7.3.10

MİLLİ AZƏRBAYCAN HƏRƏKATININ XARAKTERİ


      İdeoloji mənşəyi etibarilə Milli Azərbaycan Hərəkatı, Şərqdəki milli qurtuluş ideyaları ilə Qərbdəki kültür və demokrasi cərəyanlarını kəndi (öz) növündə birləşdirmiş bir hərəkatdır (1) .
Müslüman və Türk məmləkəti olması etibarı ilə Qafqasya Azərbaycanı nə din, nə irq, nə də kültür baxımından özü ilə qətiyyən əlaqəsi olmayan Rusiya tərəfindən, ancaq silah gücü ilə tutulmuşdur və məlum olduğu üzrə, tarixi ənənəsi Türk və İslam düşmanlığına dayanan bu dövlətə heç bir zaman isinə bilmədiyindən gərək Türkçülük və gərəksə İslamçılıq idarələri burada daima canlı inikaslar tapmışdır.
Zamanın keçməsi və ictimai qüvvətlərin açılması sayəsində, cəmiyyət hərəkatına geniş xalq təbəqələrinin daha ziyadə qovuşması nisbətində, Müslüman Şərqin dikər hərhangi bir məmləkətindən daha əvvəl Azərbaycandakı milli hərəkat avropalı bir şəkil almışdır.
Kəndi dairəsində Türk dünyasının ən böyük şairi Füzuli kimi ustalara malik bulunan Azərbaycan Ədəbiyyatı 19-cu əsrin başlarından etibarən müasirləşməyə başlamışdır.
Böyük mücəddid Mirzə Fətəli Axundzadə, ümumi xalq lisanında yazdığı ölməz əsərləri ilə Azərbaycan Cəmiyyətinə yeni bir istiqamət vermişdir. O, şəkilcə də yeni olan - müslüman dünyasında ilk pyes yazan odur -əsərlərində 18-ci əsrin liberal məktəbindən alınmış tamamilə yeni fikirlər tərvic (rəvac vermə) etmişdir.
Mirzə Fətəlidən başlayaraq, Azərbaycan Ədəbiyyatı Avropa ideyalarına alışaraq, həyat hadisələrini tədqiq və tənqid közü ilə görməyə başlamışdır.
Mirzə Fətəlidən sonra liberal məktəbinə mənsub bir şairlər, mühərrirlər və dramaturqlar yetişərək, xalqı Avropa məfhumlarına alışdırmayı və ona cəmiyyətçilik ruhunu aşılamağı özlərinə qayə etmişlərdi.
1875 ilində Bakıda ilk dəfə olaraq Azərbaycan qəzetəsi təsis olunmuşdur. "Əkinçi" adını daşıyan bu qəzetə Rusiya müsəlmanları arasında çıxan ilk qəzetə idi. Mirzə Fətəlinin oyandırıcı fikirləri Zərdablı həsən Bəyin bu qəzetəsində davamlı bir surətdə müdafiə olunurdu.
Mirzə Fətəli ilə "Əkinçi"dən əvvəlki müaqiblərdə (ardıcıllarda) bu oyandırıcı fikirlər müəyyən siyasi bir məqsəddən iraq olaraq, mücərrəd bir şəkildə tərvic olunduğu halda, ilk Azərbaycan qəzetəsində isə o fikirlər, artıq müəyyən siyasi bir məqsədə hizmət edirdi. Mərhum Həsən bəy "Azərbaycanlılar müasir mədəniyyəti öyrənməli və Avropa elmlərini almalıdırlar, yoxsa həmişə başı qapazlı qalacaqdırlar..." deyirdi.
Mirzə Fətəlinin mücərrəd yazılarına təhəmmül (səbr edən) edən Çar hökuməti, ilk siyasi qəzetənin təmayüllərinə laqeyd qalmadı. Və "Əkinçi" qapandı. 1905 sənəsinə qədər Azərbaycan cəmiyyətçiliyi təzyiqdə və Azərbaycan fikri çarlığın sıx senzoru altında qaldı. Yalnız, Mancuriyada uğradığı məğlubiyyət nəticəsində gələn ilk Rus ihtilalından sonra Azərbaycanın ictimai həyatında yeni bir dövr başladı. Gündəlik qəzetələr və digər vəqidli (vaxtlı) nəşriyyat təsis olundu. Ədəbiyyat qol-budaq ataraq çiçəkləndi; musiqi və teatro səhnəsi inkişaf etdi; mətbəələr açıldı; bir çox maarif cəmiyyətləri, siyasi qruplar və firqələr quruldu.
Ayaqları altındakı zəmini möhkəm bularaq, cəmiyyət hərəkatı, bütün sərahatilə (aydınlıqı, səhihliyi) milli bir şəkil və mahiyyət aldı. İmperatorluq daxilində cərəyan edən liberal və istiqlalçı cərəyanlarla həmahəng olaraq yürüyən bu hərəkat bir tərəfdən də, bütün Rusiyadakı Müsəlmanlara məxsus olmaq üzrə, milli mədəni haqların təminini istəyirdi. Eyni zamanda bu hərəkatda, başlıca iki cərəyan gözə çarpırdı: yaş etibarı ilə daha böyük nəslə mənsub, Rusiyada ali təhsil görən əksəriyyətlə əski zadəgan siniflərindən çıxan münəvvərlər Rus liberalizmi ilə bərabər getdikləri halda, daha ziyadə milli tərbiyəni görən gənc nəsil Rusiya cəmiyyətçiliyinin radikal və inqilabçı cərəyanlarına təmayül göstərirdi. Müsəlman əleyhdarlığı ilə mütəmayiz (seçilən, fərqlənən) bulunan Rusiya İmperatorluğunun ümumi sıxıntısı altında bulunduqlarından Rusiyadakı Türk ölkələrinin siyasi fəaliyyətləri eyni istiqamətdə yürüyərək, gərək ideoloji və gərək təşkilat hesabı ilə sıxı sıxıya bağlı bulunurlardı. Rusiyadakı bu ümumi Müsəlman hərəkatında Azərbaycan cəmiyyətçiliyinin nümayəndələri bu və ya digər şəkildə müdir rolunu oynayırdı.
