7.3.10

MİLLİ DİRLİK - V -

MİLLİ DİRLİK
- V -
 Milliyyətin ümdə rüknünü təşkil edən şey dildir. Dil adətən hər bir heyətin hansı bəşər dəstəsinə mənsub olduğunu göstərən bir lövhədir. Dil milliyyətin hamısını təşkil etməsə də, yüzdə doxsanını vücuda gətirən böyük bir amildir. Bir milliyyəti məhv edib aradan götürmək qəsdində olan siyasilərdə əsil bunun üçündür ki, təmsil (assimilyasyon) əməliyyatı icra edərkən ən birinci fikirlərini dilə verər və ən əvvəl bir millətin dilini yaddan çıxarmağa səy edərlər. Qədim zamanlardakı insanlar daha mübtədi bir halda idilər. Din daha qüvvətli bir ictimai amil ədd olunurdu. Hakim millətləri özləri kimi etmək üçün dini tədbirlərə təvəssül ediyorlar və əlləri altındakı millətlərin etiqadına ilişiyorlardı. Halbuki, dildə daha mühüm bir qüvvəti-ictimai olduğunu dərk edən avropalılar bunun əksinə hərəkət etdilər. Dincə heç bir təzyiqdə bulunmayıb və yəqin ki, bu xüsusda şədid tədbirlər ittixaz eləməyib, bütün hümmətlərini ziri-hakimiyyətlərinə aldıqları millətləri milliyyətcə məhv etməyə qoyuldular. Bunu üçün də məzkur millətlərin dillərindən başlandı. Milli məktəblər təzyiq edildi, ana dili təhdid olundu.

İştə yalnız burası nəzəri-etinaya alınmış olsa, millətlər dəxi təcdid etmək istədikdə və milliyyətcə mənlik hasil eləmək fikrinə düşdükdə, təbiidir ki, hər şeydən əvvəl dillərindən başlamalıdırlar. Çünki dil bir nöqteyi-nəzərdən haman millət deməkdir. Buna hər kəsdən ziyadə biz türklər əhəmiyyət verməliyiz. Türklər xasiyyətcə olduqca mütədəyyin bir millətdirlər. Bu tədəyünləri sayəsində islamiyyəti qəbul etdikdən sonra o qədər etiqadati-diniyyəyə mərbut olmuşlardır ki, adətən türklüklərini belə itirmişlərdir. Zatən islam özünə mömin olan müxtəlif millətlərdən bir millət vücuda gətirəcək qədər qüvveyi-təmsiliyyə olduğuna etiqad edənlər vardır. Hətta böyük bir türk hökuməti təsis edən osmanlılar belə bu axır zamanlara qədər özlərinin bir türk hökuməti olduğuna qənaət etmək istəməyib, kəndilərinə “islam hökuməti” demişlər. Türklərdəki bu məhviyyət və təmsilə ədəmi-müqavimət xüsusiyyəti türkləri haman türklər bulunan ölkələrin hər tərəfində anlaşılır. Ümumi bir türkcəyi, farsi və ərəbi nüfuzdan mübərra saf bir türkcəyə malik olmaqdan məhrum qılmışdır.

Milliyyət və mədəniyyətimizin xüsusiyyət və təmamiyyətini təmin edəcək olan birinci əsas təəccüb deyilmidir ki, istiqlal və təmamiyyətə yabançı olan təsirata hər şeydə ziyadə giriftar olmuşdur? Bu gün bilatərəddüd demək olar ki, heç bir tərəfdən müstəqil və əcnəbi dillərin nüfuzundan azad xalis bir türkcə yoxdur. İstanbuldan tutub Kaşğarə kimi hamımız, təbir caiz isə, pozuq bir dil ilə danışmaqda və daha qarışıq bir dil ilə yazmaqdayız.

