9.10.07

Sıralarımıza daha çox gənci cəlb edəcəyik




Dalğa GH-nın sədri Vəfa Cəfərova: "Çox gəncin həyat məqsədi mobil telefon, maşın, qız, pullu işdir"
QayNar: Bu Günlərdə II qurultayını keçirən Dalga Gənclər Hərəkatı özünə yeni sədr seçdi. Ən maraqlısı isə o idi ki, sədrlik uğrunda mübarizə aparan üç namizəddən ikisi xanım idi. Köhnə sədr Ülvi Həsənlinin öz namizədliyini xanımlardan birinin- Vəfa Cəfərovanın xeyrinə geri gütürməsi yeni seçilən sədrin xanım olacağını labüd etdi. Səsvermənin nəticlərinə görə, Vəfa Cəfərova Dalğa GH-nın sədri seçildi. "QayNar"ın əməkdaşı yeni sədrlə görüşərək, müsahibə alıb.Müsahibəni sizlərə təqdim edirik.
- Dalğa GH-nın sədri olmaq sizin üçün hansı anlama gəlir?
- Bu böyük məsuliyyətdir. Dalğa GH sədri olmaq o deməkdir ki, mən artıq təkcə özümə cavabdeh deyiləm.
- Bir gənc xanımın nüfuzlu bir hərəkata sədr seçilməsi bir çoxları üçün gözlənilməz oldu. Bu faktı necə şərh edərdiniz?
- Bunu ilk olaraq sizdən eşidirəm. Çünki bizim hərəkatda gender problemi mövcud deyil. Sadəcə olaraq hərəkatın üzvləri inandılar ki, təşkilat üçün real nəsə edə bilərəm. Mənim lider keyfiyyətlərimə inandılar. Mən də öz növbəmdə bu bir il ərzində etimadlarını doğrultmağa çalışacağam.
- Vəfa Cəfərova kimdir? Özünüzü ətraflı necə təqdim edərdiz? - Vəfa Cəfərova – 23 yaşlı, gənc və prespektivli gəncdir (gülür). Təhsilimə görə kulturoloqam. Hal-hazırda “Bizim yol”da köşə yazarıyam və prodakşınların birində çalışıram.
-  Sizin sədrliyiniz dövründə Dalğa sıralarında  xanımların sayının daha da çoxalacağını təxmin etmək olarmı?
- Yenə də deyirəm, bizdə gender problemləri yoxdur. Mənim platformamda göstərmişdim ki, Dalğanın ideyalarını yaymaq, Dalğaya daha çox gənci cəlb etmək  bizim məqsədlərimizdən biridir. Amma konkret plan yoxdur ki, məsələn, bunun 90-faizi qadın olsun, 10 faizi kişi. Əsas odur ki, bizim prinsiplərimizə, dünyagörüşümüzə yad insan olmasın.
- “Dalğa nə istəyir” sualına qısaca necə cavab verərədiniz?
- Dalğa, sağlam, demokratik, tolerant, sevgi və qarşılıqlı anlayiş hökm sürən cəmiyyət istəyir.
- Dalğada hansı yenilikləri edəcəksiniz? - Bizim planlarımız çoxdur. İlk növbədə proyektlərimizi reallaşdırmaq, regionlarda nümayəndəliklərimizi açmaq, sıralarımıza daha çox gənc cəlb etmək və s.
- Azərbaycan gənclərini daha da aktivləşdirmək, onları ictimai fəaliyyətə cəlb etmək üçün nələr düşünürsünüz?
- Bilirsiz Azərbaycan gənclərinin problemi nədir? Onlar öz hüquq və öhdəliklərini bilmirlər. Onlar öz güclərinə nəyisə dəyişmək iqtidarında olduqlarına inanmırlar. Onlar ailələrinin təsirindən çıxıb ictimai fəaliyyətə başlaya bilmirlər. Bir nömrəli vəzifələrimizdən biri gəncləri bu sahədə maarifləndirmək olacaq. Bizim layihələrimiz də buna yönəlib.
- Sizcə Azərbaycanda Avropa ölkələrindən fərqli olaraq tələbələr niyə bir qüvvə kimi görünmür? - Çünki yuxarıda qeyd etdiyim kimi, bizim gənclər dünyaya çox dar bucaq altında baxırlar. Mobil telefon, maşın, qız, yaxşı, pullu iş çoxlarının həyat məqsədidir. Bəlkə də çox sərt danışıram, amma təəsüflər olsun ki, bu həqiqətdir. Onlar öz “sakit, düzənli” həyatlarını, vaxtlarını mübarizə və ya elementar öz haqqlarını qorumaq kimi yorucu işlərə xərcləmək istəmirlər. Daha asan yol - rüşvət vermək var. Dalğa GH bütün bunlara qarşıdır. Biz korrupsiyaya, rüşvətə qarşıyıq, biz azad demokratik cəmiyyətdə yaşamaq istəyirik. İstəyirik ki, cəmiyyətdə indiki kimi, cəngəllik qanunları hökm sürməsin.
- Sonda ritorik bir sual: Azərbaycanın gələcəyi ilə bağlı proqnozlarınız necədir: nikbin, ya bədbin?
- Çox istəyirdim ki, nikbin  bir proqnoz verim. Amma belə getsə, yaxın 10 ildə heç nə dəyişməyəcək. Hələ görüləsi şox işlər var.
- Sizə işinizdə uğurlar. Müsahibəyə görəsağ olun.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.