HƏYATI
Mirzə Fətəli Axundzadə 1812-ci il iyun ayının 30-da Şəki şəhərində anadan olmuşdur.Onun atası Mirzə Məhəmmədtağı Təbriz vilayətinin Xamnə qəsəbəsindən idi.O, uzun müddət Xamnədə kəndxuda olmuş, vəzifəsindən azad edildikdən sonra çərçilik etməyə başlamışdır.
Məhəmmədtağı Arazqırığı kəndləri gəzib xırdavat sata-sata o zaman Cənubi azərbaycanlıların çox olduğu Şəki şəhərinə gəlir.Burada xüsusi hörmət və nüfuzu ilə seçilən Axund Ələsgərlə tanış olur.Həmişəlik Şəkidə qalmaq qərarına gələn Məhəmmədtağı Axund Ələsgərin qardaşı qızı Nanə xanımla evlənir.
Bir il sonra onların oğlu dünyaya gəlir.Uşağın adını Fətəli qoyurlar.Ailə 1814-cü ilə qədər Şəkidə yaşayır.Həmin il əsli Xoydan olan Şəki hakimi Cəfərqulu xan vəfat etdiyindən cənubi azərbaycanlıların əksəriyyəti şəhəri tərk edib, öz vətənlərinə qayıtmağa başlayırlar.Məhəmmədtağı da Nanə xanımı və iki yaşlı Fətəlini götürüb Xamnayə, əvvəlki ailəsinin yanına köçür.
Xamnədə Nanə xanımın vəziyyəti çox ağır keçir.Onunla Məhəmmədtağının birinci arvadı arasında tez-tez didişmə, dava-dalaş düşür.Nanə xanımın Xamnadə dörd il məşəqqətli həyat keçirdikdən sonra ərindən ayrılıb, oğlu Fətəli ilə birlikdə Cənubi Azərbaycanın Qaracadağ mahalında yaşayanəmisi Axund Ələsgərin yanına gəlir.Bu zamandan Fətəli Axund Ələsgərin himayəsinə keçir.O, yeddi yaşından on üç yaçına qədər Qaracadağ mahalında yaşayır.
1825-ci ildə Axund Ələsgər Qaracadağdan Gəncəyə köçmüşdür.Bir il sonra isə Rusiya ilə İran arasında başlanan müharibədə Gəncə dağıdılmış, şəhərin əhəlisi talan edilmişdir.Böyük ziyan çəkənlərdən biri də Axund Ələsgər olmuşdur; o, bütün var-dövlətini itirərək Şəkiyə qayıtmışdır.
Fətəli təhsil almağa hələ Xamnadə olarkən başlamış, bir il mollaxanada oxuduqdan sonra oradan uzaqlaşmışdır.Axund ələsgər onun fərasətli, zehinli bir uşaq olduğunu görüb, təlim-tərbiyəsi və təhsili ilə özü məşğul olmuşdurO, Fətəliyə Quran oxumağı, fars və ərəb dillərini yrətmiş, onu islam üləmalarının, Şərq klassik şairlərinin əsərləri ilə tanış etmişdir.Fətəlini ruhani etmək istəyən Axund Ələsgər Şəkiyə gəldikdən sonra ona dini təfsirləri, risalələri oxutmuş, ərəbcə savadını, danışıq vərdişlərini və yazmağı təkmilləşdirmişdir.Artıq sərbəst yazmağı və oxumağı bacaran savadlı bir gənc olduğu üçün bu zamandan ona Mirzə Fətəli deməyə başlamışlar.
1832-ci ildə Axund Ələsgər Məkkəyə ziyarətə getdiyi zaman Mirzə fətəlini Gəncəyə gətirib öz tanışlarından Molla Hüseyin Pişnamazzadənin yanına qoyur və ona tapçırır ki, Fətəliyə dini elmlərdən dərs versin.
Gəncədə olduğu zaman Mirzə Fətəli şair və xəttat Mirzə Şəfi Vazehlə tanış olmuş, bu tanışlıq gənc Mirzə Fətəlinin dünyagörüşünə təsir edirik, onun həyata baxışında bir yenilik əmələ gətirmişdir.Sonralar Mirzə Fətəli həmin tanışlığın əhəmiyyətini izah edərək öz tərcümeyi-halında yazmışdır: "Gəncə məscidinin hücrələrindən birində bu vilayət əhalisindən Mirzə Şəfi adlı birisi yaşayırdı; bu adam növbənöv elmlərdən başqa, nəstəqil yazısını yazırdı.Bu, həmin Mirzə Şəfidir ki, Germaniya məmləkətində onun həyatı və farsca şerdə malik olduğu fəziləti haqqında məlumat yazıblar.Mən ikinci atamın buyruğu ilə hər gün bu şəxsin yanına gedib, nəstəliq yazısının məşqini edirdim.Belə ki, get-gedə mənimlə bu möhtəşəm şəxsin arasında ülfət və ünsiyyət hasil oldu.Bir gün bu möhtəşəm şəxs məndən soruşdu:
-Mirzə Fətəli, elmləri təhsil etməkdə məqsədin nədir?
Cavab verdim ki, ruhani olmaq istəyirəm.
Dedi:
-Sən də riyakarmı olmaq istəyirsən
Təəccüb elədim və heyrət etdim ki, bu nə sözdür!
Mirzə Şəfi mənim halıma baxaraq dedi:
-Mirzə Fətəli, öz həyatını bu qaragüruhun içərisində puç etmə! Başqa bir məşğuliyyət qəbul et!
