Dalğanın qurultaya hazırlıq üzrə TK-nin sədri Səda Həsənova: “Azərbaycan gənci heç bir potensialına görə dünya gənclərindən geri qalmır”
Dalga Gənclər Hərəkatı yeni qurultya hazırlaşır. Artıq nizamnaməyə görə, təşkilatın sədri Ülvi Həsənli istefa verib. Dalga GH-nın qurultaya hazırlıq üzrə Təşkilat Komitəsinin sədri Səda Həsənova ilə görüşüb istər qurultayla bağlı, istərsə də hər zaman orijinal aksiyalarıilə fərqlənən Dalğa haqqında maraqlı bir söhbət etdik.
- Siz “Alma” qəzetinə verdiyiniz müsahibədə demişdiniz ki , yeni sədrin qadın olmasını istəyirsiniz. Bəs, siz, öz namizədliyinizi irəli sürəcəksinizmi ?- Hələ ki, sədrliyə yalnız bir nəfərin namizəd olacağı dəqiqləşib. O da Ülvi Həsənlidir. Qurultay 8 oktyabrda olacaq və qurultaya 3 gün qalmışa qədər hər kəsin namizəd olmaq üçün düşünmək imkanı var. Bizim qaydalara görə sədrliyə namizədliyini irəli sürən şəxs özünün birinci müavinini də müəyyənləşdirməlidir və seçkilərə namizəd öz birinci müavini ilə birlikdə gedir. O ki qaldı mənim namizəd olub-olmayacağıma, bu barədə konkret qərarım yoxdur.
- Dalğada xanımların üstünlük təşkil etməsi və hətta hal-hazırda bir xanımı hərəkatın rəhbərliyinə gətirmək istəyinizi nə ilə əlaqələndirə bilərsiniz ?- Bunun səbəbi Dalğada çox sağlam və səmimi mühitin olmasıdır. Həqiqətən də Dalğaçı oğlanlar sözdə yox, əməldə də xanımları özlərinə bərabər tuturlar. Heç bir Dalğaçı cinsinə, etnik mənsubiyyətinə və bu kimi məsələlərə görə qiymətləndirilmir. Dalğaya qoşulmaq istəyən gəncə intelektual, təşəbbüskar, fədakar, azad və məsuliyyətli olmaq kifayət edir ki, hərəkatda layiqincə qiymətləndirilsin. Kimin nə deməsindən asılı olmayaraq, Dalğaçı xanımlar özlərini tam rahat hiss edirlər və onlara qarşı kimsə yuxarıdan aşağı baxmır.
- Sədrin və yeni idarə heyətinin formalaşmasından, yəni qurultaydan sonra, Dalğada köklü dəyişikliklər gözlənilirmi ? - Bir şey dəqiqdir ki, Dalğanın prinsiplərinin dəyişməsi gözlənilmir. Bunu sığorta etmək üçün biz hərəkata üzvləri seçərək qəbul edirik. Yəni bu prinsipləri özündə ehtiva edən gəncləri hərəkata qəbul edirik. Bu isə o deməkdir ki, Dalğanın strategiyasının və qarşıya qoyduğu hədəfin dəyişməsi gözlənilmir. Yalnız, idarə heyəti iş planı hazırlayarkən və hədəflərə çatma yolunda taktikaları müəyyənləşdirərkən, hər hansı redaktələr edə bilər. Bütün hallarda taktika dəyişsə də strategiya dəyişməz qalacaqdır.
- Yeri gəlmişkən, strategiya və hədəflərinizdən danışdınız. Bəlkə onlar barəsində danışasınız ?- Bizim hədəfimiz Azərbaycanın və azərbaycanlıların xoşbəxt yaşayacağı gələcəyi qurmaqdır. Yəqin ki, Azərbaycanda fəaliyyət göstərən hər bir təşkilatın istəyi bundan ibarətdir. Amma biz digərlərindən fərqli olaraq, insanların öz xoşbəxtliyini istədikləri şəkildə azad qura biləcəkləri cəmiyyəti arzu edirik. Hansı ki, bu cəmiyyət azad fərdlərin istəklərinin bərqərar olduğu, hüququn vətəndaşları qoruduğu, azlığın da sözünü deyə biləcəyi vətəndaş cəmiyyətidir. Biz cəmiyyətdə liberal dəyərlərin bərqərar olmasını, insanın ən böyük sərvət hesab olunduğu, bir sözlə, hər şeyin insana xidmət elədiyi ölkənin xoşbəxt vətəndaşları olmaq istəyirik. Dalğanın əsası qoyularkən o da dəqiqləşdirilib ki, əgər hədəfə insanlıq üçün məqbul olmayan vasitələrlə getsək, hədəf zamanla dəyişə bilər və insanlığa yox, kimlərəsə xidmət edə bilər. Ona görə də biz zorakılıqsız, sevgiylə və məntiqi sonluğu hesablanmış addımlarla DALĞAlanmaq yolunu seçmişik! Bu bizim vasitələrimizdir !
