12.12.06

Dalğa yeniləşdi


Gənclər qurultayda hamıya demokratik seçki dərsi keçdilər


02.10.2006


Oktyabrın 2-də Dalğa Gənclər Hərəkatı ilk qurultayını keçirdi. Ramin Hacılı Hərəkatın rəhbərliyindən istefa verdiyi üçün gündəlikdə duran əsas məsələ yeni sədrin seçilməsi ilə bağlı idi. Bununla yanaşı, yeni strukturların formalaşması da nəzərdə tutulmuşdu.

Qurultay iştirakçılarını təbrik etmək və tədbiri aparmaq üçün söz alan Şəbnəm Bəkirzadə hərəkatın sədrliyinə iki gəncin - Ülvi Həsənli və Elvin Kazımlının iddialı olduğunu bildirdi. Məlum oldu ki, hər bir namizəd seçkiyə həm də öz birinci müavinləri ilə gedir. Belə ki, hərakatçılar yalnız gələcək sədrə deyil, həm də gələcək komandaya səs vermiş olurdu. Birinci müavin postu uğrunda uyğun olaraq, Turanə Rəsulova ilə Cavid Ramazanov mübarizə aparırdı.

Sonra Hərəkatın sabiq sədri Ramin Hacılı hesabat xarakterli çıxış edərək, Dalğanın keçdiyi yol barədə qısa məlumat verdi: «Dalğa Hərəkatı 2005-ci ilin 12 fevralında yaranıb. Təşəbbüsçü İqtisad Universitetinin 7 nəfər tələbəsi olub. Sonra biz digər universitet tələbələrini səfərbər etdik. Üzvlərimizi bu prinsip əsasında seçirdik ki, Hərəkatın üzvü olacaq hər bir kəs yalnız xalqın və gənclərin problemlərinin həlli uğrunda çalışmalıdır, həmçinin onların bu problemlərdən çıxış yollarını göstərmək üçün yüksək intellektləri olmalıdır. Sonra biz müxtəlif layihələr həyata keçirdik. Təhsillə bağlı monitorinqlərdən isə, məlum oldu ki, tələbə gəncləri daha çox təhsildə rüşvət problemi narahat edir. Ona görə də «Rüşvətsiz təhsil!» adlı proyekt üzərində işlədik. Bu, isə cəmiyyətdə müsbət qarşılandı».

R.Hacılı gənclərin asudə vaxtlarının maraqlı keçirilməsi üçün də bir çox işlər gördüklərini diqqətə çatdırdı. Onun sözlərinə görə, tələbələrə öz hüquqlarını aşılamaq məqsədilə keçirilən aksiyalarda 20 minədək vərəqə paylanıb və hərəkatın bir çox fəal üzvü polis tərəfindən saxlanılıb. Biz tələbələrin hüquqlarını qorumaq üçün Tələbə Hüquqlarını Müdafiə Komitəsi təsis etdik. Dalğanın «Təhsil Könüllüləri» adlı regional layihələrinin olduğunu da deyən natiq hərəkatın nümayəndələrinin bu istiqamətdə Gəncəyə, Qaxa, Samuxa, Xanlara, Bərdəyə və başqa rayonlara səfər etdiklərini vurğuladı. Natiq onu da qeyd etdi ki Hərəkat ziyalılarla tələbələrin görüşünü təşkil etmək üçün «İctimai-fəlsəfi klub» yaradıb.

R.Hacılı sadaladıqları bütün tədbirlərin heç də asan başa gəlmədiyini, üzvlərin təzyiqlərə məruz qaldığını və bir neçə gəncin təhsil aldıqları ali məktəbdən xaric edildiyini də xüsusi olaraq qeyd etdi.

Sabiq sədr istefasının səbəblərinə də toxundu. Bildirdi ki, Demokratik İslahatlar Partiyasında siyasi fəaliyyətə başladığından təşkilat sədri vəzifəsindən istefa verib.

Növbəti hesabat xarakterli çıxış üçün söz təşkilatın fəalı Turanə Rəsulovaya verildi. T.Rəsulova Dalğanın qısa zamanda qazandığı uğurları hansısa şəxsin - sədrin və ya müavinlərin əməyi ilə deyil, kollektivin səyinin nəticəsi ilə bağlamağın məqsədəuyğun olduğunu dedi: «Sabah Hərəkatın sədri, müavini və ya sıravi üzvü ola bilərəm. Amma bunlar mənim fəaliyyətimə təsir etməməlidir. Bizim hər birimizin fəaliyyəti Hərəkatın prinsiplərinə uyğun tənzimlənir. Prinsiplərimiz vahid orqanizm kimi işləməyi şərtləndirən yeganə amildir. Dalğada rəhbərlik deyil, iş, fəaliyyət, hərəkət önəmlidir. Bizim Hərəkat bu günə qədər kiminsə, yaxud hansısa siyasi təşkilatın göstərişi ilə oturub-durmayıb. Biz indiyə qədər müstəqil fəaliyyət göstərmişik və bundan sonra da belə davam edəcək. Düzdür, müstəqil olmaq xeyli çətinliklər törədir, amma şərəflidir. Bizim üçün əsas olanı xalqın mənafeyidir. Bir sözlə, Dalğa azaddır və azad olaraq qalacaq.

Qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Elyar Həsənov Dalğanın yaranma zərurətindən danışdı. Bildirdi ki, Azərbaycanda mövcud olan problemlər gənclərin də həyatından yan keçmir və onları həll etmək üçün gənclərin təşkilatlanmasına ehtiyac var. Elə buna görə də oxşar düşüncəli gənclər bir yerə yığılıb Dalğanı yaradıblar: «Digər QHT-lərlə oxşar cəhətlərimiz var, amma fəaliyyətimizdə fərqliyik. Dalğanın üzvləri azaddırlar - üzvlərimiz kiminsə diktəsi əsasında fəaliyyət göstərə bilməzlər. Düzdür, Hərəkatımızı təsir dairəsinə salmaq istəyənlər olub, amma alınmayıb. Çünki Dalğaçılar öz prinsiplərinə sadiqdirlər».

Qonaqlar da çıxışlarında Dalğanın ilk qurultayını təbrik edərək, onun doğru yolda olduğunu vurğuladılar. DİP Siyasi Şurasının üzvü Mərdan Əfəndiyev qurultay iştirakçılarına uğurlar arzuladı: «Mən çox şadam ki, Azərbaycanın belə gəncləri var. Dalğa qısa müddət ərzində işi ilə özündən söz etdirməyi bacarıb. Ümid edirəm ki, bundan sonra da Dalğa öz müstəqilliyini qoruyub saxlayacaq və daha böyük uğurlar qazanacaq». Ümid Partiyası Gənclər Təşkilatının sədri Aysel Teymurzadə də qurultay iştirakçılarını təbrik etdikdən sonra, gənclərin ümumi problemlərini dəf etmək üçün funksiyaları eyni olan müxtəlif təşkilatların bir araya gəlməli olduğunu vurğuladı: «Mənim üçün xoşdur ki, bu gün qurultayını keçirən Dalğa Hərəkatı problemlərin həllində mübarizə aparan qurumlar arasında öncüllərdəndir». Müsavat Partiyası Gənclər Təşkilatının üzvü Rahid Mustafayev isə bildirdi ki, 2005-ci il seçkilərindən öncə Azərbaycanda bir neçə gənclər təşkilatı yarandı, seçkidən sonra onların çoxu ya dağıldı, ya da görünməz oldu, amma Dalğa bu gün də var: «Çünki bu Hərəkat kiminsə sifarişi ilə mövsümi məqsədlərlə yaranmayıb. Dalğa müstəqildir və bu, sizlərə başucalığı gətirir».

ADP gənclərinin rəhbəri Nizami Həsənoğlu Dalğanın uğurlarının səbəbləri haqqında danışdı: «Bu Hərəkat prinsipialdır, başladığı hər bir işin arxasınca getməyi bacarır». Azad və Demokratik Gənclər Birliyinin sədri Rəşad Xasayoğlu Dalğanın nümunəvi Hərəkat olduğunu və bu qurumdan götürüləcək örnəklərin çox olduğunu önə çəkdi.

GAMOH Bakı ofisinin rəhbəri Ağrı Qaradağlı Hərəkat üzvlərinə Güney Azərbaycan məsələsini hər zaman diqqətdə saxladıqlarına görə təşəkkür etdi.

ALP gənclər təşkilatının sədri Kamil Kərimov, «Məqam» Hərəkatının koordinatoru Emin Hüseynov və başqa çıxışçılar Dalğaya işlərində müvəffəqiyyətlər arzuladılar. Nəhayət tədbirin ən əsas məqamı yetişdi. Əvvəlcə sədrliyə namizədlər Ülvi Həsənli və Elvin Kazımlı öz platformalarını açıqladılar, sonra səsvermə prosesi başlandı. Gənclər özlərinin hazırladıqları şəffaf qutunun yanına yaxınlaşdılar. Səmimi şəkildə etiraf etmək lazımdır ki, Dalğa nümunəvi və demokratik seçki keçirdi. Hamının gözü qarşısında bülletenlər sayıldı və 27 səsin 16 səsə nisbətində Ülvi Həsənli Dalğanın yeni sədri seçildi. Yeni sədri ilk təbrik edən də onun rəqibi Elvin Kazımlı oldu. Bir sözlə, Dalğaçılar nümunəvi bir seçki mədəniyyəti sərgilədilər. Yeni seçilən sədr göstərilən etimada görə bütün qurultay iştirakçılarına təşəkkürünü bildirdi.

Beləliklə, Dalğa Gənclər Hərakatının yeni sədri Ülvi Həsənli, onun birinci müavini isə Turanə Rəsulova seçildi.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.