Onun ruhanilikdən nifrət etməsinin səbəbini soruşduğum zaman o günə qədər mənim üçün örtülü qalan mətləbləri açmağa başladı.İkinci atamın Həcdən qayıtmasına qədər Mirzə Şəfi bütün mətalibi-ülfaniyyəti mənə təlqin etdi və gözümün qabağından qəflət pərdəsini qaldırdı.Bu hadisədən sonra ruhanilikdən nifrət etdim və öz fikrimi dəyişdirdim".
Beləliklə, Mirzə Fətəli ruhani olmaq fikrindən çəkinir və 1833-cü ildə Şəkidə açılan ibtidai rus məktəbinə daxil olub, rus dilini öyrənməyə başlayır.Lakin yaşı çox olduğu üçün bir ildən sonra məktəbi tərk etmək məcburiyyətində qalır.O, Tiflisə getmək, orodo dövlət qulluğuna girmək istəyir.Axund Hacı Ələsgər oğlunun istəyini yaxşı qarşılayır və 1834-cü ildə Mirzə Fətəlini Tiflisə gətirib Qafqazın baş hakimi baron Rozenin dəftərxanasında Şərq dilləri üzrə mütərcim şagirdi düzəldir.
Mirzə fətəli Axundzadə bir müddət şagirdlik edib rus dilini və işin xüsusiyyətlərini yaxşı öyrəndikdən sonra mütərcim vəzifəsinə keçirilmişdir.O, 1834-cü ildən ömrünün sonuna qədər Şərq dilləri mütərcimi vəzifəsində çalışmış, Rusiya-İran və Rusiya-Türkiyə dövlətləri arasında aparılan bir sıra diplomatik danışıqlarda iştirak etmişdir.
Tiflis mühiti M.F.Axundzadənin ictimai baxışlarının və bədii yaradıcıllıöının formalaşmasına xeyli təsir göstərmişdir, A.Bestujev-Marlinski, A.Berje, İ.Klementyev kimi şair və alimlərlə tanış olmuş, rus dilini, Qərbi Avropa ədəbiyyatını və estetik-fəlsəfi fikrini öyrənmiş, geniş ictimai fəaliyyətə başlamışdır.
M.F.Axundzadə 1836-cı ildən, eyni zamanda, Tiflis qəza məktəbində müəllim işləmişdir.O, 1840-cı ilin yazına qədər həmin məktəbdə türk dilində dərs demiş, sonra dəfdərxanadakı işlərinin çoxluğu ilə əlaqədar müəllimlikdən çıxmış, öz yerini keçmiş müəllimi Mirzə Şəfi Vazehə vermişdir.
1848-ci ilin noyabr ayında o, Nəsrəddin şahın taxta çıxması münasibətilə ona çar I Nikolayın şəxsi məktubunu aparan gemeral Şilinqlə birlikdə İrana gedərək Təbriz və Tehran şəhərlərini gəzmiş, Cənubi Azərbaycanda əhalinin yaşayış tərzini öyrənmişdir.Bu səfər zamanı Mirzə Fətəli ata yurduna baş çəkmiş, Xamnədə yaşayan ögey bacıları ilə görüşmüşdür.
Əllinci illərin əvvəllərində ciddi surətdə bədii yaradıcıllığa başlayan M.F.Axundzadə 1850-1855-ci illərdə altı orjinal pyeslə Azərbaycan və Yaxın Şərq ədəbiyyatında drammaturgiyanın möhkəm əsasını qoymuşdur.1857-ci ildə isə o, məşhur "Hekayəti-Yusif şah", yaxud "Aldanmış-kəvakib" povestini yazmışdır.Bu dğvrdə M.F.Axundzadə Tiflisdə çıxan "Kafkaz" qəzeti ilə fəal əməkdaşlıq etmiş, özünün komediyaları, "Zakirə məktub" şerin, "Aldanmış kəvakib" povestini və başqa tərcümələrini orada nəşr etmişdir.
1857-ci ildə M.F.Axundzadə köhnə müsəlman əlifbasını islah etmək məqsədilə ərəb qrafikası əsasında yeni bir əlifba layihəsi tərtib etmişdir.Bu layihəni müsəlman ölkələrində qəbul etdirmək məqsədilə o, 1863-cü ildə İstanbula getmiş, layihəni Türkiyənin baş naziri Fuad paşaya təqdim etmişdir.Baş nazirin göstərişi ilə layihə "Cəmiyyəti-Elmiyyeyi-Osmaniyyə"də müzakirə edilmiş, lakin qəbul olunmamışdır.
M.F.Axundzadə Türkiyədən çox peşman, "min bir kədər və təəssüflə" qayıtsa da, uğursuzluğu onu ruhdan salmamış, yazıçı bu sahədə daha əzmlə fəaliyyət göstərərək , ərəb qrafikası ikinci, sonra isə latın qrafikası əsasında üçüncü layihə hazırlamışdır.Yazıçı ömrünün sonuna qədər ərəb əlifbasını islah etmək uğrunda mübarizə aparmış, lakin öz məqsədinə çata bilməmişdir.
Türkiyədən qayıtdıqdan sonra M.F.Axundzadə "Kəmalüddövlə məktubları" adlı bədii-fəlsəfi əsərini yazmağa başlamış, onu 1865-ci ildə tamamlamışdır.O, 1866-cı ildə əsəri yaxın dostu Mirzə Yusif xanla yazıçı bu istəyini də həyata keçirə bilməmiş, arzusu gözündə qalmışdır.
