7.3.10

NƏ BÖYÜK BAYRAM


 Azərbaycan türkləri bu gün ilk dəfə  olaraq böyük bir bayram saxlayırlar : İSTİQLAL  BAYRAMI !!! Bundan bir  sənə əvvəl  Zaqafqaziyanın müqəddaratını həll  üçün Tiflisə toplanmış olan müsəlman vəkilləri tarixin öylə bir anına tasadüf etmişdilər ki, yöz sənəlik əsarətə yalniz yüksək bir amal  nəticəsi deyil  , eyni  zamanda  zəruri bir ehtiyac kimi  xatimə vermək məcburiyyətində  qalmışdılardı.
           Əvət Zaqafqaziya millətləri bilməcburiyyə e"lani istiqlal  etmişdilər.
            Bilməcburiyyə e"lani  istiqlal !!!
         İstqlalımıza  düşmən olanlar bu iki "məcburiyyət" və "istiqlal" sözlərini bir araya toplanmasını "içtimai ziddin" qəlbindən ədd  etməklə, Zaqafaqaziya cümhuriyyətlərinin qeyri-təbii  olduqlarını isbat etmək istıyirdilər.                                     
         Fəqət , bu mülahizə zahirdə  doğru görünsə də  batində öylə deyildi.
          Bir növzadın məsəmeyi-madərdən xilas olub da , dünyaya gəlməsi heç şübhəsiz bir vaqeyi-istiqlaldır.Qadının vəz"i-həmlinə  digər  tə"birlə  bizdə  "azad olmaq"  deyirlər. Halbuki  bu "azadlıq" eyni zamanda bir zərurəti-təbiiyyə , bir məcburiyyətdir...
        Öylə bir məcburiyyət ki, həyati-elm ona bağlıdır.
         Zaqafqaziya “seymi”nin elan istiqlalə məxsus olan günündə “kadet” firqəsi nümayəndəsi “seym” övzalarının o gün vəzifələrinin ağırlığından duyduqları hissiyata tərcuman olaraq, hər kəsi özü kimi təsəvvür edərək: “Baxınız sanki “seym” bir möhtərizin” başı üstündə durmuşdur - dediyinə müqabilətən mən : “Əf edərsiniz, bu iztirab və əndişə bir möhtərizin deyil, bir ləhvisənin (oyuncağın – Ş.H.) başı üstündə görülən iztirabdır”.
           Zaqafqaziya ləhvisəsinin “azad”lığı çox müşkülatla olmuşdu. Çünki birdən üç növzad (övlad – Ş.H.) doğmuşdu:
Gürcüstan, Azərbaycan və Ermənistan!
         Hər növzad kimi istiqlal dəxi can kimi sevildiyi halda canan kimi cəfakardır. Bir növzad paydar olub kəndi (öz – Ş.H.) başına dolanar bir adam oluncaya qədər ata və anasına nə əndişələr, nə qəmlər, nə qüssələr verməz!
         İştə, eyni iztirabları, eyni qüssə və dərdləri fəqət bununla tovəm olan sevinc və etinaları biz keçən sənə istiqlalında keçirmədikmi?
         Mart hadisatı ilməsinin bir nəticəsi olaraq davam edən Bakı əsarəti, Şamaxının bu dəfə yer altındakı mavadi – yerkəniyyədən deyil, insanların fitrətindəki şərarətdən mütəzəlzil olub da, xak ilə yeksan olması osmanlı türk qardaşlarımızın son ümidsizlik dəmində yetişib də bizi düşmənlərdən xilasi; Bakının istirdadi, sonra ingilislərlə bərabər Biçeraxov və sairlərinin gəlişi ilə hasil olan iztirab və əndişə, parlamanın mütəntən (təntənəli – Ş.H.) surətdə açılması, Azərbaycan ordusunun vürüdi, Qarabağ, Naxçıvan, Lənkəran məsələləri, Dağıstan faciəsi, nəhayət, bugünkü şənliklər – iştə bir sənəlik həyati-istiqlalın xöf ilə ümid arasındakı iztirab və etminan dəqiqələri!
