axalkələk şəhərində doğulmuşdur. Tiflis gimnaziyasını bitirmiş, 1913-cü ildə Moskva Dövlət Universtitetinin hüquq fakultəsinə daxil olmuş, eyni zamanda, iqtisadiyyat fakültəsində də oxumuşdur. Təhsil illərində "Azərbaycan Həmyerlilər Təşkilatı"nın rəhbərlərindən biri olmuş, "Axalkələkli Əhməd Cövdət" imzası ilə "Açıq söz" qəzetinə məqalələr göndərmişdir. Tələbələrin Moskvada keçirdiyi "Azərbaycan etnoqrafik konsert gecələri"ndə və digər mədəni tədbirlərdə yaxından iştirak etmişdir.

1918-ci ildə ali təhsilini başa vuraraq Bakıya qayıdan Pepinov Cənubi Qafqazda baş verən siyasi hadisələrə fəal surətdə qoşulmuş, Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının üzvü seçilmişdir. Azərbaycan Milli Şurasının, sonra isə Azərbaycan Demokratik Cumhuriyyəti Parlamentinin üzvü və katibi vəzifəsini icra etmişdir.

Ə.Pepinov parlamentin fəaliyyətində yaxından iştirk etmiş, bir sıra mühüm məsələlərin, o cümlədən Antanta dövlətləri, Gürcüstan və Ermənistanla münasibətlərin, "Denikin təhlükəsi"nin müzakirəsində təmsil etdiyi sosialistlər fraksiyası adından çıxış etmiş, bir sıra qanun lahyihələrinin, o cümlədən parlamentin 1919-cu il oktyabrın 20-də qəbul etdiyi "Nəşrlər istehsalı haqqında" qanununun hazırlanmasında bilavasitə iştirak etmişdir. Pepinov Azərbaycan Müəssislər Məclisinə seçkilər üzrə komissiyanın sədr müavini (Sədri M.Ə.Rəsulzadə idi) seçilmişdir. Lakin "Hümmət" partiyasının üzvü kimi, müəyyən siyasi və iqdisadi məsələlərdə Azərbaycan Demokratik Cumhuriyyəti hökümətinin mövqeyi ilə razı olmamış və onun fəaliyyətini tənqid etmişdir. Nəsib bəy Yusifbəylinin təşkil etdiyi ikinci, Cumhuriyyətin isə sayca beşinci hökümət kabinəsində (24.12.1919-30.03.1920) Pepinov əmək və əkinçilik naziri idi. Bakı Dövlət Universitetinin təşkilində (1919) yaxından iştirak edən Pepinov Parlamentdə bu məsələ ilə bağlı müzakirələrin sürətləndirilməsinə, universitetin açılması üçün pul vəsaitinin ayrılmasına böyük əmək sərf etmişdir. Cumhuriyyət dövründə Bakıda təntənəli "Türk gecələri" konsertinin və digər müsabiqələrin təşkili də Pepinovun adı ilə bağlıdır.

İşğalçı on birinci Qırmızı ordunun Bakıya gözlənilən yürüşünü ləngitmək məqsədilə 1920-ci il aprelin əvvəllərində Pepinov Parlamentin digər üzvü Rəhim bəy Vəkilovla danışıqlar aparmaq üçün Qroznı şəhərinə göndərilmişdir. Aprel işğalından sonra Bakıya qayıdan Pepinov Azərbaycanda mədəni-maarif və nəşriyyat işlərinə rəhbərlik etmişdir. İyirminci illərin dövrü mətbuatında onun çox sayda məqalələri dərc olunmuşdur. Təqiblərlə üzləşən Pepinov 1930-cu ildə Ulyanovsk şəhərinə köçməyə məcbur omuşdur. Daha sonra Alma-Ataya (indiki Almatı) köçmüş (1934) Qazaxıstan SSR maarif nazirinin müavini işləmişdir.

1938-ci ildə repressiyaya məruz qalmışdır.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.