22.12.13

"Dalğa Qayıdır" şüarıyla Hacı Zeynallı Dalğa Gənclər Hərəkatının sədri seçildi

Dekabr ayının 21-də Park İnn otelində Dalğa Gənclər Hərəkatının VII (VIII) Qurultayı keçirildi. 

Etatist.com Qurultaydan geniş reportaj hazırlayıb:

Aparıcı qismində çıxış edən Dalğa Gənclər Hərəkatının (Dalğa GH) üzvü Nülufər Kapançı tədbirə gələnləri salamlayaraq hərəkatın Qurultayını açıq elan etdi. O ilk sözü Dalğa Gənclər Hərəkatının Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin rəhbəri Fəzilət Səmədsoya verildi. Fəzilət Səmədsoy Qurultay hazırlıq işləri barədə və prosedur qaydalarını izah etdikdən sonra
bu ilki Qurultayın Dalğa GH üçün önəmli olmasından danışdı: "7 aydır İdarə Heyəti tərəfindən idarə olunan hərəkat bu gün özünə sədr seçəcək. Ona görə bizim üçün bu çox önəmli bir gündür. Sədr seçkilərindən başqa bu gün Demokratiya Məktəbinin direktoru da seçiləcək". 

Daha sonra söz Dalğa GH-nın Mərkəzi Nəzarət Təftiş Komitəsinin rəhbəri Saleh Mehdizadəyə verildi. S. Mehdizadə Qurultay iştirakçıları qarşısında çıxış edərək 7 ay ərzində heç bir pozuntunun qeydə alınmadığını bildirdi: "İdarə Heyətinin 7 ay rəhbərliyi zamanı hərəkatın Nizamnaməsi və Əsasnaməsinin pozuntusu halları qeydə alınmayıb. Seçkidə iştirak edən bütün namizədlərə bərabər imkanlar yaradılıb".

Namizədlər danışdı

Fərid Eyyubov
Sədrliyə namizəd Fərid Eyyubov Ramin Hacılıya və digər təsisçilərə Dalğa GH-nı yaratdıqları üçün minnətdarlığını bildirərək, gənclərin inkişafı üçün bu azad məktəbin çox əhəmiyyətli olduğunu dedi. Seçiləcəyi təqdirdə gördüyü işlərin iki qatını görəcəyini vəd etdi: "Bu seçkilər çox önəmlidir və mən sizə söz verirəm ki, hamınız tərəfindən təqdir olunan gördüyüm işlərin iki qat artığını görəcəyəm. Hamınızı seçkilərdə iştirak etməyə və mənə səs verməyə çağırıram".

Hacı Zeynallı
Söz alan digər namizəd Hacı Zeynallı 4 ildir ki, Dalğa GH-nın üzvü olduğunu bildirdi: "Mən "Dalğa"ya 14 yaşımda gəlmişəm. Mən burda bir məktəb keçmişəm, ailə qazanmışam. İnsanlığı, dəyərləri və peşəkarlığı burda öyrənmişəm. Mən, əvvəlki sədrlərin ənənəsini pozmayaraq sizə dalğanı qaytaracam. Devizim də elə belədir: ""Dalğa" qayıdır!”. Bizim işimiz köhnə bütləri yıxıb yeni dəyərlər yaratmaqdır. "Dalğa" çox işlər görüb və görəcək. Necə ki, "Şekspir olmasa idi İngiltərə ədəbiyyatı buz bağlayardı" deyirlər, elə də mən deyərdim ki, "Dalğa GH" da olmasa idi Azərbaycan cəmiyyəti buz bağlayardı. Dalğa GH-ya cəmiyyətimizin hələ də ehtiyacı var. İstərdim bu işin ikinci hissəsi mənimlə başlasın". 

Böyük alqışlara səbəb olan bu çıxışdan sonra söz Demokratiya Məktəbinin direktorluğuna namizəd Aydın Ceyhunoğluya verildi. 

Aydın Ceyhunoğlu
2 ildir ki, "Dalğa GH-nın üzvü olduğunu deyən A. Ceyhunoğlu Demokratiya Məktəbinin direktoru olmağa layiq olduğunu və özünün də həmin məktəbdə böyüdüyünü bildirdi: "Demokratiya Məktəbi cəmiyyəti azad və demokratik dəyərlərə sadiq olmağı öyrədir. Mən o məktəbin direktoru olmaq istərdim". 

Qonaqlar danışdı

Gündəliyə uyğun olaraq söz qonaqlara verildi.

Milli Fikir Mərkəzinin rəhbəri Şəhriyar Məcidzadə "Dalğa" GH-nı illərdir tanıdığını bildirdi: "Dalğa GH mənim üçün əziz təşkilatdır. Təşkilatlar var ki, boz bir abu-havaya sahibdir, amma "Dalğa" GH da elə deyil. Mən istəyirəm ki, gənclərin hər zaman öz dalğası olsun. Gənclik köhnəlmiş dəyərləri yeniləməlidir. Şərqdə birinci opera Azərbaycanda yazılıb. Biz Axundovların, Mirzə Cəlillərin, Sabirlərin əziyyətləri üzərində sağlam bir cəmiyyət qurmaq istəyirik. Biz onların yolu ilə gedirik".

Zaur Əkbər
Gənclər Klubu İctimai Birliyinin həmtəsisçisi Zaur Əkbər də Dalğa GH-na uğurlar arzuladı: ""Dalğa" GH başqa təşkilatların etmədiyini edib. Hami susanda dalğaçılar cəmiyyəti yatmağa qoymurdular. Bundan sonra isə hər şeyi siz gənclər edəcəksiniz və əminəmki Dalğa GH-nı yaşadacaqsız".