           Hər nasılsa növzadımız bir yaşına çatdı! Bu bir ilin ərzində azərbaycanlıların maddətən verdikləri qurbanlara müqabil qazandıqları yalnız xarici bizi müstəqil bir millət kimi tanımağa doğru və göstərdiyi bəzi təmailat deyil, ən böyük şeyi fikri-hüriyyət və istiqlalın artıq milli bir fikir olduğu keyfiyyətdir.
           Bundan iki sənə əvvəl biz türkçülər Azərbaycan şüarını böyük güldəstənin zəngin bir gülü kimi təsəvvür etdikdə, yalnız rus kadetləri ilə sosialistlərindən deyil, öz kadetlərimizlə sosialistlərimizdən dəxi müqabilə görürdülər.
           Bir sənə sonra bütün firqələr bunu bir zərurət kimi qəbul edərək Azərbaycan istiqlalının elanında iştirak etdilər. Bu gün isə hər kəs onu bir Muhibə kimi qarşılayıb bir amal və bir ideal kimi alqışlayır!
          Bu alqışlar yalnız siyasi firqələrin nümayəndələrindən deyil, ağac tüfəngləri ilə “iləri, iləri!” – deyə soqaqları dolaşan gənclərlə “Azərbaycan əsgərlərinin” yaşar gözləri və “Allah bədnəzərdən saxlasın” duası ilə ötürən cəmaətdən nəşeyi-istiqlalı dərk etmiş xalqdan gəlir.
          Bundan altı ay əvvəl Azərbaycan məclisi-məbusanın açıldığı gün : “Bir kərə yüksələn bayraq bir daha enməz!” – demişdim.
         O zaman içində bulunduğumuz zaman o qədər müşkül və o qədər pərxof idi ki, yüksəltdiyimiz bayrağı pək də yüksəkliyə qaldırmayır, onu yalnız parlaman binasına münhəsir etdiribdə “Müdara” (gözəl rəftar – Ş.H.) göstərmək məcburiyyətində qalırdıq.
         Bu məcburiyyətdən müntəsir olan bəzi bədbinlər “Hanıya bir kərə yüksələn bayraq, bir daha endirilməz!” – deyirsiniz? – deyirdilər!
         İştə qoy bugünkü gün, milli bayraqlara boyanmış Azərbaycan paytaxtı, o kimi bədbinlərin qəlbini təsfiyə etsin!
         Bir sənəlik həyat həqiqətən də göstərdi ki, bir kərə açılmış Ləvai-hürriyyət bir daha bükülməz!
         Doğrudur ki, bu gün yüksəltdiyimiz istiqlal bayrağını endirməyə, açdığımız Ləvai-hürriyyəti bükməyə çalışan düşmənlər var. Bu düşmənlər bu gün hər tərəfdən bizə pusqurmaqda, bizi təhdid etməkdədirlər.
         Fəqət, bir tərəfdən millətimizin gündən-günə artan əzmi-milliyisinə, istiqlal və hürriyyəti yolunda sabit qalacağına, digər tərəfdən də, nə desələr, dünya üzərində təsirsiz qalmayacaq, milliyyət fikr müəzziminin bilaxirə elani-zəfər edəcəyinə inanmaqla, bu tariximizi təbrik edəlim də, inanalım ki, bir yaşında növzad istiqlal təhlükəli qranlarını keçir.
Bir kərə yüksələn Ləvai-istiqlal, bir daha enməz!
Azərbaycan” qəzeti, № 190, 28 may 1919-cu il.
M.Ə.
 Rəsulzadə

P.S. Bu məqalə dəyərli tarixcimiz Şirməmməd Hüseynovun "Müstəqilliyin çətin yolu,Biz hara gedirik" kitabından götürulüb.  Şirməmməd müəllimə xüsusi təşəkkürlər .

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.