19.3.10

Xudadad bəy Məlikaslanov

Xudadat bəy Məlikaslanov (? aprel 1879, Tuğ – 23 iyul 1935, Rusiya) — Alim, ixtiraçı-mühəndis, texniki elmlər sahəsində ilk azərbaycanlı professorlardan biri.

Həyatı

Xudadad bəy Ağa bəy oğlu 1879-cu ildə Şuşa qəzasının Tuğ kəndində anadan olmuşdu. Şuşa real məktəbində oxumuşdu.

1901-ci ildə də RSDFP-yə daxil olur, 1904-cü ildə partiyadan çıxaraq ömrünün sonunadək bitərəf qalır.

1904-cü ildə Ali məktəbi bitirdikdən sonra yarım il Voloqda-Petrozavodsk yolunun tikintisində işləmişdir. 1905-ci ildə Tiflisə gəlmiş, burada Zaqafqaziya dəmir yolunda çalışmış, Surom bölməsində texniki qurğular tikmiş, Çianuri-Marqal mərkəzlərinə ensiz dəmir yolu çəkmişdir. 1912-17-ci illərdə Peterburq elmi jurnallarında dəmir yollarının sonrakı perspektiv texniki inkişafı yolları haqqında bir sıra məqalələrlə çıxış edir.

Fevral inqilabından sonra müvəqqəti hökumətin Zaqafqaziya dəmir yolu üzrə nümayəndəsi təyin olunur. Sonra, Zaqafqaziya komissarlığında dəmir yolu komissarı, Zaqafqaziya federativ hökumətində dəmir yol naziri olur (1917 noyabr-1918 may). Zaqafqaziya Seyminin, Azərbaycan Milli Şurasının üzvü olmuşdur.

1918-ci ildə Zaqafqaziya dəmir yolu tarixindən kitab nəşr etdirir.

Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra, hökumətin birinci kabinetində dəmir yol, teleqraf və poçt naziri olur. İkinci, üçüncü, dördüncü kabinetlərdə dəmir yolu naziri, beşinci kabinetdə dəmir yolu eyni zamanda sənaye və ticarət naziri və həm də hökumətin birinci müavini olur, Azərbaycan parlamentinin üzvü idi.

1919-cu ildə bilavasitə Məlik-Aslanovun iştirakı ilə dəmir yolunu kadrlarla təmin etmək üçün Bakıda dəmir yolu texnikumu açılır.

1919-cu ildə Məlik-Aslanovun rəhbərliyi ilə latın əlifbasına keçmək üçün komissiya yaradılır. Komissiyanın hazırladığı tədbirlər planını parlament təsdiq edir. Azərbaycan Xalq Cümhuriyyəti süqut etdiyindən bu məsələni həyata keçirmək mümkün olmur.

Sovet hakimiyyətinin ilk günlərində Məlik-Aslanov əvvəlcə tikinti komitəsində şöbə müdiri, sonra komitənin sədri olur. 1923-33-cü illərdə Xalq Təsərrüfatı Şurasında, Dövlət Plan komissiyasında, işləmiş Politexnik İnstitutunda dekan olmuşdur. SSRİ-nin və Azərbaycanın müxtəlif elmi texniki cəmiyyətləri və komissiyalarının üzvü olur. İki monoqrafiya bir sıra elmi məqalələr nəşr etdirir.

1930-cu ildə həbs olunmuş və 1933-cü ildə azad olunmuşdur. Azərbaycanda dəmir yollarının inkişafında əvəzsiz xidmətlər göstərməyinə baxmayaraq 1934-cü ildə əsassız ittihamlarla yenidən həbs olunur və 1935-ci ildə düşərgədə həlak olur. 1959-cu ildə ona bəraət verilir.

Xudadad bəy Mariya Viktorovna Aleksandrova ilə yaşam qurmuşdu.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.