Dalğa GH-nın həmtəsisçisi və ilk sədri, hazırda isə Azərbaycan Avropa Hərəkatının prezidenti olan Ramin Hacılı hərəkatın misiyasından və yaranma məqsədlərindən danışdı: "Bizim işimiz bütləri qırmaqdır. Mentalitetin, dini mövhümatın üstündə dayanan hazırkı totemlər qaldıqca Azərbaycanda saxta seçkilər də olacaq, rüşvət də olacaq, korrupsiya da. Bu halda insanlar kölə kimi yaşamaqda da davam edəcək. Biz birinci "şahsevən" təfəkkürü dağıtmalıyıq ki, "şah"la görüşə bilək. Bizdən çox soruşurlar ki, sizi niyə həbs etmirlər? Bizi ona görə həbs etmirlər ki, biz barış vəd edirik. Nə qədər də hər hansı bir maliyyə dəstəyi alsaq da dövlətimizin mənafeyini satmamışıq. Bunu əksini edən insanlar əlbəttə ki, həbs olunmalıdır”. 

Ramin Hacılı
Daha sonra sədrliyə namizədlərin əvvəlki fəaliyyətləri haqqında danışan R. Hacılı, onların ikisinin də işinin kitabla bağlı olduğunu bildirdi və bunu onların cəmiyyətimiz üçün faydalı olmasını qeyd etdi. O Dalğa GH-nın keçdiyi yoldan da danışdı: ""Dalğa" GH niyə zəiflədi, bunun cavabını vermək istəyərdim. Azərbaycanda bir yaşlı nəsil var ki, Azərbaycanı öz mülkü kimi görür. Biz həmin o nəsilə öz iddialarımızdan danışanda onlar bizdən üz çevirir. Onlar fikirləşirlər ki, biz onlar üçün sadəcə plakatlar yapışdıra bilərik, mitinqlərində qışqıra bilərik, papkaların daşımalıyıq. Onlar bizim iddialarımızı qəbul edə bilmirlər. Bu səbəbdən də Dalğa GH öz iddiasın ortaya qoyanda bütün tərəflər özlərinə düşmən elan etdilər. Təklənmiş gənclik halını aldı” R. Hacılı namizədlərə də uğurlar arzu etdi "kimin sədr olmağından asılı olmayaraq, bir birinizə sahib çıxın. İnsan üçün ən böyük dəyərlərdən biri sahiblikdir. Çünki sahiblik, fədakarlıq deməkdir və bunun üçün fərdi eqondan imtina etməlisən”.

Qurultayda cıxış edən Azad Yazarlar Ocağının yaradıcısı, yazar Rasim Qaraca Dalğa GH-ya marifçilik işinə verdiyi tövhəyə görə xüsusi minnətdarlığın bildirdi.

Qurultayda tanınmış simalardan yazarlar Rasim Qaraca, Nərmin Nöqtə, Aysel Əlizadə, Əli Novruzov, Azərbaycan Avropa Hərəkatının Baş Katibi Aygül Cəfərova, NİDA Vətəndaş Hərəkatının üzvü İlhamiz Quliyev və jurnalist Aynur Zərrintac da iştirak edirdilər.

Seçkilər oldu

Sonda Dalğa Gənclər Hərəkatının üzvləri arasında səsvermə keçirildi. Seçkiləri hərəkatın üzvü Oruc Rəfili həyata keçirirdi. Secki prosesinə müşahidəni isə Milli Fikir Mərkəzinin sədr muavini Cavid Əliyev, NİDA Vətəndaş Hərəkatının üzvü İlhamiz Quliyev, gənc fəal Cavid Atilla və jurnalist Aynur Zərrintac həyata keçirirdi.

Dalğa GH-nın Əsasnaməsinə görə sədr seçkilərə həm də öz birinci muavini ilə namizəd olur. Buna görə də Hacı Zeynallı özünə Vüsal Mirzəyevi, Fərid Eyyubov isə Nigar Kərimlini birinci muavin olaraq müəyyənləşdirmişdi. Seçki təbliğatı isə bir ay müddətinə davam etmişdi.



İlk olaraq Demokratiya Məktəbinin direktorunun müəyyən olunması ilə bağlı həyata keçirilən nəticələr açıqlandı. 51 hərəkat üzvünün iştirak etdiyi seçkidə 28 nəfər leyhinə, 18 nəfər əleyhinə və 5 nəfər bitərəf olmaqla Aydın Ceyhunoğlu Demokratiya Məktəbinin direktoru seçildi.

Daha sonra isə Seçki Komissiyasının rəhbəri Oruc Rəfili Dalğa GH-nın sərdnin müəyyənləşməsi üçün keçirilən səsvermənin nəticəsin açıqladı. 67 hərəkat üzvünün iştirak etdiyi seçkilərdə 49 nəfər Hacı Zeynallıya 16 nəfər isə Fərid Eyyubova, 2 nəfər isə bitərəf qalmaqla Hacı Zeynallı Dalğa Gənclər Hərəkatının sədri seçildi. 

Hacı Zeynallını ilk olaraq rəqibi Fərid Eyyubov təbrik etdi və birlikdə hərəkatın himnini oxudular.

"Dalğa qayıdır!” devizi ilə sədr seçilən Hacı Zeynallı Dalğa GH-ya 1 il müddətinə rəhbərlik edəcək.

Qeyd edək ki, Dalğa GH 2005-ci ildə bir qrup tələbə tərəfindən təsis edilib. Öz dəsti xətti ilə seçilən hərakt bu günədək bir çox yenilikləri ilə yadda qalıb.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.