M.F.Axundzadə 1858-ci ildə Qafqaz canışinliyinin baş tərcüməçisi vəzifəsinə keçirilmiş, 1864-cü ildə isə əvvəlki vəzifəsi qalmaqla hərbi qulluğa təyin olunmuşdur.Yazıçı eyni zamanda Tiflisin elmi-mədəni həyatında yaxından iştirak etmişdir.O, 1851-ci ildə "Rusiya İmperator Coğrafiya Cəmiyyəti Qafqaz şöbəsi"nin üzvü seçilmiş, Adolf Berjenin rəhbərliyi ilə hazırlanan "Qafqaz Arxeoqrafiya Komitəsinin Aktları" məcmuəsinin əsas tərtibçilərindən biri olmuşdur.
Mirzə Fətəli Axundzadənin ailə həyatı fərəhsiz keçmişdir.O, 1842-ci ildə Axund Hacı Ələsgərin qızı Tubu xanımla evlənmiş, qayınatasının ölümündən sonra onun ailəsini də öz himayəsinə götürmüşdür.Yazıçının 13 övladı olmuş, bunların onu kiçik yaşlarında, biri gəncliyində vəfat etmişdir.Buna görə onun ailəsində həmişə bir qəmginlik, sınıqlıq olmuşdur.
Qırx ildən artıq Qafqaz canişinliyində çalışıb Rusiya dövlətinə xidmət edən M.F.Axundzadə ömrünün sonlarında hökumət əleyhinə fəaliyyətdə günahlandırılaraq işdən çıxarılmış, bir müddət qulluqdan kənarda qalmışdır.Bütün ömrü keşkəkeşlərdə, gərgin işlərdə və mübarizələrdə keçən yazıçının səhhəti getdikcə pisləşmiş, o, ağır ürək-astma xəstəliyinə tutulmuş, uzun müddət bu xəstəlikdən əziyyət çəkmişdir.
Yazıçı 1878-ci il fevral ayının 28-də (yeni stillə martın 10-da) Tiflisdə Vəfat etmişdir.Hələ yazıçının cəsədi soyumamış gizli polis dərhal onun hökumət əleyhinə əlyazmaların axtarışına başlamış, lakin rəsmi nəşrlərdən başqa heç nə tapa bilməyib, çıxıb getmişdilər.Böyük ədib Tiflisin müsəlman qəbiristanlığında, öz vəsiyyətinə əsasən müəllimi Mirzə Şəfi Vazehin qəbri yanında dəfn olunmuşdur.Sonralar yazıçının qəbri üzərəndə onun büstü ucaldılmışdır.
YARADICILIĞI
Mirzə Fətəli Axundzadə bədii yaradıcıllığa təxminən 18-20 yaşlarında, hələ Şəkidə yaşayarkən lirik şerlə başlamışdır.O, klassik ənənələrə uyğun olaraq poetik əsərlərini əsasən fars dilində və "Səbuhi" (səhər, sübh adamı) təxəllüsü ilə yazmışdır.Onun ilk şerlərindən biri "Zəmanədən şikayət" adlanır.Şerin yazılma tarixi göstərilməmişdir.Lakin əsərin məzmunundan məlum olur ki, şer müəllifin Tiflisə getməsi ərəfəsində yazılmışdır.
XIX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatında süjetli lirikanın yaxşı nümunələrindən olan bu şeri poetik məzmununa görə iki hissəyə ayırmaq olar.Birinci hissədə şerin lirik qəhrəmanı öz həyatından, dost-tanış vəfasızlığından acı-acı şikayətlənir.O, vəfa umduğu adamlardan cəfa görür, yar deyib yaxınlaşdığı kəslər nar (od, alov) olur.Mənzil adlandırıb məskən saldığı yerlər zindana, dost bilib ürək açdığı adamlar düşmənə çevrilir.
Lirik qəhrəman bədbin, məyus halda fələkdən çikayətlənərkən daxili bir səs onu yaşadığı "qəm yuvasında" qaçıb uzaqlaşmağa, Tiflisə getməyə çağırır.Şerin ikinci hissəsində Tiflis mühiti təriflənir.Deyilir ki, Tiflisə gedən tezliklə yaxşı mövqe, var-dövlət, yüksək hörmət qazanır.Onun hər bir qara pulu qizil, palazı atlaz olur.Oranın adamları vəfalı və təvazökardırlar.Yaman gündə bir-birinin köməyinə gəlir, bir-birinə ehtiram göstərirlər.
Tiflisin tərifindən sonra orada yaşayan bilikli bir şəxsdən söhbət açılır.Aləmdə tayı-bərabəri olmayan bu müdrik şəxs hamıya kömək edir, fəqirlərə əl tutur.Şerin lirik qəhrəmanı Tiflisə gedib, həmin məşhur şəxslə görüşmək, onun köməyi ilə öz həyatında və taleyində xoşbəxtliyə doğru dönüş yaratmaq arzulayır və şer nikbin bir sonluqla bitir.
M.F.Axundzadənin çap olunmuş ilk əsəri dahi rus şairi Aleksandr Sergeyeviç Puşkinin ölümü münasibətilə yazdığı mərsiyədir.Fars dilində qələmə aldığı bu əsəri müəllifin özü "Qəsideyi-təziyyət" ("Matəm qəsidəsi") adlandırmışdır.Lakin çap zamanı mütərcim, yaxud naşirlər onun adını dəyişmiş, əvvəlcə "Puşkinin ölümünə", sonra isə "Puşkinin ölümünə Şərq poeması" adlandırmışlar.
