YALNIZ QayNarda!!!
Qaynar: Xəbər verdiyimiz kimi bu gün Dalğa Gənclər Hərəkatı Demokratiya Bağında (Sahil) yenicə təsis etdiyi “Açıq Hava” Teatrının ilk tamaşasını təqdim edib.
Bir daha xatırladaq ki, DALĞAçıların bu gün keçirdiyi aksiya azad sözə basqılara etiraz olaraq düzənlənmişdi. Oxucularımıza söz verdiyimiz kimi, bu gün DALĞAçıların Demokratiya bağında nümayiş etdirdiyi tamaşanın ssenarisini təqdim edirik.
Bir daha xatırladaq ki, DALĞAçıların bu gün keçirdiyi aksiya azad sözə basqılara etiraz olaraq düzənlənmişdi. Oxucularımıza söz verdiyimiz kimi, bu gün DALĞAçıların Demokratiya bağında nümayiş etdirdiyi tamaşanın ssenarisini təqdim edirik.
Məhkəmə katibi: Qalxın ayağa, məhkəmə gəlir
(hər kəs ayağa qalxır)Hakim: Məhkəmə iclasını açıq elan edirəm
(katib hakim yardımçısına yaxınlaşır).
Məhkəmə katibi: Üzr istəyirəm, yuxarıdan zəng var. Nə edək?
(Hakim yardımcısı hakimə)
Hakim yardımçısı: Yuxarıdan zəng vururlar. Nə edək? Danışaq?
Hakim (həyacanla): Telefonu ver, tez ol ! ver !
Tapış müəllim: Alo? Tapış müəllimdi.
Hakim (ayağa qalxaraq): Salam, tapış müəllim, buyurun, eşidirəm!
Tapış müəllim: O Eynulla var, haa... Ona 10 il iş verirsən!
Hakim: Baş üstə, baş üstə, 10 il!!!
Tapış müəllim: Qənimətə 5 il
Hakim: Oldu, oldu! Baş üstə! 5 il!
Tapış müəllim: Sakitə isə... Sakitə də haradasa 3 il.
Hakim: Baş üstə, amma, hörmətli Tapış müəllim, Sakit özünü sakit aparmır ee... Bəlkə ona bir az çox?
Tapış müəllim: Ə, bəlkə-zad bilmirəm! Dedim 3 il, fisyo!
Hakim: Oldu! Baş üstə! Ona da 3 il!
Tapış müəllim: Yaxşı, sağ ol.
Hakim: Sağ olun, sağ olun, Tapış müəllim...
(telefon zəngi kəsilir)
Hakim (zala tərəf): Məhkəmə davam edir. Şahidi çağırın.
Məhkəmə katibi: Şahid Gülpəmbə Atakişi qızı.
Şahid: Ğənab, hakim! Bu var ha, bu- Qənimət! Bu mənə küçənin ortasında “qəşəng qız” deyir. Utanmır! Bizim milli mentalitetimiz var! Hörmətli hakim, sizin ananız, bacınız var? Sizin bacınıza belə desələr necə olar? Mənim atam, qardaşım var e.
Qənimət Zahidov: Nə danışır ə bu? Şərdi bunun danışdıqları!
Hakim: Sən sus! Sənə son söz veriləndə danışarsan!
Şahid: Yalan danışmıram, möhtərəm hakim! Hər şeyi olduğu kimi deyirəm!
Hakim: Aydındır! Çox sağ olun.
Vəkil: Mən vəsadət qaldırmaq istəyirəm
Hakim: Vəsadət nədi? Vermirəm! Vaxtımız azdı. Sonra verərəm (bir nəfər əlində gülnən məhkəmə zalına daxil olur)
Gələn şəxs: Mən Dalğa Gənclər Hərəkatının nümayəndəsiyəm. Biz məhkəməyə etiraz olaraq, bu gülü həmin şahid xanıma təqdim etmək istəyirik.
Hakim (məhkəmə katibinə): Bu kimdir ? Hardan çıxdı bu? Atın bunu bayra!
(Məhkəmə katibləri və qapıda dayanan polislər DALĞAçını döyərək zaldan çıxarırlar)
Hakim: Son sözlərini dinləmək üçün sözü müttəhimlərə veririk. Müttəhim Fətullayev Eynulla, son sözünü de!
Eynulla Fətullayev: Mən son sözümü Avropa məhkəməsində deyəcəyəm.
Hakim: Müttəhim Zahidov Qənimət, sön sözünü de.
Qənimət Zahidov: Bu nə deməkdir? Mən heç bilmirəm burada nə edirəm! Məni niyə tutmusunuz? Son söz nədir? Qardaşım bəs deyil, hələ məni də tutursunuz?
Hakim: Aydındır, müttəhim Zahidov Sakit, son sözünü de.
Sakit Zahidov: Son söz olmur! Söz həmişə birinci olur! Odur ki, mən sözümü hələ çox deyəcəm!
(Hər kəs əl çalır. Hakimlər də əl çalırlar, lakin, birdən ayılır və dayanırlar)
Hakim: Məhkəmə son qərarını vermək üçün fasilə elan edir.
(fasilədən sonra)
Məhkəmə katibi: Qalxın ayağa, məhkəmə gəlir.
Hakim: Bütün faktlar araşdırıldıqdan və şahidlər dinləndikdən sonra qərarımızı açıqlayırıq. Müttəhim Eynulla Fətullayev məhbəsdə olduğu 3 ay ərzində Azadlıq meydanında 5 dəfə mitinq təşkil edərək, orada xalqı kütləvi itaətsizliyə çağırdığı üçün 10 il müddətinə azadlıqdan məhrum edilsin. Cəzasını ağır tipli cəzaçəkmə müəssisəsində çəksin. Müttəhim Qənimət Zahidov. Xanıma gül almaq üçün pulu olmayıb və bunu sözlə ifadə edərək qadını pis vəziyyətə qoyduğuna görə 5 il müddətinə azadlıqdan məhrum edilsin. Məhbəsdə olduğu müddətdə içində azadlıq sözünün yazıldığı kitab və qəzetləri oxuması qadağan edilsin. Müttəhim Sakit Zahidov. Qəzəl yazaraq xalqımızı öz gözəl vərdişlərindən- rüşvət, yaltaqlıq və itaətkarlıqdan yayındırdığı üçün 3 il müddətinə azadlıqdan məhrum edilsin. Bütün kitabları və əlyazmaları yandırılsın!
Sakit Zahidov: Kitablarım niyə? Mən hələ Şahbazın pulunu verib qurtarmamışam.
Hakim: Susun! Məhkəməyə hörmətsizlik etməyin və xahiş edirəm hər kəs məhkəmənin ədalətli qərarına hörmətlə yanaşsın. Məhkəməni bağlı elan edirəm. Gələn görüşlərədək!