Bu qarışıqlıqdan qurtarıb da həqiqi bir dil istiqlalına nail ola bilmək üçün nəzəriyyələrin nə qədər müxtəlif olduğu məlumdur. Dilin əhəmiyyəti-ictimaiyyəsi haqqında bəslənən nəzəriyyələrin ixtilafı qədər, islah yolunun layihələri də o qədər müxtəlifdir. Kimsə hər şeydən əl çəkib də bütün yabançı kəlmələri tərd ilə qədim türkcəyə, uyğurcaya müraciət etmək qədər irəliyə gediyor. Kimsə ərəbcə və farsca lüğətləri türkcə istiqlalının ən qəddar düşməni ədd ediyor. Onların türki və məhəlli şivədə mövcud lüğətlərlə əvəz olunmasını tələb ediyor. Bəziləri də türkcədəki, farsi və ərəbi lüğətləri ancaq istilah üçün qəbul edib sairlərini tullamaq tərəfdarıdırlar. Zərəri yalnız əcnəbi tərkib və üslubdan görənlər də az deyildir. Türkcəmiz haqqında pərvərdə olunan bu qədər müxtəlif nəzəriyyələr ilə onların müvafiq olub-olmadığından bu məqalədə bittəfsil mübahisə etməyəcəyiz. Bu xüsusda bəlkə də başqa bir vaxt möhtərəm qarelərlə mübadileyi-əfkar edəriz. Bu qədərlik zikrimiz isə yalnız məsələyə münasibəti olduğu üçündür. Bu xüsuslarda vaqe olan münaqişə və müzakirələrin bütün türk aləmində hər daim vaqe olduğu hər kəsə məlumdur. Bu yolda ki, fikir mübadilələri göstəriyor ki, türk aləminin hər tərəfdən az-çox türklüyün rüknünü təşkil edən bu dil məsələsinin həlli əlzəm görülüyor. Bu özü də bizdə milli dirilik ilə dirilmək istədiyimizə böyük bir dəlildir. Fəqət bu xüsusda qəti qərara gələ bilmək üçün hələ bir çox elmi tədqiqatlar lazımdır. Ancaq bu tədqiqlərin nəticəsindən hasil ola biləcək elmi müqəddəmatdan sonradır ki, məsələnin həlli qəbul olacaqdır. Bu müqqəddəmatlar hazır olmadığı müddətcə həman məsələnin həllinə qalxışmaq bir az əcələ olur. Ehtimal ki, arzu olunan nəticələri hasil etməz. Məəmafih bunlar hazır oluncaya qədər ədəbiyyatımız ilə dilimiz tamam durğun bir halda qalsın təklifini də etməyiriz. Yalnız bunu söyлəmək istəyiriz ki, müqəddəmati-məsələ hazır olmayanadək məsələyə qəti bir qərar vermək mümkün olmayacaqdır.

Müqəddəmat isə aşağıdakı tədbirlərdən ibarət ola bilər: Bu günə qədər bizdə bütün türk şivələrinin lüğətlərinin cəmi, həqiqi bir lüğət kitabı yoxdur. Hətta əsl türkcə olmaq mənası ilə osmanlıda belə bir lüğət kitabı yazılmamışdır. Yazılan lüğət kitabları ancaq lisani-osmanı deyilən indiki üç-dörd dildən qarışıq osmanlı türkcəsinin lüğəti olmuşdur. Avropa, rus müstəşriqləri tərəfindən bəzi kamil və naqis lüğətlər yazılmışsa da, bunlarda hələ dediymiz məsələdə hakim olacaq bir dərəcəyi-əhəmiyyətə malik deyildilər.

Biz çox kərə dilsizlikdən şikayət ediyoruz, bizdə bir çox kəlmələr yoxdur — deyə, həmən ərəbcə, farsca, yаxud da rusca və yа fransızcaya müraciət ediyoruz. Halbuki, qədim uyğurcanın tədqiqi, cığatay ləhcəsinin təhlili, Kazan və Orenburq tatarlarının şivəsi deyil, evimizdə arvadlarımız arasında, kəndlərdə xalq miyanındaki dilə müraciət etsək, bu kəlmələrin müqabillərindən bir çoxunu bularız. Keçənlərdə “panika” sözünün gözəlcə bir tərcüməsini mən evimizdə oturub, ailəmizlə söhbət elədiyim əsanda kəşf etdim. Məgərsə, “panika”-”çaxnaq” imiş. Bu qədər qəşəng, az-çox mənus bir kəlmə durduğu halda, biz bu kəlməni bu vaxta qədər həmən həyəcan, vəlvələ, təşviş, xəlcan, bilməm nə kimi kəlmələrlə tərcümə edərək gəlmişik ki, mənanı da ifadə edə bilməmişlərdir.