İki tarixi hadisə Rusiya müsəlmanlarının siyasi həyatlarındakı inkişafın iki mühüm mərhələsini təsbit edir: 1905 ilində Nijni - Novqorod şəhərində toplanan Müsəlman konqresi ilə 1917 ilində Moskvada toplanan konqre. Bu iki konqredə rusiyalı Müslümanların siyasi istəkləri şəkilləşmişdir (eyniləşmişdir).
Nijni-Novqorod konqresi, taktik etibarı ilə, Rus liberalizmi ilə təşriqi məsai (məsələlərin işıqlandırılması) şüarı altında gedərək siyasətin milli kültür, mədəni və hüquqi mahiyyətdə bir sıra mətləbləri iqtifa (kifayətlənmə) edirdi. Moskva konqresi isə Rusiyanın milli ərazi muxtariyyəti üzərinə parçalanması tələbində bulundu. Gərək birinci, gərəksə ikinci konqrelərdə olsun, siyasi müqəddəratın formulunu Azərbaycan müməssilləri (nümayəndələri) vermişlərdir (2) .
Nijni-Novqorod konqresi zamanında əksəriyyət sadə konqresdə deyil, mahallarda və o cümlədən Azərbaycan da daxil liberallarda idi. Moskva konqresində isə liberallardan əsər belə qalmamışdı. Fəqət, buna müqabil ixtilalçı Rus demokrasisi ilə təşriki məsayi tərəfdarları vardı, bunlar da akallivetdə (əqəliyyətdə-azlıqda) qaldılar. Əksəriyyət isə imperatorluq içindəki bütün məhkum millətlərin öz torpaqları üzərində siyasətən milli bir varlıq halına gəlməsini tələb edən inqilabçı milliyyətçilər idi.
Moskva konqresində qəti rol oynamış bulunan inqilabçı Azərbaycan milliyyətçiləri "Müsavat" firqəsi ilə təmsil edilmiş, ki daha 1917 ilinin Nisanında (Aprelində) Bakıda toplanan Qafqasya müsəlmanları konqresində öz proqramını elan etmiş idi. Bu proqrama görə sadə Azərbaycanın deyil, Rusiyaya daxil digər Türk ellərinin də birər siyasi təşəkkül halına gəlmələri zərurəti elan olunmuşdu.
"Müsavat" firqəsinə çalışanlar, ilk Rus inqilabı əsnasında, böyük nəslə rəğmən Rusiya cəmiyyətçiliyinin ixtilalçı cinahına meyl edən gənc nəsil içindən çıxanlardan ibarətdi. Çarizmə qarşı mücadilədə ixtilalçı sosializmi, onlar, ən sadiq olmasa da, ən münasib bir müttəfiq olaraq görüyorlardı.
Məmləkətlərini istila və istismar edən Rusiyaya qarşı bəslədikləri kinlə, onlar, pozğunçu hərəkətləri daha irəli gedən ifratçı firqələrin taktikasını bittabi (dözümsüz, qüvvətsiz) daha makul (məqbul) bulur, daha qolaylıqla qəbul ediyorlardı.
Əsriləşmiş Türkçülük və İslamçılıq tradisionlarını mühafizə edən milli ideolojinin, xalqçı sosialist növündən ictimai bir proqramın və Azərbaycan ilə bütün Qafqasyanın Rusiyadan ayrılması mənasında anlaşılan inqilabçı bir taktikanın təlifindən (yazılmış, tərtib olunmuş) ibarət bulunan Müsavatçılıq, qısa bir zamanda, Azərbaycan Xalqı arasında geniş bir etibarə malik oldu. Rusiya məclisi müəssəsan seçkilərində, Mavərayı Kafkasya Seymində, Azərbaycan məbusanında və hətta Bakı əmələ Şurasında "Müsavat" firqəsi və özü ilə bərabər gedən müstəqil qrup daima əksəriyyət təşkil etmişdir. Bu andan etibarən "Müsavatçılıq" Azərbaycan milliyyətçiliyinin mütəradifi (bir-birinin ardınca gələn) olmuşdur.
Milli Azərbaycan Ədəbiyyatı tərəfindən, tərvic (rəvac vermə), siyasi və ictimai, bir çox Təşəkküllər tərəfindən müdafiə və nəhayət siyasi və formulunu "Müsavat" firqəsinin proqramında bulan Azərbaycanın milli dövlət halında öz müqəddəratına sahib bulunması fikri, bütün xalqın ümumi istəyi halına gələrək, təhəqqüq (həqiqi olduğu meydana çıxma) etmişdir.
Milli idarəyə tovfiqən (uyğunlaşdırma, müvafiq etmə) Azərbaycan Şurayi Millisi, 1918 ilinin 28 Mayısında Azərbaycan Cümhuriyyətinin istiqlalını elan eyləmişdir.
-------------------------------------------------------- 
1. Bu məqalə müəllifin ingiliscə olaraq basılmaqda olan "Azərbaycan" adlı əsərindən eynən iqtibas edilmişdir. 
2. İlk Konqresdə Rusiya Duması Müsəlman Fraksiyonun Rəisi A.M.Topçubaşı, ikinci konqresdə isə A.T.F. "Müsavat" Xalq Firqəsi Rəisi M. E. Rəsulzadə bəylərin təqrirləri eynən qəbul edilmişdir.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.