- Siz Dalğada nə vaxtdan fəaliyyət göstərirsiniz ?- 2005-ci ilin may ayından mən Dalğaçıyam !
- Zamanla sizi hansısa siyası partiyalara yaxınlıqda günahlandırırlar. Bu nə ilə əlaqədardır?- Vaxtilə biz ofis problemi yaşadığımız üçün Ümid Partiyasının akt zalından istifadə edirdik. Hələ o vaxtlar İqbal Ağazadə həbsdə idi və Ümid Partiyasında qələbəlik az idi. O zamanlar bizim orada toplanmağımız üçün münbit şərait var idi. Biz də bundan lazımınca istifadə edirdik. İqbal Ağazadənin gənclər müşaviri Akif Qurbanov Dalğanın ilk sədri Ramin Hacılı ilə dost olduğu üçün bu şəraiti bizə yaratmışdı. Çoxları o zamanlar bizi Ümidçi hesab edirdi. Daha sonra seçkilərin saxtalaşdırılmasına etiraz əlaməti olaraq keçirilən mitinqlərdə Dalğa aktiv şəkildə iştirak etməyə başladı. Hansı ki, bu mitinqlərdə Ümid Partiyası iştirak etmirdi və həmin vaxt bizi Müsavatçı adlandırmağa başladılar. Daha sonra Ramin Hacılı istefa verərək Demokratik İslahatlar Partiyasına (DİP) keçdi. İndi də bizi DİP-ə yaxın olmaqda günahlandırırlar. Əgər bizim son sədr Ülvi Həsənli istefa verərək, tutaq ki, AXCP-yə keçsə, onda o insanlar nə deyəcək? Mən elə hesab edirəm ki, bütün bunlar sadəcə Azərbaycan insanına hansısa bir qrupun, xüsusən də gənclərin müstəqil şəkildə iş görməsinə inamsızlığından irəli gəlir. Bu əslində həmin insanların özlərinə inamsızlığıdır və biz həm də insanlara özünəinam hissini aşılamaq istəyirik.
- 26 oktyabrda, yəni sabahki aksiyaya polis müdaxiləsi olsa nə edəcəksiniz ?- Biz aksiyaya saat 15:00-da Demokratiya bağında başlayacağıq. Bizdə olan məlumata görə son 3 gündə polislər ora ciddi nəzarət edir. Düşünürük ki, polislər aksiya başlayan kimi müdaxilə edəcəklər. Amma, bu müdaxilə əminəm ki, kobud şəkil almayacaqdır. Çünki, biz heç bir plakat tutmayacaq, şüar səsləndirməyəcəyik. Sadəcə, ayaqyalın gəzəcəyik. Tələblərimizi isə mən və hazırda mətbuat işləri üzrə mənim yardımçım Vəfa Cəfərova KİV-ə təqdim edəcəyik. Tələblərimizi lazımi orqanlara, artıq göndərmişik. KİV vasitəsilə də insanlara çatdıracağıq. Məqsədimiz insanların diqqətini təhsildə olan problemə çəkməkdir və bu aksiyada heç bir siyasi motiv yoxdur. Ona görə də mən aksiyanın uğurlu alınacağına inanıram.