Əsər qaranlıq bir gecədə gözlərinə yuxu getməyən lirik qəhrəmanın öz qəlbinə müraciət ilə başlanır.O, qəlbinin nə üçün kədərli olduğunu, bülbül kimi ötmədiyini, ilhamının nə üçün birdən-birə söndüyünü , xəyal köhləninin dayandığını soruşur.Qəmlənmək vaxtı deyil, bahar əlvan paltarlarını geyib gəlmiş, təbiət çiçəklərlə bəzənmişdir.Bulaqların kənarı laləzar dönmüş, çəmənlərdən axan çayların sahilləri bənövşələrlə bəzənmişdir.Bağların şahı olan vüqarlı bir ağac başına qönçələrdən tac qoyub əzəmətlə ucalır.Yasəmənlər, zanbaqlar, lalə qədəhlərini qalbırıb, bu şahın sağlığına şəbnəm içirlər.Bülbül budaqdan-budağa atılaraq bağı seyr edənlərə "xoş gəldin" deyə dimdiyində tutduğu gül yarpağını hədiyyə edir.Bütün təbiət sevinc, şadlıq içərisindədir.
Lakin lirik qəhrəmanın qəlbi kədərli və dərdlidir.O, şer yazmaq həvəsindən düşmüş, tamam bədbinləşmişdir.Şaha layiq sözlər qoşan şeyriyyət pərisinin üzünə zinətlər vuran ilhamı susmuşdur.Çünki dünya, zəmanə etibarsızdır.Fələk bahardan sonra payız külükləri əsdirir.Bu küləklər bütün şöhrətləri uçurdub dağıdır.Buna ən yaxşı misal Puşkinin ölümüdür:
O Puşkin ki, şerdən nəqşlər vuran zaman
Sanasan söz mülkünə bir ilk bahar gələrdi,
Şəninə hər tərəfdən təriflər yüksələrdi.
O Puşkinin ki, ağ kağız onun zər qələmindən,
Dünyalara sığmayan qəmindən, ələmindən,
Qaralmaq atəşilə od tutardı, yanardı,
Onda tovuz misalı min xəyal rəngi vardı,
M.F.Axundzadə Puşkini "sözdən incə naxışlar çəkən", cavan yaşından sənət mülkünə sahib olan qüdrətli bir şair kimi qiymətləndirir.O, Puşkini rus ədəbiyyatını Lomonosov, Derjavin, Karamzin kimi klassik nümayəndələri ilə müqayisə edərək göstərir ki, bu şairlər rus ədəbiyyatını yeni, orjinal keyfiyyətlərlə zənginləşdirsələr də, Puşkin öz istedadı ilə sələflərini ötüb keçmiş, yeni rus ədəbiyyatının banisi səviyyəsinə yüksəlmişdir:
Ah, o dəmlər, a dostum, Lomonosov, deyirlər,
Ülvi bir gözəlliklə yazıb inci şerlər.
Şeyriyyət dünyasını bəzəmişsə də, lakin
Puşkinin quş xəyalı olmuş o yerdə sakin.
Əgər şer mülkünü Derjavin tutmuşsa da,
Dərin, dibsiz göylərdən hakim yaranmış ona.
Ah, hələ Karamzinin o bilik badəsini,
Onun ümmanlar kimi dərin ifadəsini
Puşkin almış əlindən, içib yetirmiş sona.
Şerdə rus poeziyasının günəşi olan Puşkinə dərin məhəbbət ifa olunur.Müəllif onun ölümünə kədərlənir, şairin qatillərinə lənət yağdırır.O, rus xalqının böyük dərdinə şərik çıxır və öz şerini matəm əhval-ruhiyyəsi ifadə edən təsirli bir sonluqla tamamlayır:
Onun can yuvasından ruh quşu uçdu getdi,
Qocaları, gəncləri dərdə, qəmə qərq etdi.
Budur, rusiya torpağı ürəyində qəm, qubar,
Ümidsizlik içində göz yaşı töküb ağlar:
"Ey bir cani-qatilin alçaq əliylə ölən!"
Bu cadugər qarının segrbazlıq şərindən
Həqiqətən "tilsimin" səni etmədi xilas,
Yandırdı könülləri bu kədərli, qəmli yas.
Sən dünya dostlarınla kəsdinsə də ülfəti-
Qoy sənə həmdən olsun göydə haqqın rəhməti.
"Baöçasaray fontanı" bur bir cüt gülündən,
Qəbrinin torpağına Bağşasaray elindən-
Xoş ətirlər göndərir baharın dil yelilə.
Bu xəbərlə ağlayan qoca ağsaçlı Qafqaz,
Bahar buludları tək gözləri yaşlı Qafqaz,
Sənə matəm saxlayır Səbuhinin şerilə.
"Matəm qəsidəsi" klassik Şərq poeziyasına məxsus yüksək, təntənəli bədii üslubda yazılmışdır.Şair baharın gəlişi təbiətin şadlığı, oyanışı ilə onu seyr edən insanın kədər və tutqunluğunu qarşılaşdırmaqla qüvvətli bədii təzad yaratmışdır.Bu təzadda lirik qəhrəmanın daxili duyğuları, onun hiss və həyəcanları özünün görümlü poetik ifadəsini tapmışdır.Şerdə həmçinin zəngin təbiət təsviri, orjinal təşbeh və istiarələr vardır ki, onlar da qəsidənin bədii keyfiyyətini yüksəldir.
