6.3.10

Ə. (DUDƏNGINSKI)-FƏTƏLİBƏYLİNİN QƏTLİ MÜNASİBƏTİLƏ NİTQ

 

Ə. (DUDƏNGINSKI)-FƏTƏLİBƏYLİNİN

QƏTLİ MÜNASİBƏTİLƏ NİTQ

        

Ölülərimizi xeyirlə yad etmək kültürümüzün və ictimai tərbiyəmizin icabıdır (zəruridir) (1). Siyasət və ya hər hansı digər bir sahədə sivrilmiş vətəndaşların həyatını obyektiv bir qavrayışla təsvir və təqdir etmək - tarixçinin vəzifəsidir; məzarları başında məziyətlərindən bəhs etmək isə tərhim törənlərinin (dəfn mərasiminin) gələnəyidir (ənənəsidir).

Rus-bolşevik istilası əleyhində və vətənin hürriyyəti ilə istiqlalı lehində yapılan milli mücadilənin qurbanları olan azərbaycanlıları təqdirlə anmaq vəzifəmizdir.

Burada, qəddar düşmənin sinsi (xain) və vəhşi bir darbəsiylə aramızdan faciəvi bir surətdə ayrılan mücahid Fətəlibəylinin məziyyətlərindən bir kaç vaka zikr etməklə, terhim borcunu ödəmək məqsədiylə hüzurunuza çıxmış bulunuyorum.

İl 1943-dür; Ikinci Cahan hərbi əsnasında, Alman Xariciyəsi ərkanından (vəzifəli şəxsindən) Qraf fon Şulenburqun (sonradan Hitlerə yapılan sui-qəsd işilə ilgili olaraq edam edilən) dəvəti üzərinə Berlində bulunuyoruz. Milli Azərbaycan Komitəsi təşəkkül etmişdir; bu Komitə, Milli Azərbaycan davasının əsaslarını Alman məqamlarına qəbul etdirmək üzrə fəaliyyətə keçmişdir. Bu sırada "Ost-ministerium" deyilən işğal altındakı şərq məmləkətləri vəkalətində Özəl Şöbə Müdiri bulunan prof. Von Mende vasitəsiylə cəbhədən 8 Mayıs tarixli bir məktub alıyorum. Tarixi bir vəsiqə mahiyyətini daşıyan bu məktubun əsli ruscadır. Mətnini eynən oxuyorum (Tərcüməsi budur (2)):

"Mərhəba, pək möhtərəm Mehmed Emin!(3) .

Əziz yurdumuz Azərbaycanın yorulmaz hürriyyət mücahidi olan Sizi cəbhədəki bütün əsgərlərimiz naminə salamlarım.

Məmnunluqla sizə bildirməliyəm ki, vətəndaşlarımız yurdumuzun hürriyyəti və Böyük Almaniya uğrundakı mücadilədə, cəbhədə muəzzəm başarılar qazandılar və eşsiz (misilsiz, tayı-bərabəri olmayan) qəhrəmanlıqlarıyla millətimizin şərəf və heysiyyətini bir səviyyəyə yüksəltdilər. Cəbhəmizə iki dəfə gəlmiş bulunan general Konrad bizdən heyranlıqla bəhs ediyordu. General Köstringdən təbrik məktubu aldım. General Feldmarşal Kleistin taborumuza xitabən özəl bir əmiri-yəvmisi (günlük əmr) vardır. Ağır səfər və əsgəri hərəkətdən sonra, bir az istirahətə çəkilib, yeni savaşlara hazırlanıyoruz. Taborumuzun döyüş qabiliyyəti Baş komandanlığın yüksək təqdirlərinə məzhər (diqqətəlayiq) olmuş, əsgərlərimizlə komutanlarımız "İnfanterie Sturmabzeichen" medallarıyla təltif edilmişlərdir.

Qəzetimizdə (4) Milli Azərbaycan Komitəsinin təşkil olunduğunu oxudum; bu məni çox sevindiriyor. Biz, cəbhədəki əsgərlər, şübhə etmirik ki, Milli Komitəmizin azaları arasında hamımızca sevilən, legionumuzun qurucusu Babayev Beytullah da bulunacaqdır.

