26.4.11

Orxan Nəbiyev: “Dalğa GH heç vaxt fəaliyyət istiqamətindən yayınmayıb”

Müsahibimiz Dalğa Gənclər Hərəkatının sədri Orxan Nəbiyevdir. O. Nəbiyevlə Dalğa Gənclər Hərəkatının hazırkı işləri, fəaliyyət planı, Prezident İlham Əliyevin sərəncamına əsasən “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın hazırlığı və 30 aprel terror hadisəsinin ikinci ildönümü ilə bağlı keçiriləcək tədbirlər barədə söhbətləşdik:

- Orxan bəy, sədr seçilməyinizdən 2 aydan artıq vaxt ötüb, hazırda hansısa layihələr üzərində işləyirsinizmi və ya bundan sonrakı planlarınız nədən ibarətdir?

- Sədr seçilməzdən əvvəl mənim, həmçinin namizəd rəqiblərimin platformaları var idi və  biz hazırda o platformaların reallaşdırması ilə məşğuluq. Söz verdiyim kimi, platformada qeyd olunan bütün bəndlər bir-bir yerinə yetiriləcək. Digər namizədlərin də təkliflərinin reallaşmasına çalışacam.

- Platformada hansı məsələlər nəzərdə tutulurdu?

- Platformada nəzərdə tutulan əsas iş "Mənim Təhsilim, Mənim Gələcəyim!" kampaniyasıdır. Hazırda biz bu kampaniya üzərində işləyirik. Bundan başqa Dalğa Gənclər Hərəkatının əvvəllər həyata keçirdiyi layihələrin və tədbirlərin yenidən bərpası üzərində işləyirik. Artıq "Demokratiya Məktəbi" yenidən fəaliyyətə başlayıb və dərslər start götürüb. Həmçinin bu yaxınlarda "Qovuşaq Forum" adlı səfərlərimiz yenidən fəaliyyətə başladı  və artıq bu ilə ilk səfərimizi həyata keçirimişik. Bu səfər çərçivəsində biz Qala Altıya səfər təşkil etdik. Səfərin mövzusu “Siyasət və Ədəbiyyat” idi. Mühazirəçilər gənc siyasətçi Ramin Hacılı və yazıçı Əli Əkbər idi.

- Son günlər ölkədə baş verən ictimai - siyasi proseslərlə əlaqədar olaraq, Dalğa GH bəzən tənqid hədəfinə tutulur. İttihamlar da əsasən bundan ibarət olur ki, Dalğa niyə aksiyalara çıxmır və ya niyə hər hansı bir formada həmin aksiyalara dəstək vermir. Bəzən hətta deyirlər ki, Dalğa GH öz fəaliyyət istiqamətindən yayınır. Bütün bunlara münasibətiniz necədir?

- Dalğa Gənclər Hərəkatı yarandığı gündən əsas fəaliyyət istiqaməti təhsil olub. Biz bu vaxta qədər heç vaxt öz fəaliyyət istiqamətimizdən yayınmamışıq. Təhsil sahəsində olan problemlərlə bağlı biz hər zaman radikal və prinsipial mövqe nümayiş etdirmişik. Keçirdiyimiz aksiyalarda və kampaniyalarda bunun şahidi olmaq olar. Mən bundan əvvəlki açıqlamamlarımda da bildirmişəm ki, heç vaxt hansısa bir siyasi partiyanın təşkil etdiyi aksiyalara qoşulmamışıq və bundan sonra da qoşulmayacağıq. Çünki Dalğa GH siyasi ambisiyası olan təşkilat deyil və heç bir partiyanın siyasi kursunu dəstəkləmir. Biz Azərbaycanda köklü dəyişikliklərin yolunu hər hansı bir mitinqdə və aksiyalarda görmürük, çünki bu işin çox kiçik bir hissəsidir. Ciddi dəyişikliyin təməli təhsil sistemi ilə bağlıdır, ona görə də biz təhsil sahəsində "döyüşməyə" üstünlük veririk, diskusiyaların aparılmasına, elmi müstəvidə müzakirələrin təşkilinə üstünlük veririk. Biz küçələrə çıxıb hər hansı bir şüar səsləndirib, sonra da dağılışmağı deyil, sitemli çalışmağı vacib hesab edirik. Təbii ki, sərbəst toplaşmaq insanların təməl haqqıdır. Hər bir kəsin sərbəst toplaşmaq azadlığı var və bu toplaşma azadlığı tanınmalıdır. Hər bir şəxsin də haqqıdır ki, ora çıxıb öz etirazını bildirsin, lakin Dalğa bir hərəkat olaraq bu aksiyalarda iştirak etmir.

