Onu yad edib, üzərinə tər çiçəklər qoydular
Dünən «Dalğa» Gənclər Hərəkatı Nərimanov rayonu ərazisində keçmiş Tramvay Parkında qeyri ənənəvi aksiyalarından birini keçirdi.
Aksiya “Tramvaya abidə qoyaq” şüarı altında baş tutdu. «Dalğa»çılar Tramvay Parkına gələrək, Azərbaycanda yeganə, lakin işlək vəziyyətdə olmayan tramvayın ətrafına toplaşaraq bu ağır texnikanın qapı və pəncərələrinə tər qərənfil gülləri keçirdilər.
“Dalğa”nın rəhbəri Vəfa Cəfərova Bakının dünyada ən çirkli şəhərlərdən biri kimi ekoloji siyahılarda yer almasına toxunaraq dedi ki, belə rüsvayçı siyahıda olmağımızın bir səbəbi də Bakının tramvaydan “azad” edilməsidir: «Tramvay ekoloji cəhətdən ən səmərəli, əlverişli nəqliyyatdır. Dünyanın bütün mütərəqqi ölkələrində tramvay istifadə edildiyi halda, bizim ondan imtina etməyimizin heç bir ciddi səbəbi yoxdur”. «Dalğa»çılar sürətli tramvay yollarının hazırlanması üçün aidiyyatı orqanlara müraciətlər hazırlanmasını da qərar aldılar.
Tədbir ruhuna uyğun çıxışla da bitdi. Hərəkatın üzvü yaxından- uzaqdan gələnlərdən mərhuma (tramvaya - N) haqlarını halal etməyi xahiş etdi: “O, ömrünün sonuna qədər xalqımıza sədaqətlə xidmət edib. Allahdan ona rəhmət, yaxınlarına səbr diləyirik. O, özü burda olmasa da, ruhu bizimlədir”.
Aksiyaya heç bir polis müdaxiləsi olmadı.
Hərəkatdan verilən məlumata görə, onlar noyabrın 12-dən 18-dək olan həftəni “Mənim şəhərim” həftəsi elan edib, silsilə tədbirlər həyata keçirməyi planlaşdırırlar. Növbəti günlərdə isə “Dalğa” GH “İçərişəhər bizimdir!”, “Hər kəsə bir ağac qoruyaq”, “Təmiz şəhər”, “Velosiped”; “Classic PARTY” tədbirlərini keçirməyi nəzərdə tutub.