Biz, irəlidə də, millətimizin hürriyyəti uğrunda fədakaranə döyüşəcəyiz.

Cəbhədəki əsgərlərdən Sizə salam. Sizə iyi səhhətlər dilərim.

Sizin: A. Dudənginski-Fətəlibəyli".



Məktubda adı keçən Beytullah legionerlərdən məni görməyə gələn ilk zatdır (indi Amerikada bulunuyor) sonrakı ziyarətlərindən birində Beytullah mərhum Mayorla birlikdə gəldilər. Hərarətli və anlayışlı bir əsgərlə qarşılaşmışdım. Milli davanın əsaslarını və mücadilə kadrosunun proqramını məndən duymuş, məmnun olmuşdu.

Milli Azərbaycan Komitəsi, Nazi (nasist) Aman məqamlarına məram anlatamadı. Hitler "heine Komitee" (heç bir komitə istəməm) demiş, təşkil olunan milli legionlarla Ordu Qərargahı arasında rabitə vəzifəsini görən məhdud və müəyyən işlərlə görevli birər "Rabitə Həyətləri" ("Verbindungstab”) qurulmasını əmr etmişdi. Azərbaycan Rabitə Heyətinin başına da mərhum Fətəlibəyli gətirilmişdi.

İş bu şəkil alınca, Mayor Fətəlibəyliyə müvəffəqiyyətlər təmənna edərək, fəaliyyət sahəsindən çəkilmiş və milli əsaslarımıza sadiq qaldığı müddətcə, kəndisini mənən dəstəkləyəcəyimizi vəd etmişdik.

Mərhum, üzərinə aldığı vəzifəyə başlarkən, Rabitə Heyətinin yanında bir propaqanda təşkilatı da vücuda gətirmiş, bu məqsədlə, 6 Qasım (noyabr) 1943-cü ildə, Berlində bir Qurultay çağırmışdı. Qurultayın, Fətəlibəylinin raporu üzərinə, qəbul etdiyi qərar surəti milli ana prinsiplərə uyğun bir şəkildə qələmə alınmışdır. Bu vəsiqənin 5 maddədən ibarət olan ana xətlərini 21 Kasım (noyabr) 1943 tarixli, 47 nömrəli "Azərbaycan" qəzetəsindən eynən nəql ediyorum:

"1943-cü il noyabrın (Qasım) 6-da Berlin şəhərində toplanmış cəbhədə vuruşan əsgərlərimizin və vətəndən xaric Azərbaycan siyasi mübarizlərinin nümayəndələrindən mürəkkəb Milli Azərbaycan Qurultayı, Mayor Fətəlibəylinin məruzəsini və bu ətrafda ,olan çıxışları dinlədikdən sonra qeyd edir ki:

1. 1918-ci il 28 Mayıs, 1920-ci il 27 aprelə (Nisan) qədər davam etmiş Milli Azərbaycan hökuməti dövrü, şanlı tariximizin ən parlaq səhifəsini təşkil edir.

2. Vətənimiz bolşevik istilasına uğradıqdan sonra keçən bu 23 illik müddət içərisində, millətimizin istər vətən daxilində və istər yad ellərdə apardığı (yürütdüyü) şanlı və qanlı mübarizə yalnız bu istiqlalın bərpası (ihyası) uğrunda olmuşdur.

3. Qurultay, bu ağır şərait daxilində aparılan mübarizədə canlarını vətənin azadlığı uğrunda fəda etmiş şəhidlərin xatirəsini hörmət və ehtiramla yad edər.

4. Dünyanı sarsıdan bu ikinci cahan müharibəsi nəticəsində milli müqəddəratımızın həllinə və istiqlalımızın bərpasına sarsılmaz bir inamımız vardır. Bunun isə ilk şərti əzəli və əbədi düşmənimizin məhvindən ibarətdir. Bunun üçün də milli mənafeyimiz bizi bu gün bolşevizmə qarşı qəti döyüş aparan (yürüdən) və tarix boyu Türk xalqlarının dostu olan Almaniyaya bağlamışdır.

