1.1.11

Vicdanın çarmıxa çəkilməsi

Tərlan Məsməli
almaqezeti@gmail.com


Vicdanın çarmıxa çəkilməsi, ya da oğlum
Sənin vətənin anan oldu, anan vətənin olmadı, oğlum.
Mən öz anamı vətənimə qurban vermədim, bağışla məni, oğlum.
Mən o sevgini vətənimə dəyişmədim, cəsarət etmədim.
Sən böyüdükcə dirənişçi ruhun da böyüdü,
Amma sənə mənim bacarmadıqlarımı bacar,
Mənim olmadığımı ol deməyəcəm, oğlum.
Sən məndən cəsur olacaqsan, cəsur olacaqsan,
Məni ürəyində qınayacaqsan,
Vətənçün neynəyib deyəcəksən,
O sadəövh qəzəbin tikan kimi batacaq ürəyimə,
Sən məni utandıracaqsan.
Çapılmış alnından axan qan
İstehza ilə tökülər zərif çiyninə,
Heç bir söz deməzsən amma,
Sarıdığım dəyənək yaraları kinayə edər mənə.
Sən bir yerdə dayanmazsan,
Hər gün daha çox inamla
Üfüqdəki o parıltıya doğru qaçarsan,
Gözlərin o qığılcımdan ilham alar,
Gözlərin səni nə gözəl anlatar.
Coşğun ruhun kövrək bədənində nə gözəl dalğalanar.
Oğlum, gözlərinə baxanda vicdanını görərəm,
Ürəyində yuva salmış saf  inamını görərəm,
Oğlum, üzünə baxanda, saflaşaram, təmizlənərəm.
Sən mənim üzümə baxanda mən də sənə bənzəyərəm,
Müvəqqəti yüksələrəm.
Nə yaxşı ki, mənim oğlum olduğuna
Sevinərəm oğlum, sevinərəm.
İncəcik sümüklərin bu qədər iztiraba dözməz
Bədənin zəifləyər, xəstələnərsən.
Ürəyində elə bir işıq yanar ki,
Gözlərinin alovu sönməz, oğlum.
Bu qədər çirkaba da dözmək olmaz, oğlum.
Qolların bu çirkablı torpağın irin tökən yaralarına çarmıxlanar,
Həssas vicdanın səni bu cəhənnəmə tıxar.
Sənsə bu gecə vaxtı
Həbsdə yatan dostunun halına sızlayarsan,
Yanağından ümidlərini damla-damla damladarsan
Əli-qolu bağlı yaxılarsan, yanarsan
Başını divara vurarsan,
Dizlərinin arasına soxarsan.
Bu gecə, o qaranlıq və soyuq otaqda
Düşünərsən niyə bu qaranlığa tıxandığını
Niyə başqa cürə bacarmadığını
Niyə baş götürüb qaçmadığını,
Niyə, niyə, niyə???...
Sən və dostun
Ən yüksək məhkəmənin hökmüylə
Vicdanınıza məhkum edildiniz,
Sevgiyə təslim.
Sən hər şeydə özünü səbəbkar bildin,
Vətənin səfil uşaq kimi dilənməyində
Özünü günahkar gördün.
Bu sənin taleyindi oğlum,
Bu sənin günahın deyil,
Belə doğulmusan sən.
11.07.09

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.