23.11.07

DALĞAdan AZAD SÖZƏ DƏSTƏK AKSİYASI


Xaqani 33-ün polis gücüylə boşaldılmasından 1 il keçir
Gənclər açıq havada teatr tamaşası nümayiş etdirdilər
QayNar: Bu gün Dalğa Gənclər Hərəkatı azad sözə basqılara etiraz olaraq daha bir orijinal aksiya keçirib. Saat 14:30-da Demokratiya Bağında (Sahil bağı) toplaşan hərəkatçılar açıq havada 10 dəqiqəlik teatr tamaşası sərgiləyiblər. Bununla da DALĞAçılar yenicə təsis etdikləri "Açıq Hava" Teatrının ilk tamaşasını elə məhz, açıq havada da nümayiş etdiriblər. Tamaşanın mövzusunu jurnalistlərin məhkəməsi təşkil edib. Müttəhimlər kürsüsündə Mirzə Sakit, Eynulla Fətullayev və Qənimət Zahid olub, ittihamçı tərəf isə reallıqda olduğu kimi  hakimiyyət olub.  10 dəqiqə davam edən tamaşa polisin müdaxiləsi olmadan və ətrafdakı insanların maraqla izləməsiylə sona çatıb. Daha doğrusu, tamaşa gedən əraziyə polis yaxınlaşsa da nə baş verdiyini anlaya bilməyib, gənclər isə "burada film çəkilir" deyə onları inandıra bilmişlər.
Tamaşa bitəndən sonra isə DALĞAçılar Xaqani 33-də yerləşən "Azadlıq" qəzetinin və Turan İnformasiya Agentliyinin keçmiş binasına yaxınlaşmış, qapılara Mirzə Sakitin, Eynulla Fətullayevin və Qənimət Zahidin şəkillərini, o cümlədən "pressa" yazılmış plakatlar asmış, orada simvolik qəbir düzəltmiş, bununla da Azərbaycanda azad sözə ölüm hökmü kəsildiyini diqqətə çatdırmışlar.
Qeyd edək ki, aksiya həm də Xaqani 33 ünvanında yerləşən qəzetlərin polis gücüylə oradan çıxarılmasının ildönümünə həsr olunmuşdu. Ötən il 24 noyabrda axşam satlarında hakimiyyət bu ünvana polis yeridərək, zorla redaksiyaları çölə atmışdı.











Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.