- Siz Sahil bağının adının Demokratiya bağı adı ilə əvəzlənməsini istəyirsiniz? Bununla bağlı aidiyyatı orqanlara müraciət etmisinizmi və nəyə görə məhz Demokratiya Bağı?- Bəli, biz təxminən bir il öncə Sahil bağının adını dəyişdirilərək "Demokratiya bağı" adlandırılması ilə bağlı prezidentə, Bakı Şəhər İcra Hakimiyyətinə və Səbail Rayon İcra Hakimiyyətinə müraciət etmişik. O ki qaldı nəyə görə məhz bu bağın Demokratiya bağı adlandırılmasına, əvvəla qeyd edim ki, bu bağ bizim ofisimiz olmadığı vaxtlarda tədbirlərimizi keçirməyimiz üçün bizə çox kömək edib. İkincisi isə, bu bağın nəyə görə "Sahil" adlandırıldığını anlamaq çətindir. Köhnə 26-lar bağı indi haranın sahilidir: dənizin, ya Sahil metrosunun? Əgər dənizin sahilidirsə, biz Dalğalanmaq istəyidimiz sahillərdə demokratiya istəyirik. Bizim üzvümüz olan Elşən Poladlının bu adla bağlı maraqlı fikirləri var: Demokratiya bağı Azərbaycanın kiçik modelidir! Bir tərəfdə YAP-ın binası, digər tərəfdə "Yeni Azərbaycan" və "Səs" qəzetləri , sol tərəfdə AYB-nin binası, "Azadlıq" qəzetinin əlindən alınmış binası, digər tərəfdə Türkiyənin hazırki konsulluğu, Səbail rayon icra hakimiyyəti, digər bir tərəfdə azadlığın olmadığı Azərbaycan Pedoqoji Universiteti, gənclərə xidmət edə bilməyən Axundov kitabxanası və s. yerləşir...
Biz gənclər də həmişə ora toplaşmaqla, orada aksiya keçirməklə, adını dəyişib, öz aramızda Demokratiya bağı adlandırmaqla heç olmasa Azərbaycanın bir parçasını zəncirli təfəkkürdən azad etməyə çalışmaqdayıq! Məncə bu tək Elşənin yox, hər birimizin mövqeyidir.
- Ötən aksiyada sizlərə qarşı kobud davranan polis əməkdaşlarını nəyə görə məhkəməyə vermədiniz ?- Əvvəlcə onları məhkəməyə verməyi və hətta son instansiyaya qədər getməyi qərarlaşdırmışdıq. Lakin, sonradan Dalğa Gənclər Hərəkatının idarə heyətində qərarlaşdırdıq ki, əgər biz polis əməkdaşlarını məhkəməyə veririksə, onda gərək o insanları vəzifədə saxlayan hakimiyyəti və polis əməkdaşlarının bu qədər amansız olmasında günahkar olan cəmiyyəti də məhkəməyə verək. Polislər də cəmiyyətin üzvü olduğu üçün onları da dəyişməyi düşünürük.
- Sonda demək istəyiniz hər hansı bir fikriniz varmı? - Azərbaycan gənclərini məsuliyyətli olmağa və heç vaxt ruhdan düşməməyə çağırırıq. Biz • Azərbaycan gəncləri heç bir potensial göstəricisinə görə dünya gənclərindən geri qalmırıq. İntellekt, inam və iradə əsrinin şərtlərinə uyğun davransaq, mütləq xoşbəxtliyimizi təmin edə biləcəyik.
Biz gənclər də həmişə ora toplaşmaqla, orada aksiya keçirməklə, adını dəyişib, öz aramızda Demokratiya bağı adlandırmaqla heç olmasa Azərbaycanın bir parçasını zəncirli təfəkkürdən azad etməyə çalışmaqdayıq! Məncə bu tək Elşənin yox, hər birimizin mövqeyidir.
- Ötən aksiyada sizlərə qarşı kobud davranan polis əməkdaşlarını nəyə görə məhkəməyə vermədiniz ?- Əvvəlcə onları məhkəməyə verməyi və hətta son instansiyaya qədər getməyi qərarlaşdırmışdıq. Lakin, sonradan Dalğa Gənclər Hərəkatının idarə heyətində qərarlaşdırdıq ki, əgər biz polis əməkdaşlarını məhkəməyə veririksə, onda gərək o insanları vəzifədə saxlayan hakimiyyəti və polis əməkdaşlarının bu qədər amansız olmasında günahkar olan cəmiyyəti də məhkəməyə verək. Polislər də cəmiyyətin üzvü olduğu üçün onları da dəyişməyi düşünürük.
- Sonda demək istəyiniz hər hansı bir fikriniz varmı? - Azərbaycan gənclərini məsuliyyətli olmağa və heç vaxt ruhdan düşməməyə çağırırıq. Biz • Azərbaycan gəncləri heç bir potensial göstəricisinə görə dünya gənclərindən geri qalmırıq. İntellekt, inam və iradə əsrinin şərtlərinə uyğun davransaq, mütləq xoşbəxtliyimizi təmin edə biləcəyik.