M.F.Axundzadənin "Matəm qəsidəsi" dahi rus şsiri A.S.Puşkinin ölümü münasibətilə yazılmış ən yaxşı əsərlərdən biridir.O, ilk dəfə 1837-ci ildə Moskvada "Moskovski nablyudatel" məcmuəsinin 11-ci sayında çap olunmuşdur.
Qəsidəni rus dilinə müəllif özü nəsrlə tərcümə etmişdir.
M.F.Axundzadənin lirik şerləri, əsasən , öz müasirlərinə, dost və tanışlarına yazdığı mənzum məktublardan və mədhiyyələrdən ibarətdir.Onların bir qismi Azərbaycan , im\kinci qismi isə fars dilindədir.Ana dilində yazdığı şerlərində M.F.Axundzadə gözəl insani münasibətlərdən, real məhəbbət hisslərindən , saf duyğulardan söhbət açır.Bu şerlər öz təbiiliyi və dilinin sadəliyi ilə seçilir.
Mirzə Fətəlinin fars dilində yazdığı irihəcmli şerlərindən biri "Yeni əlifba haqqında mənzumə" adlanır.Avtobioqrafik səciyyə daşıyan bu şerdə M.F.Axundzadə özünün"vətən sevgisi üzündən çox tədbirlərə əl atıb" səy göstərməsindən , xüsusilə ərəb əlifbasını islah etmək uğrunda mübarizəsindən, lakin zəhmətinin səmərəsiz qaldığından bəhs edib, acı təəssüf hissi ilə yazır:"Cavanlığım getdi, qüvvəm puç oldu.Səadət mənimlə həmnəfəs olduğu halda birindən sarı üzlü bir kişicik mənim arzu piyaləmi zəhər damıdırdı.On illik zəhmətim onun sayəsində heç oldu".
M.F.Axundzadənin şerlərinin bir qismi tənqidi ruhdadır."Molla Əli", "Heykayəti-Seyid Molla Ələm Səlyani", "Həcvi-Əbdürrəsul xan" və s.Buşerlərdə tüfeyli həyat keçirənlər, dini mövhumat, cəhalət, təqlidçilik \, fırıldaqçılıq, sərxoşluq və başqa əxlqi naqisliklər tənqid edilir.Maarifçi ədib avam camaatı müxtəlif uydurma- əhvalatlarla aldadan dələduz, tüfeyli şəriət xadimlərinin- molla, seyid və mərsiyəxanların yalanlarına, fırıldaqlarına gülərək, insanları gözüaçıq və ayıq olmağa, müasir elmi biliklərlə silahlanmağa çağırır.
Dramaturgiyası.
M.F.Axundzadə bədii yaradıcıllığa lirik şerlə başlasa da, ədəbiyyat tarixində dramaturq kimi məşhurlaşmışdır.O, keçən əsrin 50-ci illərində yazdığı altı orjinal pyesə Azərbaycan ədəbiyyatında yeni bir ədəbi növün əsasını qoymuş, milli dramaturgiyanın banisi kimi şöhrətlənmişdir.
Yazıçının ilk dram əsəri "Hekayəti-molla İbrahimxəlil kimyagər" dir.1850-ci ildə yazılan bu komediya M.F.Axundzadə bir tərəfdən avamlığı və geriliyi, ikinci tərəfdən fırıldaqçılıq tənqid edir.Komediyanın əsas tənqid hədəfi "nuxulular"dır (Hacı Kərim, Ağa Zaman, Molla Salman, Məşədi Cabbar, Səfər bəy).Onların simasında müəllif Azərbaycan həyatının imtiyazlı nümayəndələrini ümumiləşdirmişdir.
"Nuxulular" nadan, geridə qalmış, bisavad, eyni zamanda, öz mənafelərini güdən acgöz, tamahkar adamlardır.Onlar hər cür mövhumata, dərvişlərin fırıldaqlarına, yalançı kimyaya, iksir vasitəsilə misi gümüşə çevirməyin mümkünlüyünə inanırlar.
Komediyada əsas gülüş hədəflərindən biri də Molla İbrahimxəlildir.Onun simasında yazıçı avam camaatı aldadan yalançı kimyagərlərin səciyyəvi xüsusiyyətlərini ümumiləşdirir.Nuxuluların avamlığını və tamahkarlığını bilən Molla İbrahimxəlil özünü onlara həm möhtəbər bir din xadimi, ruhani, həm də kimyagər alimi kimi təqdim edir.Əslində isə o, mahir bir kələkbazdır; özünün hiyləsi, bicliyi ilə nuxuluları aldadıb, onların pullarını əlindən alır.
Əsərdə həm avam və cahil, həm də kələkbaz, fırıldaqçı adamlara qarçı şair Hacı Nuru surəti qoyulmuşdur.Yazıçı bu surətin simasında dövrünün ağıllı, namuslu, vətənpərvər ziyalılarının səciyyəvi keyfiyyətlərini göstərmiş, onun vasitəsilə zəmanəsinin ictimai eyiblərini, xüsusilə nadanlığı və cəhaləti ifşa etmişdir.
Azərbaycan ədəbiyyatı tarixində dramatik növün ilk nümunəsi olan "Hekayəti-Molla İbrahimxəlil kimyagər" komediyası yüksək məzmunlu bir əsərdir.Feodal cəhalətpərəstliyi əleyhinə yazılan bu pyesdə M.F.Axundzadə müasirlərini nadanlığın pəncəsindən xilas olub, namuslu əməyə, elmə və maarifə yiyələnməyə çağırır.
