19.3.10

Xəlil bəy Xasməmmədov

Xəlil bəy Xasməmmədli (1875-1947) - Azərbaycanın siyasi və dövlət xadimi. 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının ədliyyə və daxili işlər naziri.

Həyatı

Xəlil bəy Xasməmmədli 1875-ci ildə Gəncədə anadan olmuşdur. O, Moskva Universitetinin hüquq fakültəsini bitirib müstəntiq işləmişdir.

Fəaliyyəti

Xəlil bəy bütün həyatı boyu "Azərbaycana muxtariyyət" amalı uğrunda mübarizə aparmış, onun ictimai-siyasi fəaliyyətinin ən coşqun dövrü Azərbaycan Cümhuriyyətinin təşəkkülü və dirçəlişi ilə bağlı idi. O, müstəqil hökumətin beş kabinetindən dördündə iştirak etmiş, iki dəfə ədliyyə naziri, iki dəfə daxili işlər naziri vəzifələrində işləmişdir.

O dövrdə daxili işlər orqanları hərbi nazirlik, təhlükəsizlik və xüsusi xidmət orqanları ilə sıx əlaqəli şəkildə fəaliyyət göstərirdi. Bunun da əsas səbəblərindən biri o idi ki, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinə qarşı işləyən əks qüvvələrin xeyli hissəsi milli ordunun və digər qurumların tərkibində əsgər, çavuş, zabit, polis və s. vəzifələr daşıyırdılar. Ona görə də hökumətin əleyhinə planlaşdırılan hər hansı bir təxribatın qarşısını almaq üçün belə birgə fəaliyyət zəruri idi.

Xəlil bəy Cümhuriyyətin süqutunu İstanbulda eşitmişdi. Həmin vaxt o, Türkiyəyə yenicə səfir təyin olunmuşdu. Ömrünün qalan illərini İstanbulda yaşamış və 1947-ci ildə vəfat etmişdir. Xəlil bəy İstanbulun Fəri Göy məzarlığında dəfn olunmuşdur.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.