- Bu vaxta qədər Dalğa GH öz etirazlarını əsasən "flash-mob"lar şəklində bildirib. Bu tip "flash-mob"ların təşkili yenidən gözlənilirmi?

- "Flash-mob" hər hansı bir problemin şişirdilməsi üçün istifadə olunur. Bəli, biz öz "flaşmob"larımızı vaxtı - vaxtında keçirəcəyik və bundan sonra da konkret istəklərlə, konkret tələblərlə bu "flash-mob"lar davam edəcək. Həm də bu bizim ənənəvi fəaliyyətimizdir.

- Yuxarıda qeyd etdiyim məsələlərə görə, Dalğa Gənclər Hərəkatını qınaq obyektinə çevirənlər sizcə nə dərəcədə haqlıdırlar?

- Ola bilsin həmin ittihamı irəli sürənlər Dalğa Gənclər Hərəkatının bəyannaməsi ilə tanış deyillər. Bizim bəyannaməmizdə mitinqlərin təşkil olunması, hər hansı bir siyasi hakimiyyəti istefaya səsləmək yazılmayıb. Bizim bəyannaməmizdə yazılıb ki, Dalğa Gənclər Hərəkatı təhsil problemlərinin, özünü ifadədə yaranan problemlərin həlli istiqamətində fəaliyyət göstərir. Biz Azərbaycan insanına zor güclə sırınan, heç bir hüquqi əsası olmayan mentalitetə qarşı vuruşuruq.

- Bir neçə gün əvvəl Prezident İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının hazırlanması üçün sərəncam imzaladı. Bildiyimizə görə, bu proqramda gənclərin təklifini nəzərə almaq üçün bir sıra gənclər təşkilatlarının liderləri Strateji Araşdırmalar Mərkəzində ortaq müzakirələr aparıb və bu müzakirələrdə siz də iştirak etmisiz. Həmin debatda nələr müzakirə edildi və gözləntiləriniz nədən ibarətdi?

- Proqramın tərtib olunması üçün dediyiniz kimi artıq gənclər arasında debatlar təşkil olunub və bu debatların təşkilatçılığını Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı edir. Bu təkliflərin hazırlanması üçün bir çox gənclər təşkilatı dəvət olunmuşdu. Təəssüflə qeyd edərdim ki, bu müzakirəyə siyasi partiya gənclər təşkilatları dəvət olunmamışdı. Mən çox istərdim ki, onlar da bu müzakirələrə dəvət olunsunlar. Məncə onların da fikri bu məsələdə önəmlidir. Artıq ilk debat təşkil olunub və bu debatın mövzusu “Gənclər və informasiya cəmiyyəti: imkanlar və problemlər. Gənclər nəyə baxır, nəyi dinləyir, nəyi axtarır?” idi. Debat zamanı informasiya texnologiyalarının vəziyyəti, gənclərin bu texnologiyalardan, yeni mediadan, sosial şəbəkələrdən istifadəsi müzakirə olundu və gənclər tərəfindən bir sıra təkliflər irəli sürüldü. Təkliflər müxtəlif olsa da, bir çox gənclər təşkilatları təklif etdi ki, informasiya texnologiyalarından istifadə etməklə Qarabağ problemi qabardılsın.

- Bəs sizin təklifləriniz nədən ibarətdir?

- Bizim verəcəyimiz təkliflər əsasən təhsillə bağlıdır. Bildiyiniz kimi təhsil hər zaman Dalğa Gənclər Hərəkatının əsas prioritet məsələlərindən biridir. Çünki fikrimizcə Azərbaycanda fundamental dəyişiliklərin səbəbi təhsil olmalıdır. Daha konkret desək,  təklif edirik ki, Azərbaycanda kollektiv təhsil sistemindən individual təhsil sisteminə keçid sürətləndirilməlidir. Dalğa Gənclər Hərəkatı da bu prosesdə vətəndaş cəmiyyəti rolunu oynamaq istəyir. Növbəti debatın da mövzusu "tələbə və gənclik"dir. Həmin debatlarda biz bu təklifimizi verəcəyik. Qeyd edim ki, bizim əsas məqsədimiz birbaşa universitet tələbələri ilə işləməkdir və bu sahədə biz bütün əməkdaşlığa açığıq. Bizim bu sahədə artıq kifayət qədər təcrübəmiz də var. Onu da vurğulayım ki, hərəkatımızda hazırda mənim rəhbərliyim altında işçi qrupu formalaşdırılıb və debatlar üçün edəcəyimiz təklifi paket şəklində hazırlayırıq və bu təkliflər paketi həm qeyd olunan elektron poçt ünvanına, həm də birbaşa debat iştirakçılarına təqdim olunacaq.