5. Qurultay əsrlər boyu olduğu kimi, bu gün də Azərbaycan xalqı ilə Qafqaz qonşuları və qardaş Şimali Qafqaz, Türküstan, İdil-Ural və Krım xalqlarıyla eyni qayə və ideal birliyi müşahidə edir və onlara işbirliyini zəruri sayır..."

Görüyorsunuz ki, bu maddələr milli hərəkatın ötədən bəri savunduğu ideyaları ehtiva etməkdədir.

Mərhum hərarətli bir vətənsevər və atılqan bir mücahiddi. Hadisələrin sevgiylə, bildiyimiz fəaliyyət sahəsinə hənuz (indi, hələ) atılmadan, cəbhədə adı duyulmayan bir əsgər ikən açığa vurduğu hissiyyat onun səmimi bir vətənsevər olduğunu göstərir.

Bükreştəyəm (Buxarest). Almanlar hər gün bir az daha çəkiliyor, kəndiləriylə bərabər bizlərdən də bir çox qaçqınlar Bükreşə gəliyorlar. Bunlardan biri, şimdi adını xatırlayamadığım Bakılı bir yurddaş, Don həvalisində (ətrafında), almanlar tərəfindən, kiçik bir qəsəbənin Bələdiyyə Başqanlığına təyin edilmiş imiş. Bir gün Dudənginski (Fətəlibəyli), qızıl ordudan təslim olan bir kaç Azərbaycan ərini kəndisinə gətirmiş, bunlara iyi bakılmasını tavsiyədə bulunmuş. Bələdiyyə Başqanı onunla rusca konuşmaq istəyincə o, yahu, ikimiz də Azərbaycanlıyız, öz öz dilimizi qonuşalım, demiş və sonra, ruslardan qurtulduğumuz kimi, almanlardan da azadə özümüzü özümüz idarə etməliyiz, demişdir.

Hərb bitdikdən sonra dürlü macəralardan keçən Fətəlibəyli, nəhayət amerikalılar tərəfindən finansə olunan, Münihdə təsis edilmiş "Qurtuluş radiosu" Azərbaycan Şöbəsinin şefi idi. Bolşevizmə qarşı mücadilə edən Amerikan Komitəsi, mərhumun şəhadəti münasibətiylə yayınladığı təbliğdə, onun müqtədir bir radio propaqandaçısı olduğunu belirtməkdədir.

Bolşeviklər kəndilərinə xas sinsi (xain) bir metodla müxaliflərini, tədhişə varıncaya qədər, hər dürlü vasitələrlə bərtəraf (aradan götürmək) və imha (məhv etmə) etməyə çalışırlar. Onların vəhşi təcavüzlərinə qurban gedənlərin sayısı sayılmaqla bitməz. Fəqət bihudə!.. Milli hərəkat bu kimi tədbirlərlə susdurulamaz. İstiqlal və hürriyyət yolunun qəhrəmanları, hər dürlü təhlükəni gözə alaraq, mücadilələrinə davam edəcək, kəndilərinə ilham qaynağı olan böyük ideal tam bir zəfərə ərmədikcə müqəddəs savaşdan əsla vaz keçmiyəcəklərdir.

Qurtuluşu mühəqqəq (həyata keçiriləcək) bulunan hürr və müstəqil vətəndə adları şan və şərəflə anılacaq qurbanlar arasında indi xatirəsini andığımız Mərhum da bulunacaqdır.
 
-------------------------------------------------------------------------------------------------------
1. Nitq Ankaradakı Azərbaycan Kultur Dərnəyi tərəfindən keçirilən mərasimdə söylənilmişdir. Nitqin mətni "AZERBAYCAN" jurnalının 1954-cü il 9(33) sayında dərc edilmişdir.
2.   Məktubun rusca mətni oxunmuşdur.
3. Rusca əslində "Zdrastvuyte Mnoqouvajayemıy Mehmed Emin!"
4. Berlində çıxan "Azərbaycan" qəzetəsi.

Məlumat "www.resulzade.org" saytından götürülmüşdür.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.