11.12.07

Dalğadan İnsan Haqqları həftəsi



Dalğa Gənclər Hərəkatı həftə boyunca silsilə tədbirlər keçirəcək
10 dekabr Ümumdünya İnsan Haqqları günüdür. 1950-ci ildə qəbul olunan «İnsan Haqqları Bəyənnaməsi»ni əsas alaraq Dalğa Gənclər Hərəkatı (Dalğa GH) dekabrın 10-dan 16-a qədər olan həftəni «İnsan Haqqları Həftəsi» elan etmişdir. Həftə ərzində müxtəlif tədbirlər və aksiyaların keçirilməsi nəzərdə tutulur. Həftənin ilk günü, yəni 10 dekabrda Hərəkatın mərkəzi ofisində Güney Azərbaycandan gəlmiş Zeytoon rock qrupunun iştirakı ilə müzakirə təşkil olunmuş, həmçinin qrupun insan haqqlarına həsr etdiyi musiqilərin dinləmişlər. Həftənin ikinci günündə hərəkat üzvləri Azərbaycanda və dünyada fəaliyyət göstərən Beynəlxalq Təşkilatlara  ölkəmizdəki insan haqqlarının vəziyyəti ilə bağlı məlumat göndərməyi planlaşdırır. Avropa Evinin Bakı ofisində isə Dalğa GH-nın rəhbərliyi ilə Avropa Evinin Koordinatoru xanım İnqrid Angela Qössingerlə görüş keçirəcəklər.
Həftənin 3-cü günü Hərəkatın ofisində tanınmış vəkil İsaxan Aşurov və Rəşid Hacılının iştirakı ilə «Hüquqlarımızı necə qorumalıyıq?» mövzusunda seminar keçiriləcək. Seminara bütün gənclər dəvətlidir.
İnsan Haqqları həftəsinin 4-cü günündə hüquq müdafiəçilərinin iştirakı ilə Hərəkatın mərkəzi ofisində «Dəyirmi masa» təşkil olunacaq. «Dəyirmi masa»nın mövzusu «İnsan Haqqlarının müqəddəsliyi» olacaq.
Həftənin 5-ci günündə «Biz susaqmı?» şüarı ilə aksiya keçiriləcək.
«İnsan Haqqları Həftəsi»nin 6-cı günündə Qadın Krizis Mərkəzinin dəstəyi ilə Hərəkatın mərkəzi ofisində «Qadın hüquqları» mövzusunda seminar təşkil olunacaq.
Həftənin son, yəni bazar günündə «Həmrəylik PARTY-si» təşkil olunacaq. Azərbaycanda təhsil alan bütün əcnəbi tələbələrin bu party-də iştirakının təmin edilməsinə çalışılacaq.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.