HƏYATI
Nəcəf bəy Vəzirov 1854-cü il aprel ayının 11-də Azərbaycanın səfalı güşələrindən olan Şuşa şəhərində doğulmuşdur.Yazıçının uşaqlığı fərəhsiz keçmişdir.Atası Fətəli bəy xəstə və bacarıqsız adam olduğundan ailənin çətinliyi anası Mina xanımın üzərinə düşmüşdür.Nəcəf bəy də özü təbiətən sakit və qaradinməz, bədəncə zəif və xəstə olmuşdur.Anasının arzusu bu idi ki, yeganə oğlunu sağlam görsün və onu məktəbə göndərsin.Lakin uşağın səhhəti buna imkan vermir, ananın arzusu hər il ürəyində qalırdı.
Özünün yazdığına görə, Nəcəf bəy yalnız 12 yaşı tamam olanda məktəbə gedə bilmiş, tez bir zamanda oxuyub-yazmağı öyrənmişdir.N.Vəzirov ilk təhsilini dini məktəbdə almışdı.O, burada bir il oxuduqdan sonra Şuşa şəhərindəki mülkiyyə məktəbinə gedir.Lakin yeniyetmə gənc həmin məktəbdə oxuya bilmir.Burada müəllimin amansız rəftarı, uşaqları yerli-yersiz döyüb işgəncə verməsi Nəcəfi məktəbdən uzaqlaşdırmağa məcbur edir.
N.Vəzirov 1868-ci ildə doğma Şuşadan ayrılıb Bakıya gəlir.O, burada imtahan verib real gimnaziyanın ikinci sinfinə daxil olur.Öz bacarığı və biliyi ilə o, tezliklə müəllimlərin rəğbətini qazanır.Gimnaziyanın son siniflərində oxuyarkən artıq Nəcəf əlaçı bir şagird kimi tanınır, o, hətta dövlətli uşaqlarına dərs deməklə məşğul olurdu.
Gimnaziyada oxuyarkən N.Vəzirovun böyük Azərbaycan alimi, o, zaman gimnaziyada dərs deyən Həsən bəy Zərdabi ilə tanışlığı onun fikri inkişafına qüvvətli təsir göstərir.H.Zərdabi şagirdlərində təkcə elmə maraq oyatmaqla kifayətlənmirdi.O, çalışırdı ki, şagirdlər xalqın gələcək inkişaf yollarını düzgün analsınlar, onun azadlığı və maariflənməsi uğrunda mətin mübarizələr kimi yetişsinlər.
Məhz H.Zərdabinin məsləhəti ilə N.Vəzirov gimnaziyada təbiət elmlərinə xüsusi maraq göstərir, rus klassik yazıçılarının əsərlərini mütaliə edərək mütərəqqi ideyalarla tənış olur.Yazıçının teatrla tanışlığı da bu zaman başlanır.O yazır: "1873-cü ildə altıncı klasda oxuduğum halda birinci dəfə rus teatrına getdim.Bu gecə mənə nəhayət dərəcədə təsir elədi.Onun necə bir şey olduğunu başa düşdüm".
1874-cü ildə N.Vəzirov real gimnaziyanı qurtarıb təhsilini davam etdirmək üçün rusiyaya gedir.O, əvvəlcə Moskvada olur, sonra dostu Əsgər ağa Gorani ilə birlikdə Peterburqa gedib Əkinçilik İnstitutuna qəbul olmaq istəyir.Lakin atestatındakı qiymətlər həmin instituta qəbul tələblərini ödəməyi üçün o, avqust ayının sonlarında yenidən Moskvaya qayıdır və sentyabrda Petrovski-Razumovski Meşə və Torpaqşünaslıq Akademiyasının meşəçilik şöbəsinə daxil olur.
N.Vəzirov Moskvada təhsil aldığı illər Rusiyada azadlıq ideyalarının, zəhmətkeş kütlənin mənafeyini müdafiə edən xalqçılıq hərəkatının genişləndiyi bir dövrə təsadüf edir.Hələ Bakıda real gimnaziyada oxuyarkən H.Zərdabi kimi milli azadlıq carçısının ideyaları ilə tərbiyələnən N.Vəzirov Moskvada daha qaynar bir inqilab mühitinə düşür.O, tezliklə qabaqcıl fikirli gənclərlə dostlaşır, Təhsil aldığı Akademiyanın daxilində baş verən tələbə çıxışlarında və gizli təşkilatlarında iştirak edir.Hətta 1878-ci ildə H.Zərdabinin təşəbbüsü ilə "Imdadiyyə" adlı dərnək təşkil edir.
1878-ci ilin iyun ayında N.Vəzirov Petrovski-Razumovski Akademiyasının meşəçilik şöbəsini bitirib təyinatla Qafqaza göndərilir.O, Yelizavetpol quberniyasının Tərtər nahiyəsinə üçüncü dərəcəli meşəbəyi təyin olunur.1880-ci ilin iyul ayına qədər burada çalışır.Sonra onun vəzifəsini böyüdürlər.Vəzirov ikinci dərəcəli meşəbəyi kimi Irəvan quberniyasının Dilican nahiyəsinə meşəbəyi təyin olunur.1887-ci ilə qədər burada çalışıb yenidən iş yerini Yelizavetpol quberniyasına dəyişir.
