1.12.05

Hesabat / 2005-2006

12 fevral 2005-ci ildə İqtisad Universitetinin 7 tələbəsi tərəfindən yeni gənclər hərəkatının qurulması təşəbbüsü irəli sürülüb.
• 17 fevraldan 5 aprelə qədər təşəbbüsə müxtəlif ali məktəblərdən 130-dan çox gənc qoşulub.
• 5 aprel 2005-ci ildə 41 nəfərdən ibarət Təşkilat Komitəsi (TK) yaradılıb və ali orqan kimi fəaliyyətə başlayıb.
• 12 aprel 2005-ci ildə gizli səsvermə yolu ilə Ramin Hacılı TK-nin sədri, Zinəddin Babayev isə TK sədrinin birinci müavini seçilib.

• 16 aprel 2005-ci ildə yeni qurumun «Dalğa Gənclər Hərəkatı» adlandırılması qərarı qəbul edilib. Dalğanın emblemi azad fərd və azad cəmiyyəti özündə ehtiva edən iç-içə açıq bucaqlı üçbucaqlar şəklində qəbul edilib.
• 22 aprel 2005-ci ildə Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Dalğa Gənclər Hərəkatı (GH) ictimaiyyətə Hərəkatın yaradılması və qarşıya qoyduğu məqsədlər barədə məlumat vermək üçün mətbuat konfransı keçirib.
• 6 may 2005-ci ildə hüquq müdafiəçiləri Rəna və Murad Sadəddinovlarla görüş keçirilib.
• 11 may 2005-ci ildə hüquq müdafiəçisi Leyla Yunusla görüş keçirilib.
• 15 may 2005-ci ildə hüquq müdafiəçiləri ilə görüşlərin nəticəsi olaraq, Hərəkat fəalları tələbələrin hüquqlarını qorumaq üçün Tələbələrin Hüquqlarını Müdafiə Komitəsi yaradıb.
• 25 may 2005-ci ildə üzərində tələbələrin hüquqları yazılmış «Hüquqlarını bil və onları qorumağa çalış» başlıqlı 20 min vərəqə 56 hərəkatçı tərəfindən Bakı şəhərində yerləşən bütün ali təhsil ocaqları qarşısında tələbələrə paylanmışdır.
• Aksiya zamanı Hərəkatın sədri Ramin Hacılı, fəalları Şəbnəm Abdullazadə, Zeynal Eldarlı, Həmid Çərkəzov, Valeh Müzəffərli və Elçin Məmmədov polis tərəfindən saxlanılıb. Yerli və beynəlxalq təşkilatların, KİV nümayəndələrinin səyləri nəticəsində 7 saat sonra saxlanılanlar ifadələri alınaraq, azadlığa buraxılıb.
• 30 may-30 iyun 2005-ci ildə Bakıdakı ali məktəb tələbələri arasında sorğu keçirilib. Sorğu nəticəsində tələbələrin əsas problemlərinin rüşvət, hüquqlarının müəllimlər və universitet rəhbərliyi tərəfindən pozulması olduğu aşkarlanıb. Sorğuda həmçinin əsas rüşvətxor müəllimlərin adları tələbələr tərəfindən qeyd edilib.
• 31 may 2005-ci ildə Dalğa GH-nin sədri Ramin Hacılı və beynəlxalq əlaqələr üzrə koordinatoru Ayan Musayeva ATƏT-in Bakı ofisinin rəhbərliyi ilə görüşüb.
• 8 iyunda ATƏT/DTİHB Tələbatların Qiymətləndirilməsi Missiyası QHT-lərlə görüş çərçivəsində Dalğa GH-nin rəhbərliyi ilə də görüşüb. Bu ATƏT-in hesabatında öz əksini tapıb (17 iyun 2005).
