14.1.08

DALĞAda sədr dəyişikliyi baş verdi


Vəfa Cəfərova xaricdə təhsil almağa gedir
14 yanvar saat 15:00-da Dalğa Gənclər Hərəkatı (Dalğa GH) “RİA-Novosti” İnformasiya Agentliyinin konfrans zalında mətbuat konfransı keçirdi.
Konfransı giriş sözü ilə açan Vəfa Cəfərova ilk öncə “Söz Azadlığı Müdafiə Komitəsi”nin planlaşdırdığı mitinqlə bağlı elan edilmiş müsabiqə barədə danışdı. Vəfa Cəfərova Mitinq Təşkilat Komitəsinin üzvü kimi müsabiqəni, eləcə də mükafatlandırmanı Dalğa Gənclər Hərəkatının həyata keçirməli olduğunu bildirdi. Lakin, mitinqin Bakı Şəhər İcra Hakimiyyətinin qadağası səbəbindən baş tutmaması ilə əlaqədar olaraq, müsabiqədə qalib gəlmiş şəxslərin hədiyyələri onlara bu gün təqdim edildi. Ən yaxşı ssenariyə görə Elşən Poladlı müsabiqənin baş mükafatına, ən yaxşı şüar ideyasına görə Elçin Cəlilov ikinci yerə, ən yaxşı aksiya ideyasına görə isə Elnur Astanbəyli 3-cü yerə layiq görüldü.
Mükafatlandırmanın ardınca sədrlik etdiyi dövr barədə məlumat verən Vəfa xanım bu ərəfədə Dalğanın gördüyü işlərin qısa hesabatını açıqladı: “Sədrlik etdiyim dövrdə Hərəkatımız daha çox cəmiyyətin aktual problemlərini qabartmaq üçün aksiyalara üstünlük vermişdir. Təbii ki, bunun paralelində bizim “Demokratiya Məktəbi”miz fəaliyyət göstərir ki, bu da bizə imkan vermişdir ki, gənclərin intellektual səviyyəsinin artırılmasına yaxından kömək edək.”
Daha sonra xaricdə təhsili ilə ilaqədər ölkəni tərk edəcəyini bildirən Vəfa Cəfərova, onun olmadığı dövrdə sədri əvəz edəcək şəxsi təqdim etdi: “Mən təhsilimlə əlaqədar olaraq 9 aylıq xaricə gedirəm. Mənim burada olmadığım dövrdə məni əvəz edəcək şəxsi müəyyənləşdirdim və onu İdarə Heyətinə təqdim etdim. Bu Araz Qasımov idi və İdarə Heyəti mənim qərarımı dəstəklədi. Araz Qasımov mənim burada olmadığım dövrdə səlahiyyətlərimi yerinə yetirəcək və Dalğanın sədr əvəzi olacaqdır.”
Təqdimatdan sonra söz alan Araz Qasımov Dalğa Gənclər Hərəkatının 2008-ci il üçün fəaliyyət istiqamətini açıqladı. Hərəkatın ictimai xarakter daşıdığını və əsas hədəf kütləsinin Gənclər olduğunu xatırladan Araz bəy, 2008-ci ildə də Dalğa Gənclər Hərəkatının öz prinsiplərinə sadiq qalacağını və bütün fəaliyyət istiqamətini bu prinsiplər ətrafında quracağını bildirdi. Araz Qasımov Dalğa GH-nın 2008-ci ili “Azadlıq və Həmrəylik İli” elan etdiyini də qeyd etdi: “Hər kəsə məlum olduğu kimi herekatimiz yarandığı gündən bu günə qədər ictimai sektorda fəaliyyət göstərmişdir və əsas hədəf kütləmiz gənclər olmuşdur. Azad fərd, məsuliyyətli vətəndaş, bütov xalq şüuru bizim əsas prinsiplərimizdir və biz daim bu prinsiplərə sadiq qalacağıq. Biz daim gəncləri maarifləndirmə, gənclər arasında demokratik prinsiplərin, məsuliyyətli vətəndaşlılığın ideyalarını yaymaqla məşğuluq ve bu feeliyyetimizi bu ilde davam etdireceyik. 2008-ci il prezident seçkiləri ərəfəsində heç kimi dəstəkləməyəcəyik və siyasətdən uzaq olacağıq layihələrimiz çərçivəsində uğurlu işlər görəcəyimizə əminik, xüsusilə qeyd etmək istəyirəm ki, biz həmişə xalqın yanında olacağıq.”

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.