90-cı illərin əvvəllərindən başlayaraq Rusiyada inqilabi-azadlıq hərəkatının yüksəlişi ilə əlaqədar Petrovski-Razumovski Akademiyasının məzunlarını təqib edirlər.Bununla əlaqədar olaraq N.Vəzirovu da siyasi etibarsızlıqda günahlandırıb meşəbəyi vəzifəsindən azad edirlər.Bundan sonra o, sənəti ilə əlaqəsi olmayan müxtəlif yerlərdə çalışır.Əvvəlcə Irəvan quberniya idarəsi tibb şöbəsinin katibi, sonrə isə Qazaxda mübahisəli işlərə baxan şöbənin katibi vəzifəsində işləyir.
Lakin bu islərin heç biri N.Vəzirovun xoşuna gəlmir.O, 1895-ci ildə Bakıya köçür.Bakıda lazımi imtahanları verib vəkillik vəsiqəsi alır və məhkəmələrdə çalışır.O, burada uzun müddət ayrı düşdüyü bədii yaradıcılığını da davam etdirir, "Yağışdan çıxdıq yağmura düşdük", "Müsibəti-Fəxrəddin" və "Pəhləvanani-zəmanə" kimi klassik əsərlərini yaradır.
N.Vəzirov 1903-cü ildə Bakı dumasına katib seçilir.Az sonra isə şəhər maarif şöbəsi rəisinin müavini təyin edilir və keçmiş müəllimi Həsən bəy Zərdabi ilə birlikdə doğma xalqının maariflənməsi üçün yeni məktəblərin, müxtəlif tərbiyə ocaqlarının açılması işində yaxından iştirak edir.
1905-ci il inqilabı N.Vəzirovun ədəbi-ictimai fəaliyyətinin genişlənməsi üçün münbit zəmin yaradır.Maarifpərvər ədib bir tərəfdən Bakıda çıxan "Həyat", "İrşad", "Tazə həyat", "Açıq söz" və s. qəzetlərində "Dərviş" imzası ilə "Balaca mütəfərriqələr" başlığı altında burjua-mülkədar cəmiyyətinin ictimai eyiblərini açan felyetonlar yazır, digər tərəfdən dram dərnəklərinə rəhbərlik edir, Azərbaycanda teatr sənətinin inkişafı, aktyor nəslinin yetisməsi üçün yorulmadan fəaliyyət göstərir.
1913-cü il noyabr ayının 15-də "Səfa" maarif cəmiyyəti Nəcəf bəy Vəzirovun ədəbi fəaliyyətinin 40 illiyi münasibətilə Bakıda təntənəli yubiley gecəsi keçirir.Bu gecə böyük bir mədəni bayrama çevrilir.Qəzetlər yazıçının həyat və fəaliyyətindən bəhs edən məqalə, oçerk, məlumat dərc edirlər.Azərbaycanın görkəmli ziyalıları yubilyara məktub, teleqram göndərir, onu bu yubileyə layiq yazıçı, möhtərəm ədib, qüdrətli vətəndaş, müəllim və tərbiyəçi, xalqın fədakar oğlu kimi qiymətləndirirdilər.
Xalqın ehtiramı N.Vəzirovun yaradıcılıq ilhamını, işləmək həvəsini coşdurmuş, ədib həm ictimai həyatda, həm də bədii yaradıcılıq sahəsində daha fəal çalışmışdır.Bu illərdə o, "Pul düşkünü Hacı Fərəc" komediyasını, "Təzə əsrin ibtidası" dramını yazmış, böyük fransız yazıçısı Jan Batist Molyerin "Xəsis" komediyasını "Ağa Kərim xan Ərdəbili" fransız məzhəkəsi " Vəkil Patelen"i isə "Dələduz" adı ilə təbdil etmişdir.
Azərbaycanda Aprel inqilabından sonra N.Vəzirov Bakıda Kənd təsərrüfatı texnikumunda müəllim işləmişdir.Yazıçı meşəçilik işi ilə bağlı tələbələri Azərbaycanın müxtəlif rayonlarına aparır, təcrübə məşğələlərinə rəhbərlik edirdi.Lakin qocaman yazıçının səhhəti pozulmuşdu, tez-tez ürək ağrısından şikayətlənirdi.Həkimlər ona işdən çıxıb istirahət etməyi məsləhət görürdülər.
1926-cı ilin yayında Nəcəf bəy Vəzirov təcrübə məşğələləri aparmaq üçün tələbələrlə birlikdə Şamaxıya-Çuxuryurda getmiş və iyul ayının 9-da orada ürək partlamasından vəfat etmişdir.Yazıçının cənazəsi Bakıya gətirilmiş və iyulun 12-də dəfn olunmuşdur.