M.F.Axundzadənin ikinci dram əsəri "Hekayəti-müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah caduküni-məşhur" komediyasıdır.Bundan sonra isə o, "Hekayəti-xırs quldurbasan" (1851) dramını yazmışdır.
Dramın mövzusu kənd həyatından alınmışdır.Əsərin fabulası (Hadisələr) Bayramla Pərzadın sevgi macərası üzərində qurulmuşdur.Bayram kasıb bir gənc, Pərzad isə dövlətli qızdır.Onlar bir-birini sevirlər.Ancaq Pərzadın əmisi Məşədi Qurban ölmüş qardaşının (yəni Pərzadın atasının) var-dövləti başqasına qismət olmasın deyə onun qızını öz oğlu Tarverdiyə nişanlayır və onlar toy etməyə hazırlaşır.Çətin vəziyyətə düşən Bayram sevgilisini Məşədi Qurbanın pəncəsindən qurtarmaq üçün tarverdini öyrətdirib quldurluğa göndərir.Tarverdi quldurluqda tutulur və Bayram öz sevgilisinə qovuşur.
Həyatda və məişətdə köhnə qaydaların, mədəni geriliyin düşməni olan M.F.Axundzadə "Hekayəti-xırs quldurbasan" dramında qadın hüquqsuzluğuna qarşı çıxaraq ictimai bərabərsizlik, azad, qarşılıqlı məhəbbət ideyalarını müdafiə edir.Əəsrin qəhrəmanı Bayram Pərzadın zorla tarverdiyə verilməsinə razı ola bilmir.Pərzad isə öz hüquqsuzluğundan acı-acı şikayətlənərək deyir: "Nə eyləyim, əlimdən nə gəlir? Atam ölübdür, bir anam ilə qalmışam əmimin ixtiyarında; qardaşım yox, bir köməyim yox".
Dramda hadisələr bir xətt üzrə inkişaf edir.Əsas fəaliyyət prosesi Bayramın öz sevgilisinə qovuşmaq üçün gördüyü tədbir ətrafında cəmləşir.Gənc qəhrəmanın daxili-mənəvi dünyası, xarakteri həmin tədbirlə əlaqədar açılıb aşkar olur.Bayram bütün hərəkətlərindən açıqürəkli, alicənab, mərd namuslu bir gənc kimi göstərilir.O, Tarverdinin aradan götürmək üçün müəyyən kələk düzəltsə də, rəqibinin tutulduğunu görəndə həqiqəti açıb söyləyir və Tarverdini xilas etmək üçün öz günahını boynuna alır.
"Hekayəti-xırs quldurbasan" dramından sonra M.F.Axundzadə "Hekayəti-vəziri-xan Lənkəran" (1851) komediyasını yazmışdır.Onun mövzusu Azərbaycanın xanlıqları dövründən alınmış, süjeti ailə-məişət macəraları üzərində qurulmuşdur.Yazıçı məişət məsələlərini xanlığın ictimai-siyasi həyatı ilə əlaqələndirmiş, ölkəni idarə edən ali hakimlərin bacarıqsızlığını, despotizmini, saray xadimlərinin əfəlliyini və yaltaqlığını əks etdirmişdir.
Komediyanın əsas gülüş hədəfləri Lənkəran xanı və onun vəziri Mirzə Həbibdir.Onların simasında dramaturq feodal-istibdad quruluşunun hakim təbəqəlöərinin quruluşunun hakim təbəqələrinin tipik xüsusiyyətlərini ümumiləşdirmişdir.Əsərdə Xan surəti despotizmin, özbaşınalığın və ədalətsizliyin timsalıdır.O, nadan, dövləti idarəetmə işlərindən baş çıxaretmayan zalım, məhdud düşüncəli bir adamdır.Komediyada çox az görünməsinə baxmayaraq, dramaturq onun ağlı və düşüncəsi haqqında bütöv təsəvvür yaradır.Xan onun yanına gəlib şikayət edən ərizəçiləri dinləndikdən sonra gülünc hökmlər verir.O, atının qonŞusu tərəfindən vurulub gözünün çıxarılması barıdı çikayət edən kəndliyə deyir: "Sən də get vur onun atının bir gözünü çıxar".
Xan ərizəçinin şikayətinə bu şəkildə baxıb, ədaləti "bərpa etdikdən" sonra özünü əhalinin dərdini-qayğısını çəkən bir başçı kimi göstərib deyir: "Ax, xanlıq, səndən əzab dünyada nə var! Hər kəs ancaq öz əhli-əyalının qəmini çəkir, mən gərək min-min adamın qəmini çəkəm, dərdinə yetişəm".Bununla da Xanın hərəkətləri ilə danışığı arasında gülünc bir ziddiyyət əmələ gəlir və bu ziddiyyətdə Xanın həqiqi siması açılır.
Əsərin əsas gülüş obyekti, komik qəhrəmanı Lənkəran xanının vəziri Mirzə Həbibdir.O da özünün ağıl və düşüncəsinə görə Xana oxşayır; yüksək vəzifəyə bacarıq və qabiliyyətinə görə deli, yaltaq, ikiüzlü olduğu üçün keçmişdir.Mirzə Həbib nəinki xanlığı, heç öz ailəsini də idarə edə bilmir.Onun evində hərc-mərcilik, dedi-qodu, didişmə hökm sürür.