• 19 iyun 2005-ci ildə Dalğa GH-nin fəalları «Patriarxizmə yox« şüarı yazılmış afişanı Bakının mərkəzində yerləşən Fəvvarələr bağında, hər kəsin gördüyü yerdə asaraq, Azərbaycanda hökm sürən feodal ailə münasibətlərinə, bu münasibətlərin cəmiyyətin bütün sferalarında - siyasətdə, iqtisadiyyatda, ictimai münasibətlərdə dominatlıq etməsinə etirazını bildirib.
• 1 iyul 2005-ci ildə Hərəkatın saytı fəaliyyətə başlayıb (www.dalga.com).
• 4 iyul 2005-ci ildə Dalğa GH Təhsil Nazirliyinə ali məktəblərdə insan haqları dərsinin keçirilməsi təklifi ilə müraciət edib.
• 19 iyul 2005-ci ildə Hərəkatın sədri Ramin Hacılı Gəncəyə səfər edərək, yerli nümayəndələrlə birlikdə Gələcəyə Körpü, Transparency-Gəncə, Müstəqil Gənclər Mərkəzi, Helsinki Vətəndaş Assambleyası Qərb Bölgəsi nümayəndəliyi, İREK-Gəncə, Gəncə Təhsil Məlumat Mərkəzi (Soros) və başqa qurumlarla görüşlər keçirib. Görüşdə gənclərin problemlərinin həlli istiqamətində qarşılıqlı əməkdaşlığın bundan sonra daha da dərinləşməsı qərara alınıb.
• 19 iyul 2005-ci ildə Gəncə Təhsil Məlumat Mərkəzində (Soros) Təhsil Könüllüləri layihəsinin təqdimatı və ilk seminarı olub. Bu seminar yerli «Alternativ» telekanalı və mətbuat tərəfindən geniş işıqlandırılıb.
• 25 iyul 2005-ci ildə saat 16:00-dan 18:00-dək İREK-in təşkilatçılığı ilə www.iatp.az saytında tələbələrin iştirakı ilə forum keçirilib. Forumun mövzusu «İnsan Haqları» dərsinin ali məktəblərdə tədris edilməsinin vacibliyi bildirilib.
• 2-4 avqust 2005-ci ildə 10 Təhsil Könüllüsü Qax rayonunda 2 günlük seminar-treninq təşkil edib.
• 29-30 avqust 2005-ci ildə Təhsil Könüllüləri layihəsi çərçivəsində Dalğa GH-nin 10 üzvü Gəncə, Samux, Xanlar və Şəmkirdə seminar-treninqlər təşkil edib.
• 29 avqustda Milli Qəhrəman Çingiz Mustafayevin doğum günü münasibəti ilə Gəncə şəhəri 1 saylı uşaq evində görüş təşkil olunub.
• 5 sentyabr 2005-ci ildən etibarən gənclərin asudə vaxtlarını səmərəli təşkil etmək məqsədi ilə müxtəlif əyləncəli tədbirlər keçirilməsi qərara alınıb.
• 11 sentyabr 2005-ci ildə «Terrora yox deyirik!» şüarı ilə Dalğa GH-nin üzvləri ABŞ-ın Azərbaycandakı səfirliyi qarşısında əklil qoyub və məlum 11 sentyabr hadisələrini pisləyən bəyanatla çıxış edib.
• 17 sentyabr 2005-ci ildə tələbələrlə ictimai xadimlərin ünsiyyətini təşkil etmək üçün İctimai-Fəlsəfi Klub təsis edilib.
• 20 sentyabr 2005-ci ildə Hərəkatın qurucularından Ramin Hacılı və Elçin Məmmədov təhsil aldıqları Azərbaycan Dövlət İqtisad Universitetindən xaric edilib. Heç bir hüquqi əsas olmadığı üçün universitet rəhbərliyi bir gün sonra qərarını dəyişib.