İştə cavanlarımız üçün mövcud maraq eyni zamanda da olduqca faydalı bir məşğələ, hər kəs bulunduğu yerdəki lüğətləri, zürub-əmsalı və sair xalq ədəbiyyatına aid olan parçaları eynilən toplayacaq olarsa, görərsiniz ki, həmən arzu olunan türk lüğəti vücuda gəldi.

Hər şivənin lüğəti yazıldıqdan sonra bittəb orta və ümumi bir türkcə lüğəti yazmaq da asan olacaq və böylə böyük bir lüğət vücuda gəldikdən sonra “təsfiyeyi-lisan” — deyə məşhur olan dil təmizləmək məsələsi də imkan daxilinə girə biləcəkdir.

Darülfünunlarda oxumaqda olub da, millətlərinə az-çox bir xidmət etmək istəyən cavanlarımız iştə buyursunlar tətil zamanı məmləkətlərinə gəldikdə xalq arasına girsinlər, xalqın ehtiyaclarını öyrənib ona çarələr axtardıqları kimi milli dilimizin ehtiyaclarına da onlardan dərman arasınlar.

Bilməlidir ki, bir dil süni bir yolla xəlq oluna bilməz. Dil təbii bir məxluqdur. Onun xəllaqı isə üdəba və mühərrirlər olmayıb, xalq özüdür. Bir şair ilə bir ədibin ərəb və yа fars qamuslarını vərəqləyib də xoşuna gəldiyi bir sözü həmən mətbuata atmaqla dil islah deyil, xarab olar, pozular, indiki türkcənin halına düşər. Halbuki, xalq arasından götürülən lüğətlər yonulub da ədəbi bir şəkil alsa, o zaman ədəbiyyat milliləşər və ancaq o zamandır ki, ədəbiyyatdan gözlənilən faydanı türk millətləri də ala bilərlər.

Milli dilin dirildiyi üçün lüğətləri yığmaqdan başqa xalq ədəbiyyatını toplamaq, camaat arasında olan hekayələri, əfsanələri cəm edib, elmi bir surətdə təhlil və təsnif etmək də lazımdır. Bunlar ədəbiyyatı xalqa yaxınlaşdırmaq üçün lazımlı şeylərdir. Çünki müəyyən bir ədibin öz biliyini daxil edib də şəxsi hisslərlə deyil, xalq kütləsi tərəfindən ümumi bir vicdan və hiss nəticəsi olan bu əsərlərdə xalq və millətin rühi-əslisi həmən təzahür etməkdə və o millətin nə kimi bir ruh və hissə malik olduğu və nə kimi xüsuslarının möhtaci-islah və tərbiyə olduğu rəna bir sürətdə görünməkdədir.

Köhnə ədiblərlə ədəbiyyatın tarixini yazmaq, bir türk tarix ədəbiyyatı vücuda gətirmək dəxi bu nöqteyi-nəzərdən olduqca müfid və lazımdır.

Bu xüsusları nəzərə alaraq çox yaxşı olardı ki, şəhərimizdə mövcud olan maarif cəmiyyətlərindən bu xüsuslara əhəmiyyət verib də bu cəhətləri təşviq edən olaydı.

Təşviqin nə kimi vasitələrə malik olduğu məlumdur. Bunlardan ən müəssiri isə, bizcə maddi bir fayda təmin edən müsabiqələr ola bilər. Fəqət bu kimi milli işlərdə ən böyük saiq xalqı sevmək və milliyyətinə dəli bir aşiq qədər mərbut olmaqdır.

Ey millətin istiqbalını təmin edəcək türk gəncliyi, hardasan?!
 “Dirilik” N 6, 1 dekabr 1914  

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.