19.3.10

Məmməd Yusif Cəfərov


Cəfərov Məmməd Yusif Hacıbaba oğlu - hüquqşünas, alim, Azərbaycan Demokratik Respublikasının sənaye və ticarət naziri. Nazir olduğu tarix (14 mart, 1919 - 22 dekabr, 1919)

Həyatı

Məmməd Yusif Cəfərov 1885-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, görkəmli pedaqoq, jurnalist Əli İsgəndər Cəfərzadənin kiçik qardaşıdır. M. Y. Cəfərov orta təhsilini Bakıda almış, sonra Moskva Universitetinin hüquq fakültəsini bitirmişdir. O, Moskvada oxuyan azərbaycanlı tələbələrin təşkil etdiyi Azərbaycan etnoqrafik konsert gecələrinin və Azərbaycan həmyerlilər təşkilatının əsas rəhbərlərindən biri olmuşdur.

1912-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirən M.Y. Cəfərov "Nikahın şəriət üzrə pozulması" haqqında rəy mövzusunda hüquq elmləri üzrə namizədlik dissertasiyasını müdafiə etmiş və elə həmin il Peterburqda açılan IV Dövlət Dumasına Bakı, Gəncə və İrəvan quberniyalarının müsəlman əhalisi tərəfindən deputat seçilmişdir. M.Y. Cəfərov Dumada kadet partiyasına qoşulmuşdur. O, Dumadakı çıxışlarında çar hökumətinin Azərbaycanda yeritdiyi müstəmləkəçilik siyasətini tənqid atəşinə tutmuşdur.

1917-ci ildə Rusiyada Fevral-burjua inqilabı baş verdi. Həmin il martın 9-da Müvəqqəti hökumətin göstərişi ilə M. Y. Cəfərov daxil olmaqla Dövlət dumasının 5 nəfər üzvündən ibarət xüsusi Zaqafqaziya Komitəsi yaradıldı. Komitədə sənaye və ticarət işlərinə rəhbərlik M. Y. Cəfərova tapşırıldı. O, 1917-ci ilin noyabrın 15-dən Zaqafqaziya Komissarlığında sənaye və ticarət komissarı idi.

1918-ci ilin 28 mayında Azərbaycan Xalq Cümhuriyyəti elan olundu. M. Y. Cəfərov Xoyskinin təşkil etdiyi birinci kabinədə sənaye və ticarət naziri olmuşdur. O, birinci hökumətin istefaya getməsi ilə bağlı işdən çıxmış, sonra isə Azərbaycan hökumətinin Gürcüstan hökuməti yanında diplomatik nümayəndəsi vəzifəsini icra etmişdir. M. Y. Cəfərov Nazirlər Şurasının sədri N Yusifbəylinin təşkil etdiyi kabinədə Xarici İşlər naziri təyin olunmuşdur (14 aprel, 1919).

Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq aləmdə tanınmasında onun xidmətləri çoxdur. Onun rəhbərliyi altında həmin dövrdə məşhur Azərbaycan sənətşünasları və ictimai xadimləri Məmməd Ağa oğlunun və Hüseyn Mirzə Camalovun arxivlərdən toplayaraq çap etdirdikləri "Zaqafqaziyada rus siyasətinə aid sənədlər" kitabını xüsusi qeyd etmək lazımdır. Azərbaycan parlamentinin üzvü bitərəf M. Y. Cəfərov 1919-cu ilin oktyabrında Türk ədəmi-mərkəziyyət partiyası Musavatın sıralarına daxil olmuşdur. Həmin ilin dekabrında Yusifbəyli kabinəsi istefaya çıxdığı üçün Cəfərov da tutduğu vəzifəni tərk etmişdir. O, 1920-ci fevralında Azərbaycan parlamentinin sədrinin müavini vəzifəsinə seçilmişdir. Parlament sədri Ə. Topçubaşov Bakıda olmadığı üçün Cəfərov aprelin 27-nə qədər həmin vəzifəni icra etmişdir.

1920-ci il aprelin 27-də Cəfərovun imzası ilə Azərbaycan parlamenti hakimiyyəti müqavimət göstərmədən bolşeviklərə təhvil vermək barədə qərar çıxardı. Sovet dövründə M. Y. Cəfərov Azərbaycan pambıqçılıq trestində və Azərbaycan şərabçılıq trestində hüquq məsləhətçisi vəzifəsində işləmişdir. O, 1938-ci il mayın 15-də Bakıda vəfat etmişdir.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.