18.5.11

"Dalğa"çılardan 4 təklif gəldi

"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının hazırlanması ilə bağlı ictimai müzakirələr davam edir. Bu müzakirələrdə Azərbaycanın bir sıra gənclər təşkilatı rəhbərləri, Gənclər və İdman Nazirliyinin rəsmiləri, Prezident Administrasiyasının nümayəndələri, millət vəkilləri, gənc fəallar və ekspertlər iştirak edir.


ANN.Az olaraq, bu müzakirələrin iştirakçısı olan müxtəlif qurumların təmsilçilərinin təkliflərini ictimaiyyətə açıqlamağa davam edirik.

Həmin müzakirələrdə iştirak edənlərdən biri də, "Dalğa" Gənclər Hərəkatının (DGH) sədri Orxan Nəbiyevdir.

DGH sədri ANN.Az-a açıqlamasında bildirib ki, Dövlət Proqramına salınması üçün əsasən 4 təkliflə çıxış ediblər: "Birinci təklifimiz təhsil sistemində Boloniya prosesinin sürətləndirilməsi ilə bağlıdır. Bununla bağlı 2008-ci ildə cənab Prezidentin müxtəlif sərəncamları və fərmanları olub. Lakin müşahidələr göstərir ki, bəzi universitetlər bu tapşırıqlardan irəli gələn tələbləri yerinə yetirməkdən yayınırlar. Bu isə təhsildə vahid sistemin olmamasına və ölkəmizin elmi tərəqqidən geri qalmasına səbəb olur. Təklif edirik ki, xüsusi dövlət komissiyası yaradılsın. Bu komissiya Boloniya təhsil sistemini mənimsəmiş mütəxəssislərdən ibarət olsun. Komissiya qarşısında əsas vəzifə Boloniya prosesinə keçidin strukturunu formalaşdırılması qoyulmalıdır. Bu komissiya həm də Boloniya prossesinə inteqrasiya sahəsində olan layihələrə kiçik qrantlar da ayırmalıdır. Bununla yanaşı bu prosedura nəzarət etmək üçün ictimai monitorinq qrupu yaradılmalıdır. Monitorinq qrupuna vətəndaş cəmiyyəti insitutları qəbul edilməli və universitetlərin Boloniya təhsil sisteminə uyğunluğunu təsbit edən araşdırmalar aparılmalıdır".

O.Nəbiyev ikinci təkliflərinin gənclər üçün nəzərdə tutulan ipoteka proqramının şərtlərinin gənclərin sosial vəziyyətlərinə uyğunlaşdırılması ilə bağlı olduğunu bildirib: "Gənclərin öz vətənində xoşbəxt olması və iqtisadi azadlıqlarına çatması çox vacibdir. Dövlətin azadlığı vətəndaşın azadlığından keçir. Azadlıq yaradıcılıq gətirdiyi üçün dövlətimizin tanınması naminə vətəndaşların iqtisadi asılılıqlarının aradan qaldırılması vacibdir. Bu həm də gənclərin öz vətəninə evi kimi yanaşmasına səbəb olacaq ki, bu da öz növbəsində vətəndaşlıq məsuliyyətini artıracaq".

DGH sədrinin üçüncü təklifi gnclərin müzakirə mərkəzinin yaradılması olub: "Ölkəni əhatə edən gənclər təşkilatlarının iştirakı ilə debatlar və müzakirələrin keçirildiyi mərkəz yaradılmalıdır. Mərkəzin əsas funksiyası araşdırmalar zamanı müəyyənləşən əsas problemlərdən çıxış yollarını müəyyənləşdirmək, həmçinin, problemlərin real həlli üçün mərkəzin hazırladığı təkliflərin dərhal reallaşması mexanizmi təsbit olunmalıdır. Bu həm də gənclərlə dövlət arasında dialoqun inkişafına xidmət edər".

"Dalğa"çıların dördüncü təklifi region gənclərinin inkişafı ilə bağlıdır. DGH bu məqsədlə paytaxt gənclərindən ibarət “Könüllü İntelektuallar” qruplarının yaradılmasını vacib hesab edir: "Bu qrup uyğun biliklərə sahib olan könüllülərdən təşkil olunmalıdır. Bu gənclər həm də müxtəlif sahələr üzrə ixtisaslaşmış olmalıdırlar. Qrup üzvləri ən azı 1 ay olmaqla seçilmiş regionda yaşamalı və həmin regionun gənclərinə müasir texnologiyanı və inkişaf metodologiyasını aşılamalıdırlar. Bu həm də region gənclərinin paytaxta inteqrasiya prosesini və gələcəkdə yaşanacaq “mədəni şok” effektinin aradan qaldırılmasına xidmət edəcək".

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.