• 27 sentyabr 2005-ci ildə BMM-də Dalğa GH-nin yeni kampaniyası - «Təhsildə Rüşvətsiz 1 il» çərçivəsində görüləcək işlər, təhsildə rüşvətə qarşı atılan və atılacaq addımlar barəsində ictimaiyyətə məlumat verib. Tədbirdə Hərəkatın 5000 tələbə arasında keçirdiyi sorğunun nəticələri açıqlanıb.
• 10 oktyabrda LİNKS Beynəlxalq Təşkilatı nümayəndələri ilə görüş təşkil edilib və əməkdaşlıq imkanları müzakirə olunub.
• 16 oktyabr 2005-ci ildə LİNKS Beynəlxalq Təşkilatının Grescent Beach Otelində «Parlament seçkiləri və gənclər» mövzusunda keçirdiyi tədbirdə Dalga GH 12 nəfərlə təmsil olunub.
• 18 oktyabr 2005-ci ildə Dalğa GH-nin 70 tələbə üzvü üzərinə «Rüşvətsiz Təhsil» yazılmış parçaları alnına və qoluna bağlayaraq, Fəvvarələr bağında 2 saatlıq aksiya keçirib. Aksiyanın sonuna yaxın 7 nəfər aksiya iştirakçısı polis tərəfindən saxlanılıb və 3 saat sonra ifadələri alınaraq, sərbəst buraxılıb.
• 5 noyabr 2005-ci ildə Azərbaycan Respublikası parlamentinə keçirilən seçkilərdə Dalğa GH «İnamlı Səs» QHT Koalisiyası çərçivəsində iki dairədə exit-poll keçirib, yüzdən çox hərəkatçı müstəqil müşahidəçi qismində və 16 nəfər məşvərətçi səs hüququ ilə seçki prosesində aktiv iştirak edib.
• 10 noyabr 2005-ci ildə Dalğa GH təhsildə rüşvətə qarşı mübarizə kampaniyası çərçivəsində Transpearency-Azerbaijan, Amerika Hüquqşunaslar Assosiasiyası (ABACELLI) və başqa yerli və xarici təşkilatlarla əməkdaşlığa başlayıb.
• 21 noyabr 2005-ci il Dalğa GH-nin qurucularından olan Azərbaycan Dövlət İqtisad Universitetinin tələbəsi Emin Hüseynov ictimai fəallığına görə universitetden xaric edilib.
• 2 dekabr 2005-ci ildə təhsildə rüşvət halları ilə bağlı müraciətlərin qəbulu üçün Hərəkatın qaynar xətti fəaliyyətə başlayıb.
• 23 dekabr 2005-ci il qış imtahanlarının monitorinqinin təşkilində Dalğa GH-yə imkan yaradılması üçün Təhsil Nazirliyinə müraciət edilib.
• 24 dekabr 2005-ci ildə aparılan mübarizə və hüquq müdafiəçilərinin, xüsusən də, Çingiz Qənizadənin səyləri, həmçinin KİV və beynəlxalq təşkilatların dəstəyi nəticəsində Emin Hüseynovun hüquqları bərpa edilib.
• 29 dekabr 2005-ci ildə Tələbələrin Hüquqlarını Müdafiə Komitəsinin hesabatı açıqlanıb, qış imtahanları ərəfəsində və imtahanların gedişində Hərəkatın görəcəyi işlər barədə mətbuata məlumat vermək məqsədi ilə BMM-də tədbir keçirilib.
• 1 yanvardan 1 fevraladək qış imtahanlarının monitorinqini həyata keçirmək üçün müxtəlif ali məktəblərdə Dalğa GH-nin üzvləri imtahanların gedişini izləyib.
• 6 yanvar 2006-cı ildə Dalğa GH-nin sədri Ranim Hacılı və Tələbələrin Hüquqlarını Müdafiə Komitəsinin nümayəndəsi Elvin Kazımlı təhsil naziri ilə görüşərək, öz təkliflərini verib.
• 12 fevral 2006-cı ildə «Half Way İnn» restoranında Dalğa GH-nin 1 yaşı qeyd olunub.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.