29.1.11

Dalğaçılıq

Pərviz Əzimov
pervizezimov@gmail.com
 

 6 il öncə 12 fevralda 7 nəfər tələbə tərəfindən yaradılan Dalğa Gənclər Hərəkatı 7-ci ilinə qədəm qoyacaq. 7 uğurlu rəqəmdir deyirlər. 7-ci ilimizə keçərkən yeni bir liderimiz seçiləcək, yeni bir nəsil yetişəcək Dalğada

Nədir Dalğaçılıq?!

Publisist Zahir Əzəmətin Azərbaycanlı tələbələr haqqında heç zaman unutmayacağım bir ifadəsi var: “Azərbaycan tələbələri tramvayı xatırladır, çünki onlar yalnız bir yolla hərəkət edirlər; universitet ev • ev universitet”. Həqiqətən də Azərbaycan tələbələrinin 95%-ni ölkədə baş verən hadisələr maraqlandırmır. Onların normal əyləncəsi, normal dostları belə yoxdur. Onlar həyatın nə olduğunu belə bilmirlər, onların dünyagörüşü bayağı, çürük dəyərlərlə məhdudlaşır. Dalğaçılıq isə içindəki nifrəti boğub, hər şeyə sevgi ilə yanaşaraq tramvayı tərk etməkdir, ondan AZAD olmaqdır.
Biz dağa qalxsaq orada qartallar da görərik, ilanlar da. Qartallar ora çox rahat şəkildə, uça-uça qalxıblar. İstəsələr oradan yuxarı da qalxarlar. İlanlar isə o dağın başına sürünərək qalxıblar. Zirvəyə qalxmaq üçün daha çox əziyyət çəkiblər, həyat eşqini yaşayıblar, həyatın gözəlləyini əziyyətlə yaşayıblar. Ölərkən isə ilanlar dağda qalarlar, qartallar isə sürətlə yerə çırpılar. Bizim zirvəmiz vicdanımızın istədiyi demokratiyadır və biz zirvəmizə ilanlar kimi sürünərək çıxsaq da Yaşamaq eşqinin nə olduğunu bilirik. Dalğa’çılıq ilan kimi sürünmək olsa belə, vicdanınla YAŞAMAQDIR.
Biz həyatın ağ və qara rəngdən ibarət olduğunu düşünənlərə qarşıyıq. Ağ və qara rəngdən yaranan rəng isə boz rəngdir. Boz rəng ölüm rəngidir, solğunluq rəngidir. Biz həyatın daha çox rənglərdən ibarət olduğunu, rənglərin gözəllik olduğunu düşünürük.
Biz vücudunu satanlara yox, mənəviyyatını satanlara fahişə kimi baxırıq. Biz bildiyimiz, inandığımız yolu özümüz seçirik, seçdiklərimizə inanırıq və bu yolla gedirik. Dalğaçılıq inandığını seçmək, seçdiyin yolu sevmək və bu yola DAVAM etmək deməkdir.
Bizim qarşımıza qoyduğumuz hədəf var, getdiyimiz yol var, daşıdığımız ideologiya var. Biz daşıyıcısı olduğumuz liberal dəyərlərə inanırıq və bu dəyərlər uğrunda mübarizə aparırıq. Bizim düşmənimiz olmaz, bizim ideologiyamızın əsas meyarı insanlıqdır. Dalğaçılıq hədəfinə varmaq üçün insanlara zərər verməməkdir, Dalğaçılıq insanla yox, insana əzab verən sistemlə vuruşmaqdır. Dalğaçılıq hüququ pozulanın yanında olmaqdır, onun düşməni olmaq deyil. Dalğaçılıq sevmək deməkdir, nifrət yox. Dalğaçılıq müharibə demək deyil, BARIŞ deməkdir.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.