5.10.10

BAKIDAKI İRAN SƏFİRLİYİ QARŞISINDA AKSİYA




Dünən saat 14:30-da “Dalğa” Gənclər Hərəkatı və Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) üzvləri Bakıdakı İran səfirliyi qarşısında aksiya keçirdilər. Axundov bağından İran səfirliyinə yürüş edən gənclər “İran, oğru!”, “Güney Azərbaycan siyasi məhbuslarına AZADLIQ!” şüarları səsləndirirdilər.
Aksiya iştirakçıları əllərində həbs olunan siyasi fəalların şəkillərini, Güney Azərbaycanın bayraqlarını və üstündə şüarlar yazılmış plakatlar tutmuşdular. Polis isə “İran oğru!” şüarları səsləndirən aksiyaçıların plakatlarını cırıb, bayraqlarını aldılar. Daha sonra mülki geyimli şəxslər əraziyə gəldilər. Həmin şəxslər isə gəncləri döyə-döyə polis maşınlarına basırdılar. 8 aksiya iştirakçısı həbs olunub:
Ramin Hacılı - Dalğa Gənclər Hərəkatı (DGH)
Rövşən Nəcəfov - DGH
Mehdi Hafizoğlu - DGH
Saleh Mehdiyev - DGH
Hacı Zeynal - DGH
Tural Qurbanlı - DGH
Elşən Nəcəfov - DGH
Ağrı Qaradağlı - GAMOH-un Bakı Bürosunun sədi
Qeyd edək ki, aksiyaçılar Səbayel rayon 9-cu polis bölməsinə aparıblar və iki saatdan sonra ifadələri alınaraq sərbəst buraxılıblar.
“Yeni Müsavat”a açıqlama verən GAMOH-un Bakı bürosunun sədri Ağrı Qaradağlı onlara bölmədə hədə-qorxu gəldiklərini də dedi: “Bizə bildirdilər ki, bir də bu ərazidə aksiya keçirməyin. Əgər belə hallar baş verərsə, bizi həbs edəcəklərini bildirdilər. Dedilər ki, dövlət tədbiri (Medvedyevin səfəri) olacaq belə bir ərazidə hay-küy salmaq olmaz. Biz isə İranda həbs olunan Güneyli soydaşlarımız azad edilməyənədək aksiyalarımızı dayandırmayacağıq. Sabahdan İranda ETTELAT qarşısında oturaq aksiyalar olacaq. Biz də həmin aksiyaçılara dəstək olmaq və güneyli siyasi məhbusların azad edilməsini tələb edən belə bir aksiya keçirdik”.
GAMOH-un Bakı bürosunun sədi növbəti aksiyanın İran konsulluğu qarşısında olacağını bildirdi.
Saxlanılanlardan Ramin Hacılı deyir ki, onlara mülki geyimli şəxslər tərəfindən fiziki zor tətbiq edilib.
Xatırladaq ki, Təbrizdə yaşayan milli fəal 35 yaşlı Ayət Mehrəlibəyli, onun həyat yoldaşı Zəhra Fərəczadə və qardaşının baldızı Kubra Fərəczadə 4 aydır ki, həbsdədir. Təkcə bu ilin may ayından indiyə qədər İranda 16 milli fəal həbs olunub.
Elmin BƏDƏLOV

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.