12.12.06

Təhsil qanunu ictimai müzakirəyə çıxarılsın!



Dalğa bu tələblə həftəboyu bir neçə dəfə orijinal etiraz aksiyası keçirib

10.11.2006

Dalğa Gənclər Hərəkatı ""Təhsil haqqında qanun" ictimai müzakirəyə çıxarılsın!" tələbi ilə bir neçə orijinal aksiya keçirib. Aksiyalardan birincisi orta və ali təhsil ocaqlarında həmin tələblə keçiriləcək "Biz oxumaq istəyirik!" adlı şəhər gəzintisinə dəvət vərəqələrinin paylanılmasından ibarət oldu. Üç gün ərzində 4000 şagird və tələbəyə həmin vərəqə paylanıldı.
Aksiya qanunverici orqanın qarşısında keçirilib. Noyabrın 10-da isə gənclər olduqca orijinal aksiya təşkil etdi. Bu dəfə Dalğaçılar Milli Məclisin qarşısında qrup şəklində kart oynamaq, bayağı musiqinin sədası altında rəqs etmək və siqaret çəkməklə təhsil qanununun olmadığı cəmiyyətdə gənclərin hansı zərərli işlərlə məşğul ola biləcəklərini nümayiş etdirməyə çalışdılar.

Polislərlə qarşıdurma yaranmasın deyə, gənclər aqressivlik göstərmir, tələblərini səsləndirməklə kifayətlənirdilər. Əsas məqsəd Milli Məclisin sessiyasında yaranacaq fasilə zamanı binanı tərk edən deputatların diqqətini problemə cəlb etmək idi. Millət vəkillərindən Aqil Abbas, Əkrəm Əylisli rəqs edən, kart oynayan gəncləri görsələr də, heç bir reaksiya vermədilər. Polislərin əhatəsində aksiyanı davam etdirən gənclərə yalnız Ümid Partiyasının sədri İqbal Ağazadədən dəstək gəldi. Millət vəkili "Təhsil haqqında qanun"un ictimai müzakirəyə çıxarılması tələbini parlamentdə səsləndirəcəyinə söz verdi.

Milli Məclisin binası önündən birbaşa Fəxri Xiyabana üz tutan Dalğanın üzvləri ilk Təhsil Qanununa imzalamış mərhum prezident Əbülfəz Elçibəyin məzarını ziyarət etməklə aksiyanı sona çatdırdılar.

Noyabrın 11-də Dalğaçılar eyni tələblə növbəti aksiya-şəhər gəzintisi təşkil etdilər. Gəzintinin başlanğıcı kimi Sahil bağı nəzərdə tutulsa da, polislərin həmin ərazidə toplaşması buna mane oldu. Belədə gənclər gəzintini Nəsimi heykəlinin yanından metronun "Bakı Soveti" stansiyasına və eyni istiqamətlə geriyə reallaşdırmağı qərara aldılar. Aksiyada iştirak edən gənclər əllərində ağ vərəq tutmuşdular. Bu, "Təhsil haqqında qanun"un olmamasına işarə idi. Nizami küçəsində gəncləri yaxalayan polislər onlara dağılışmaq əmri verdi və həmin vərəqləri müsadirə etdilər. Gənclər isə polislə qarşıdurma yaranmasın deyə, gəzintini sona çatdırdılar.


Qarşıdakı günlərdə Dalğa Gənclər Hərəkatı "Təhsil haqqında qanun"un ictimai müzakirəyə çıxarılması üçün Milli Məclis üzvləri ilə fərdi görüşlər keçirməyi planlaşdırır.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.