5.2.14

Hacı Zeynallı: "Sistem gənci güclülərdən asılı hala salır"

2 fevral Azərbaycanda gənclər günü kimi qeyd olunur. Qaynar.info gənclər günündə Dalğa Gənclər Hərəkatının sədri Hacı Zeynallıdan aldığı müsahibəni təqdim edir.
"Gərək dövlətimiz gənclər arasında fərq qoymasın."
- Təqribən 1 aya yaxındır ki, Dalğa Gənclər Hərəkatının sədri seçilmisən. Bir çoxları Dalğanın fəaliyyətində durğunluq yaşandığını iddia edir. Bununla razısanmı? Əgər razısansa, bu durğunluğu aradan qaldırmaq üçün hansı işləri planlaşdırırsan? 
- 1 aydır ki, Dalğa Gənclər Hərəkatının (Dalğa GH) sədriyəm. Seçkilərə qatılmazdan əvvəl  platforma hazırlamışdım. Hazırda orda qeyd olunan bəndlər üzərində və digər tərəfdən dalğaçıların ideyaları, bu gün üçün aktual olan məsələr üzərində işləyirik. Bunların paralelində əvvəl fəaliyyət göstərmiş bir sıra layihələrin, klubların bərbası üzərində çalışırıq. Xüsusilə də, “Alma” qəzetinin yenidən meydana gəlməsi yolunda işləri davam edirəm.  Həmçinin hər həftə “Demokratiya Məktəbi”nin dərsləri təşkil edilir və bu məktəbin genişlənməsi yolunda işlər görülür. Bu günə qədərki fəaliyyətimizdə olan durğunluqdan sürətli çıxış var, səbəb də Dalğa GH-nın dönüşüdü. Çünki gənclər sektorunda baş verən sakitlikdə yalnız hərəkatımızın adına və gördüyü işlərə şahid olduq. Bundan sonra da bizi daha çox görünəcəyik.
- Sabah ölkədə gənclər günü qeyd olunacaq. Dövlətin gənclər siyasətini necə dəyərləndirirsən? 
- İlk öncə, Gənclər Günü münasibətilə bütün gəncləri, eləcə də dalğaçı dostlarımı təbrik edirəm. Biz, Dalğa Gənclər Hərəkatı olaraq ən önəmli  məsələ olan təhsilin üzərində dayanmışıq. Ölkə gəncliyinə münasibət təhsil səviyyəsinə olan münasibətlə ekvivalent təşkil edir. Səviyyənin aşağı olması bütöv bir gəncliyin də axsamasına gətirib çıxarır. Gənc komfortu sevir, insanın düşdüyü mühitin fəaliyyətinə təsiri böyükdür. Universitetlərdəki təhsil, tələbələr üçün yaradılan şərait çox aşağıdır, Azərbaycan gəncinə, tələbəsinə, ümumilikdə ölkə vətəndaşına layiq deyil. Düşünürəm ki, hazırda ən çox qayğı və diqqətin ayrıldığı sahələrdən biri idmandır. Lakin bununla yanaşı bizə sağlam bədəndə sağlam beyinlər lazımdır. Çox gülməli vəziyyətdir ki, illərdir bu ölkə dünyaya beyin kapitalı ixrac eləmir.  Onun üçün təhsil səviyyəsinin yaxşılaşdırılması, beynəlxalq standartların tətbiqi, digər yandan gənclərin xaricdə təhsil almasına imkanların genişləndirilməsi lazımdır. Bununla yanaşı tələbə və gənclərlə mütəmadi dialoqlar aparılmalı, bir masa ətrafında bu məsələlər müzakirə olunmalıdır. Mən özüm beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alıram. Sabahın diplomatıyam və təbii ki, istənilən məsələdə bu gün "qordi düyünü"nü açmaq intellektual, təhsilli gənclərdən çox  asılıdır. Bunun üçün də yuxarıda sadaladıqlarım mütləq vacibdir.  Digər bir tərəfdən isə vətəndaş cəmiyyətinin inkişafına yönəlik maneələr də gənclərə olan münasibətin aşağı olmasından xəbər verir. Burada gənclər deyəndə daha çox fərqli  düşünən gənclərə olan münasibəti nəzərdə tuturam. Bizim də əsas məqsədimiz demokratiyanın fundamental dəyərlərini özündə ehtiva edən vətəndaş cəmiyyətinin qurulması uğrunda mübarizədir. Ölkəni boz çalarların əsarətindən çıxarmağa çalışan rəngli insanlar bu ölkədə layiqi qiymətlərini almırlar. Ögey münasibət çox aydın sezilir.
- Ölkə gənclərinin ən böyük problemləri hansılardır və Dalğa GH bunların həlli istiqamətində hansı fəaliyyətləri həyata keçirməyi düşünür? 