Lakin Xandan fəqli olaraq Mirzə Həbib hiyləgər adamdır.O özünə tabe olan adamlarla sərt, kobud, vəhşicəsinə rəftar edir, Xanın qarşısında isə yaltaqlanır, onun qəlbini ələ almağa, ruhunu oxşamağa çalışır.Nökərlərinə ağır cəza kəsən vəzir özündən güclülərin qarşısında diz çöküb yalvarır, yeri gələndə uşaq kimi ağlayır.Xanın hörmətini qazanmaq, yerini şirin salmaq üçün baldızı Nisə xanımı Xana verməyi vəd edir və bu işdə vasitəçi olur.
Mirzə Həbibin hərəkət və danışıqları onu tez-tez gülünc vəziyyətə salır: gah dizinə xəlbir dəyib ah-uf qoparır, hirslənib nökərləri cəzalandırır, gah da başına badya geydirilir, gah da özünün zor və gücündən dəm vurur.O, həmişə ağıldan, bacarıqdan danışır və bu danışıqda onun ağılsızlığı, bacarıqsızlığı üzə çıxır.Yazıçı Mirzə Həbibin vəzirlik vəzifəsi ilə yüngül hərəkətləri arasındakı uyğunsuzluğu təsvir etməklə xarakterin komizmini açır.
Komediyada Xan və Mirzə Həbib surətlərinə əks müvqedə Teymur ağa surəti dayanır.O, Xanın qardaşı oğludur.Xasiyyətcə nəcib, əxlaq və mənəviyyatca təmiz, ağıllı bir gəncdir; ədalətli, mərd və alicənabdır.Teymur ağa hakimyyəti ələ alan kimi xanlığı bacarıqsız və ləyaqətsiz vəzirlərdən təmizləyir.Buna baxmayaraq o, əsərdə çox zəif, fəaliyyətsiz təsvir olunur və əsasən Nisə xanımı ürəkdən sevən bir aşiq kimi yadda qalır.Xanlığın ixtiyari Teymur ağanın əlində düşünülmüş mübarizə yolu deyil, təsadüf nəticəsində keçir.
M.F.Axundzadənin yaradıcıllığında "Hekayəti-mərdi-xəsis" komediyası xüsusi yer tutur.Bu əsər çox zaman qəhrəmanın adı ilə "Hacı Qara" adlanır.Komediya dünya ədəbiyyatında geniş yayılmış xəsislik mövzusunda yazılmışdır.Lakin M.F.Axundzadə ənənəvi mövzunu tamam yeni tərzdə işləmiş, orjinal bədii surətlə yaratmışdır.
Əsərin komik qəhrəmanı və əsas gülüş hədəfi Hacı Qaradır.Onun başlıca xüsusiyyəti xəsislikdir, pullarını sandığa yığıb saxlayır, nə özünə, nə də ailəsinə sərf edir.Arvadı Tükəz onun bu eybəcər xasiyyətini pisləyərək deyir: "Uşaq aşıq yığan kimi bu qədər pulu yığıb nə eləyəcəksən? Yüz il ömrün ola, yeyəsən, geyəsən, içəsən, sənin pulun tükənməz...Öz malını nə özün yeyib-içirsən, nə əyalına məsrəf edirsən.Sən ölsən heç olmazsa, arvad-uşağın doyunca çörək yeyər".
Hacı Qara xəsis olmaqla yanaşı, həm də tamahkar və acgöz tacirdir.Var-dövlətinin çox olmasına baxmayaraq o, yüz manat zərərin dərdini çəkir.Hacı Qara eyni zamanda yalançı, ikiüzlü və qorxaqdır.Vəziyyətdən asılı olaraq, gah çox mehriban və qonaqpərvər, gah da kobud və nəzakətsiz bir adam olur.
Əsərdə iştirak etdiyi bütün səhnələrdə Hacı Qara komik planda göstərilir.Onun danışığı ilə hərəkətləri arasında möhkəm ziddiyyət vardır.Qaçaq mal alverinə getməyə hazırlaşarkən igidlikdən, qoçaqlıqdan dəm vuran, öz fərasətindən, bacarığından danışan Hacı Qaranın Araz çayını keçərkən atın üstündən suya yıxılması həqiqi gülüş üçün estetik zəmin yaradır.
"Hacı Qara" kpmediyasında diqqəti cəlb edən maraqlı surətlərdən biri də Heydər bəydir.O, Cavançir mahalında böyük hörmət, nüfuzu olan bir mülkədar-bəy nəslindəndir.Lakin Heydər bəy iflasa uğramış, var-yoxdan çıxmışdır.İki ildən bəri nişanlı olmasına baxmayaraq, evlənmək üçün toy xərci düzəldə bilmir.Bəyin dostları ona qızı götürüb qaçmağı məsləhət bilirlər.Amma bu iş Heydər bəyə çox ağır gəlir, hətta "ölümdən betər görünür".Çünki xalq arasında deyəcəklər ki: "Qurban bəyin oğlu pul tapmadı toy edə, nişanlısını götürdü qaçdı".
Heydər bəy komik planda deyil, dramatik planda təqdim edilir.Onun danışıqlarında lovğalıq əlamətləri duyulsa da, fəaliyyətində gülüş doğuran komik məqamlar yoxdur.Əksinə, Heydər bəy ciddi, mərd və cəsur bir gəncdir.Erməni yasovulları ilə rastlaşarkən onların qarçısında tək dayanır və özünün cəsarəti ilə "on nəfər yaraqlı-əsbablı ermənilərin" hamısını qorxudub yoldan çəkindirir.
