1.1.11

Azadlığın düsturu

Saleh Mehdizadə
saleh.mehdizade@gmail.com



İnsanın seçmək hüququ onun mahiyyətidir. Seçmək həm də özünüifadə deməkdir. Bu imkandan məhrum olanlar natamam şəxsiyyətə çevrilir. Nə istədiyini bilməyən, məqsədsiz, həyatını sadəcə yola verən, boşluqda yaşayan biri olur. Bu məhrumiyyətlər insanı böyük ideyalardan uzaqlaşdırır. O ədəbiyyatla maraqlanmır, fəlsəfə onun üçün mövcud deyil, siyasət onun həyatında heç bir rol oynamır. O nə vicdanlı tələbə, nə müəlllim, nə biznesmen, nə nazir, nə də ki, sadəcə bir vətəndaş ola bilmir. Niyə bizim insanımız bahalı maşınlara, “zerkalniy” nömrələrə və ya pula,  həm də asan yolla qazanılmış pula can atır? Çünki özünüifadə edə biləcək başqa bir şey tapmır. Uşaqlıqdan bizim yerimizə qərar verirlər, hansı ixtisasa sahib olacağımız, necə həyat tərzi yaşayacağımız, hansı dinə inanacağımız, hətta bəzən kiminlə evlənəcəyimiz belə bizdən asılı olmur. Azərbaycan da insanların bir-birinə yadlaşmasının, günü-gündən cılızlaşmasının, nəsə qəribə bir varlığa “Azeroid” ə çevrilməsinin səbəbi budur. Niyə biz seçə bilmirik, çünki hamının bar-bar bağırdığı və təbliğ etdiyi ancaq nə olduğunu bilmədiyi “milli-mənəvi” dəyərlər imkan vermir. Bizim cəmiyyətdə hər şey qabaqcadan hazır vəziyyətdədir. “Sənin həyat yolun” onu seçmək lazım deyil çünki o artıq seçilib havadan asılı vəziyyətdədir. Atanın seçdiyi o yol ikinci dəfə sənin tərəfindən seçilməyi, ya da sənə yeridilməyi gözləyir. İnsanlar mən istəyirəm deyə bilməzlər onlar olmalıdırlar. Özlərindən əvvəlkilər necədirsə elə o, cür olmalıdırlar. Bu “malı”lar şir kimi sənin üzərinə atılır, caynaqları ilə mahiyyətini məhv edir, səni səndən özgələşdirir. Yeknəsək, boz həyat. Bu olur sənin nəsibin.
Və bir dəfə bir qrup gənc bu “malı”lara qarşı mübarizə aparmağa qərar verdilər. Onlar şirin caynağına qarşı azadlıq zirehini geyindilər, Onlar özləri üçün hazırlanmış həyat yolunu seçmədilər. Onlar “mən istəyirəm”i seçdilər, azadlığı seçdilər. Onlar öz ətraflarındakılara qəribə bir varlıq kimi görünməyə başladılar hər kəsin müqəddəs hesab etdiklərini necə də inkar edirdilər! Bahalı maşın , “zerkalniy” nömrə, pul onlara maraqlı deyidi. Əvəzində onlar oxuduqları kitablardan danışırdılar, insanın azadlığından danışırdılar. Onlar qadını kişi ilə bərabər hesab edirdilər. Onlar inkarçı idilər, ancaq boş inkarçılar yox, onlar nəyi, niyə inkar etdiyini dərk edirdilər. Öz həyatları ilə əlçatmaz olmuşdular. Onları birləşdirən ideya idi, amma onlar idealist deyildilər. Onlar ancaq bu dünyaya inanırdılar, ancaq onlar materialist də deyildilər. Onlar ilk "Dalğa”çılar idilər.
Bu gün o "Dalğa" mənə mən, sənə sən olmağı öyrədir. Azad fərd, Məsuliyyətli vətəndaş və Bütöv xalq şüuru. Budur Azadlığın düsturu.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.