- “Azərbaycan gənci” anlayışı “problemli gənc” statusu ilə sinonimdir. Ölkə gəncləri problemlər girdabında yaşayır. Deyərdim ki, yaşamaq uğrunda mübarizə, təbii seçmə mərhələsi bizlər üçün çox çətindir. Sistem gənci özündən güclülərdən asılı hala salır. Digər bir tərəfdən isə bu asılılıq gəncin normal, azad fərd kimi yetişməsinə mane olur. Standartlığın, monotonluğun əsirinə çevirir. Qayəsi absurdluqdan təşkil olunmuş mental dəyərlərin insan həyatını monopoliyaya alması da bu çətinliklərə əlavə və deyərdim ki, ən ciddi yükdür. Amma biz gəncləri inadlı, yaradıcı olmağa çağırırıq. Mən hərəkatımızdakı seçki zamanı belə bir ifadə işlətmişdim: “Çox adam deyir ki, Şekspir olmasa idi, ingilis ədəbiyyatı buz bağlayardı. Dalğa GH da olmasa idi, bu cəmiyyət buz bağlayardı”. Bu gün Dalğa GH-nın olması bu problemlərin həlli uğrundan mübarizə aparan kəsimin olmasından xəbər verir. Biz yenə də gənclərin problemlərini gündəmdə saxlayacayıq, ictimai şüurun inkişafı yönündə fəaliyyət, aydınlatma missiyasını  gücləndirərək davam edəcəyik. Hədəflərimiz uğrunda döyüşəcəyik. Qoymarıq ki, cəmiyyət boz rəngin əsirində qalsın.
- İntiharların qarşısını almaq məqsədi ilə kampaniyaya başladığınızı bəyan etmişdiz. Hazırda kampaniya ilə bağlı durum necədir? 
- İntiharların günü-gündən artması mövcud problemlərin həlli üçün fəaliyyət dairəsinin genişləndirilməsini tələb edir. Biz bu yaxınlarda intihar məsələsini ictimailəşdirmək üçün flaş-mob və tədbirlər keçirmişik. İnsanlarımızı inad etməyə dəvət eləmişk və çıxış yolunun özünəqəsddə olmadığını aşılamağa çalışmışıq. Biz sahiblənməni qarşımıza məqsəd qoymuşuqsa, bu məqsədə sadiq qalmaq naminə işlərimizi də davam edəyəcəyik. İntihar sayının çoxalması qorxusu, özünəqəsd hallarının adiləşməsi və bu yönümdə ciddi fəaliyyətin olmaması səbəbindən yeni bir kampaniyaya başlamışıq. İnsanların intihar həddinə çatdırılması ilə bağlı qanunvericiliyin sərtləşməsi ilə bağlı hökumət qarşısında məsələ qaldıracağıq. Digər tərəfdən isə insanlara təmənnasız psixoloji yardım mərkəzi yaradacağıq. Təşkilatlanma mərhələsindəyik. Hazırda bununla bağlı danışıqlar gedir. Yaxın günlərdə hazırlıq işləri başa çatacaq və cəmiyyət yaratdıqlarımızı görəcək.
- Dalğa GH hər ili hansısa mövzuya aid il elan edir. 2014-cü ili nə ili elan etməyi düşünürsüz? 
Bu ili “M. Ə. Rəsuzladə ili” eləməyi düşünürük. Ölkə başçısı 22 noyabr 2013-cü ildə Azərbaycan Demokratik Respublikasının banisi, görkəmli ictimai-siyasi xadim Məmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalamışdı. Ancaq imzalandığı iki gün öncəyəə, yəni 130 yaşı olduğu günə qədər elə də ciddi bir tədbirin keçirildiyinin şahidi olmamışıq. Bundan sonra nələrinsə olması sual altındadır. Sərəncamın icrasına laqeyd və soyuq münasibət göstərilir. Düşünürük ki, hazırki vəziyyətdə bu il ərzində elə də ciddi addımlar atılmayacaq. Ümumulikdə isə həmin şəxsə göstərilən bu münasibət tariximizin şanlı səhifəsinə göstərilən münasibət kimi dəyərləndiririk. Məsələni gündəmdə saxlamaq üçün bu il çərçivəsində  bir sıra tədbirlərin keçirilməsini nəzərdə tuturuq.
- Gənclər günü ilə bağlı hansı planlarınız var? Hər hansı rəsmi tədbirə dəvət almısızmı? 
- Dalğa GH-da əsasən üzvlər tələbələrdi və bu səbəbdən imtahanlar təzəlikcə bitdiyinə görə bu günü xüsusi qeyd eləməyi planlaşdıra bilməmişik. Gənclər günündə gəncə ən önəmli hədiyyə onun kəsirsiz növbəti sessiyaya daxil olmasıdır (gülür). Digər suala gəldikdə isə, heç bir tədbirə dəvət almamışıq. Dediyim kimi, bu ölkədə fərqli gəncliyə münasibət göz önündədir. Gərək dövlətimiz gənclər arasında fərq qoymasın. 
Pərviz
Qaynar.info

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.