Keçmiş həyat tərzini, köhnə feodal-patriarxal adətləri qızğın müdafiə edən Heydər bəy torpaqda çalışmağın, ağır zəhmətlə yaşamağın əleyhinədir.Çünki halal zəhmətlə maddi təlabatı ödəmək mümkün deyil.Buna görə də Heydər bəy keçmiş günləri həsrətlə xatırlayaraq deyir: "Pərvərdigara, bu necə əsrdir? Bu necə zəmanədir? Nə at çapmağın qiyməti var, nə tüfəng atmağın hörməti var!..Ah, keçən günlər!Hər həftədə, hər ayda bir karvan çapmaq olurdu, bir ordu dağıtmaq olurdu".
Şübhəsiz, Heydər bəyin əməyə xor baxması ona qarçı ikrah hissi oyadır.M.F.Axundzadə yaratdığı surətin bu xüsusiyyətini bəyəmir.Lakin yazıçının Heydər bəyə nifrəti yoxdur və onun simasında milli geriliyi, əxlaqi naqisliyi deyil, dövrünün, zəmanənin insan xarakterində əmələ gətirdiyi ziddiyyətləri göstərir.
"Hacı Qara" pyesində Tükəz və Sona xanımın kimi ağıllı, gözəl qadın surətləri vardır.Tükəz əri Hacı Qaranın xəsisliyini, tamahkarlığını pisləsə də, onun qayğısına qalır.O, Hacı Qaranı təhlükəli səfərdən çəkindirmək istəyir, əri səfərdən gec qayıtdıqda ondan ötrü narahat olur, həyəcan keçirir.Sona xanım isə obada, alaçıqda böyümüş saf ürəkli gənc bir qızdır.O, Heydər bəyi ürükdən, həqiqi məhəbbətlə sevir, tezliklə ailə qurmaq istəyir.Sona xanım nişanlısının həyat tərzini pisləyir, onu oğurluq, quldurluq, qaçaqçılıq kimi pis əməllərdən çəkindirməyə çalışır.
Komediyada hadisələr iki xətt üzrə inkişaf edir: Heydər bəy toy etməkdən ötrü pul tapmaq, Hacı Qara isə ticarətdə düşdüyü yüz manat zərərin yerini doldurmaq üçün qaçaq mal alverinə gedirlər.Heydər bəylə bağlı hadisələr ciddi dramatik planda, Hacı Qara ilə bağlı hadisələr isə komik planda təsvir edilir.Bu hadisələr üzvi şəkildə bir-birinə bağlanaraq, bütöv bir tama çevrilirlər.
M.F.Axundzadənin sonuncu dram əsəri "Müdafiə vəkillərinin hekayəti" (1855) komediyasıdır.Əsərin mövzusu Cənubi Azərbaycan həyatından götürülmüşdür.Təbrizin varlı tacirlərindən olan Hacı Qafur ölərkən var-dövlətinin bacısı Səkinə xanıma çatacağını bildirdi.Ancaq Hacı Qafurun siğə arvadı Zeynəb məhkəməyə çikayət edib, mirası öz əlinə keçirmək istəyir.Bundan ötrü Ağa Mərdan Halvaçı oğlunu vəkil tutur ki, məhkəmədə onun iddiasının doğrulduğunu müdafiə etsin.
Beləliklə, Səkinə xanımla Zeynəb arasında ciddi ixtilaf başlanır.Bu ixtilaf genişlənərək, haqla nahaq, xeyirlə şər arasında mübarizəyə çevrilir.Əsərdə haqqı Səkinə xanım və tərəfdarları, nahaqqı, şəri isə Zeynəb xanımın tərəfdarları, xüsusilə vəkil Ağa Mərdan təmsil edirlər.
Səkinə xanım öz hüquqlarını cəsarətlə müdafiə edən iradəli bir qızdır.Bbisi onu istəmədiyi Ağa Həsənə ərə vermək istəyir.Amma Zəkinə xanım bibisinin bu niyyətinə qarşı çıxaraq deyir: "Yaxşı deyil, bibi! Sənə mən nə zaman izinvermişəm ki, məni Ağa Həsənə verəsən? Mənim bu saatda nə atam var, nə anam, nə qardaşım; özüm öz vəkiliməm".
Səkinə xanımdan rədd cavabı alan Ağa Həsən onu hədələyir.Ancaq Səkinə xanım bu hədələrdən qətiyyən qorxmur.O deyir: "Get bildiyini elə! Eləməsən səndən əskik adam yoxdur...Əlindən gələni beş qaba çək!"
"Müdafiə vəkillərini hekayəti" pyesində əsas tənqid hədəfi Ağa Mərdan Halvaçı oğludur.Yazıçı onun simasında hiyləgə, fırıldaqçı vəkillərin surətini yaratmışdır.O,müxtəlif kələklər qurmaqla məhkəmələrdə haqqı nahaqqa qurban verib, haram pullar qazanır.Ağa Mərdan Səkinə xanımın qanuni mirasını əlindən çıxarmaq üçün hiylə işlədərək Hacı Qafurun yeddi ayliq bir oğlu qaldığını təsdiq edən yalançı şahidlər düzəldir, onlara rüşvət verib məhkəməyə gətirdir.Ancaq məhkəmədə şahidlər həqiqəti açıb söyləyir və Ağa Mərdan ofşa olunur.
Beləliklə, M.F.Axundzadənin başqa pyeslərində olduğu kimi "Müdafiə vəkillərinin hekayəti" əsərində də xeyir şərə qalib gəlir.Yalançı, rüşvətxor, ikiüzlü, satqın adamlar ifşa olunur və əsər Səkinə xanımın qələbəsi ilə sona çatır.
