12.12.06

Dalğadan aksiyalar həftəsi



Gənclərin orijinal aksiyaları polisi hərəkətə gətirdi


Bu həftə Dalğa Gənclər Hərəkatı daha bir neçə orijinal aksiya keçirdi. Noyabrın 22-də söz azadlığına basqılara etiraz olaraq, "Azadlıq" qəzetinin redaksiyasında aclıq edənlərə dəstək aksiyasında gənclərin qaldırdığı şüarlarda "Azadlıq"a təyziqlər söz və insan azadlığına, eyni zamanda tariximizə basqı kimi dəyərləndirilirdi.



Ən maraqlı və orijinal məqam ondan ibarət idi ki, gənclər "Azadlıq" qəzeti redaksiyasının yerləşdiyi binanın divarlarını yumağa başladılar. Dalğa Gənclər Hərəkatının sədri Ülvi Həsənlinin dediyinə görə, bu aksiya həm də bütövlükdə mətbuata hücumlara etiraz xarakteri daşıyır: "Divarları yumaqla demək istəyirik ki, "Azadlıq"a nə qədər çirkab atsanız da, onlar beləcə yuyulub gedəcək. Bu qəzetin müstəqilliyimizin qazanılmasında müstəsna xidmətləri var. Biz "Azadlıq"a olan basqılara etiraz etməklə, həm də öz azadlığımızın qayğısına qalırıq, azadlıq tariximizi qoruyuruq". Aksiyadan sonra Dalğaçı gənclər redaksiyanın binasında aclıq edənlərə baş çəkib onlardan aksiyanı dayandırmağı xahiş ediblər.


Sonra İqtisad Məhkəməsinin qarşısında


Noyabrda 24-də Dalğa gənclər hərəkatı daha bir orijinal aksiyanı İqtisad Məhkəməsinin qarşısında keçirdi. Xatırladaq ki, həmin gün İqtisad Məhkəməsində Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin "Azadlıq" qəzetinə qarşı qaldırdığı iddiaya baxılırdı. Məhkəmə binasının qarşısında yerə oturan gənclər əvvəlcədən əllərində tutduqları, arxasına "Azad hakim" "Azad fərd, azad cəmiyyət" şüarları yapışdırılmış "Azadlıq"qəzetlərini oxumağa başladılar.

Dalğa Gənclər Hərəkatının koordinatoru Rövşən Nəcəfov bildirdi ki, bu aksiyanı keçirməklə onlar heç də müxalifəti müdafiə etmək məqsədi güdmürlər: "Biz öz prinsiplərimizdən çıxış edirik. Buraya azad mətbuatın, azad məhkəmənin, azad insanın olması şərtləri daxildir".

R.Nəcəfovun fikrincə, müxalifətsiz Azərbaycanı yaxşı heç nə gözləmir: "Təkcə ona görə yox ki, həmişə fərqli fikrə ehtiyac var. Məsələ burasındadır ki, müxalifət olmasa, ölkədəki radikal qüvvələr üçün geniş meydan açılacaq".

Özünü hadisə yerinə çatdıran polislər tədbiri vəhşicəsinə dağıtsalar da, qəzetləri əllərdən alıb cırsalar da gənclər öz fikirlərini ifadə edə bildiklərindən aksiyanı baş tutmuş hesab etdilər. Bununla onlar azad mətbuat istədiklərini, azad sözü müdafiə etdiklərini göstərirdilər.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.