- Yuxarıda qeyd etdiniz ki, sizi təəssüfləndirən məqamlardan biri də odur ki, debatlarda siyasi partiya gənclər təşkilatları təmsil olunmurdu. Tam şəkildə aydın olmadı. Bu debatlarda ümumiyyətlə heç bir partiyanın təmsilçiliyi yox idimi?

- Xeyr, yox idi. Şəxsən mən bunun şahidi olmamışam. Burada söhbət həm iqtidar, həm də müxalifət partiyalarından gedir. Ola bilər ki, debatda iştirak edənlərin hər hansı bir partiya mənsubiyyəti var idi, amma heç kim rəsmi şəkildə partiyanı təmsil etmirdi. Bu da mənim fikrimcə üzücü bir haldır. Məncə bu kimi proseslərdə siyasi partiya gənclərinin də normal təkilflərini nəzərə almaq olar.

- Müzakirələrin nə zamana qədər davam edəcəyi gözlənilir?

- Müzakirələr 8 aktual mövzu ətrafında  Strateji Araşdırmalar Mərkəzində ayda 2 dəfə olmaqla keçiriləcək. Keçiriləcək debatların sonunda təkliflər qəbul olunacaq. Biz də öz təkliflərimizi edəcəyik.

- Gənclər üçün belə bir proqramın hazılanması və proqramın hazırlanması üçün müzakirələrin təşkil olunması sizin tərəfinizdən necə qarşılandı?

- Bizi bu tədbirdə iştirak etmək üçün Gənclər və İdman Nazirliyi dəvət etmişdi və biz bunu çox müsbət qarşıladıq. Çünki Dalğa Gənclər Hərəkatı Azərbaycan gəncliyinin və Azərbaycan cəmiyyətinin ayrılmaz bir hissəsidir. Həmçinin Azərbaycanda müstəqil gənclər təşkilatlarından biri və birincisidir. Biz bu gün cəmiyyətdə radikal gənclər təşkilatı kimi tanınırıq. Bunun da əsasında etdiyimiz etirazlar, tənqidlər durur. Əgər biz hər hansı bir qurumu tənqid ediriksə və ona təklif vermiriksə, bu artıq bizim günahımızdır. İndi isə bizə bir şans yaranıb ki, biz öz təkliflərimizi aidiyyatı qurumlara çatdıraq və biz də bunu müsbət dəyərləndiririk. Həmçinin Dalğa hansısa məsələlərdə təkliflərini “flash-mob” formasında edəcək.

- Orxan bəy, başqa bir mövzu ilə bağlı münasibətinizi öyrənmək istərdim. Bir neçə gün sonra - 30 aprel tarixində Azərbaycan Dövlət Neft Akademiyasında baş vermiş terror aktının ikinci ildönümü olacaq. Bununla bağlı bir sıra gənclər təşkilatları artıq aksiyalar keçirməklə bağlı qərarlar verib. Dalğa həmin vaxt nə işlə məşğul olacaq, hər hansı bir anım mərasiminin keçirilməsi gözlənilirmi?

- Qeyd edim ki, hazırda heç bir gənclər təşkilatından Dalğa Gənclər Hərəkatına bu aksiyalarda iştirakla bağlı təklif gəlməyib. Təbii ki, Dalğa GH gənclərin sıx şəkildə birləşdiyi, cəmiyyətdə rolu olan bir təşkilatdır və biz də 30 aprel tarixində terror qurbanlarını anacağıq. Amma bizim anım mərasimimiz hər hansi bir aksiya şəklində olmayacaq. Ancaq bütün hallarda biz öz kədərimizi Azərbaycan gəncləri ilə birgə bölüşəcəyik.

- Dediyiniz anım mərasimi hansı formada olacaq?

- Hadisənin baş verdiyi Azərbaycan Dövlət Neft Akademiyasını ziyarət edəcəyik, terror qurbanlarının yaxınlarına səbr, baş sağlığı diləyəcəyik. Həmçinin terror qurbanlarının adının əbədiləşdirilməsi ilə bağlı təklifin hazırlanması üzərində işləyirik. Yəni anım mərasimi bir deyil, bir neçə formada olacaq. Ancaq qeyd edim ki, bütün bu işləri görərkən qarşıdurmaya yol vermək istəmirik. Hər şey çox sivil bir şəkildə baş tutacaq.

- Əlavə etmək istədiyiniz hansısa məsələ varmı?

- Saytınıza uğurlar arzulayıram. Qısa bir müddətdə ciddi uğurlar qazanmısınız. Qeyd edim ki, mən də sizin xəbər portalınızın gündəlik oxucularındanam.

Pərviz Əzimov
ANN.Az

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.