Araz Qasımov: "Biz özümüzü 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərindəki maarifçi nəslin davamçıları hesab edirik"
Bir müddət əvvəl Dalğa Gənclər Hərəkatının sədri Vəfa Cəfərova xaricdə təhsil almağa getdiyi üçün təşkilatın rəhbərliyində dəyişiklik baş verdi. Vəfa xanım ölkəyə qayıdacağı müddətədək hərəkata Araz Qasımov rəhbərlik edəcək. Araz bəylə söhbətdə bu, eləcə də hərəkatın indiki və gələcək fəaliyyət istiqamətləri barədə danışdıq.
- Araz bəy, Dalğa Gənclər Hərəkatına (GH) bir müddət əvvəl üzv olmusunuz. Qısa müddətdə ölkənin aparıcı gənclər hərəkatının rəhbərliyi sizə həvalə edildi. Bunu nəylə izah etmək olar? - Yəqin ki, bu, hərəkata gəldiyim ilk gündən mənə verilən tapşırıqları məsuliyyətlə yerinə yetirməyimlə bağlıdı. Dalğanın İdarə Heyəti sədr əvəzi görəvini mənə həvalə edib və bunu hərəkatdakı qısa müddətdə məsuliyyətli fəaliyyətimin məntiqi yekunu hesab edirəm. Ümumiyyətlə, mən Dalğa GH ilə uzun müddət maraqlanmışam və fəaliyyətini izləmişəm. Dalğada gənc liderlərin yetişməsi üçün yaxşı şərait var.
- Vəfa Cəfərova Dalğa sədri seçiləndən sonra hərəkatın fəaliyyətində daha da canlanma hiss olundu, siz bu tempi qoruyacağınıza və daha da inkişaf etdirəcəyinizə əminsinizmi? Ümumiyyətlə, hərəkatı daha da aktivləşdirmək üçün hansısa konkret planlarınız varmı?
- Məncə, Dalğada sədr dəyişikliyi hərəkatın fəaliyyətinə elə də ciddi təsir göstərmir. Əgər hərəkatın fəaliyyətində canlanma və yüksəliş hiss olunursa, bu, İdarə Heyətinin və icra orqanlarının uğuru hesab edilməlidir. İllər keçdikcə Dalğanın həm İdarə Heyəti, həm də icra orqanları təcrübəsini daha da artırıb, bunun nəticəsində hərəkat mütəşəkkil bir təşkilata çevrilib. Sualınızın ikinci hissəsinə gəldikdə, Vəfa Cəfərovanın təqdimatı ilə İdarə Heyətində sədr əvəzi etimadını qazandığım zaman, mənə deyildi ki, 2008-ci ildə daha çox hərəkatın konkret ideoloji baxışını özündə birləşdirən geniş fikir antalogiyası hazırlanmalıdır. Biz bu təcrübəni 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Azərbaycanda baş verən intibah dövründən götürmüşük. Bizi həmin dövr maarifçilərinin davamçıları da hesab edə bilərsiniz.
- Siz ictimaiyyətə təqdimatla bağlı keçirilən mətbuat konfransında bildirdiniz ki, 2008-ci ildə hər hansı namizədi dəstəkləməyəcəksiniz. Ümumiyyətlə, seçkilər dövründə Dalğanın fəaliyyətində nəyin şahidi olacağıq? Yəni Dalğa bu önəmli anda hansı addımları atacaq?
- Bəli, tamamilə düzgün qeyd etdiniz ki, Dalğa seçki ərəfəsində heç bir namizədi dəstəkləməyəcək. Bizim bu ərəfədə iş prinsipimiz vətəndaşlar, xüsusən də gənclər arasında maarifləndirmə işlərinin aparılmasından ibarət olacaq. Seçkilərin demokratik keçməsi üçün əlimizdən gələni etməyə çalışacağıq. Əgər seçkilərin qeyri-demokratik keçməsi aşkarlanarsa, biz buna öz etirazımızı Dalğasayağı üslubda bildirəcəyik. Həmişə olduğu kimi, yenə də Dalğa Gənclər Hərəkatı xalqın yanında olacaq.
- Araz bəy, Məmməd Əmin Rəsulzadənin adının əbədiləşdirilməsi ilə bağlı prezidentə müraciət etmisiniz, üstəlik, böyük öndərin doğum günü - 31 yanvara silsilə aksiyalar hazırlayırsınız. Necə hesab edirsiniz, bütün bunların nəticəsi olacaqmı? - Bütün dünyada qəbul olunmuş bir tezis var: vətəndaş strukturları - qeyri-hökumət təşkilatları hökumətlə dialoqda olmalıdır ki, iş daha da effektli olsun. Və biz bunu nəzərə alaraq, bütün təklif və tələblərimizi prezidentə, əlaqədar dövlət qurumlarına göndəririk. Bununla yanaşı, cəmiyyətin diqqətini aktual hesab etdiyimiz problemə cəlb etməklə həmin məsələ ətrafında vətəndaş mövqeyi formalaşdırmağa çalışırıq. İnanırıq ki, məhz həmin vətəndaş mövqeyinin təzyiqi altında hökumət lazımi addımları atmağa məcbur olacaq. Bəzən elə hesab olunur ki, hər hansı bir "ağ atlı oğlan" və yaxud təşkilat bütün problemləri həll etmək gücündədir. Bu, yanlış yanaşmadır. Ona görə də biz vətəndaş məsuliyyətini artırmaq və fərdlərə azadlıq hissi aşılamaqla ümumi həmrəyliyə nail olmağı, bunun nəticəsində cəmiyyətdəki problemlərin həllinə nail olmağı hədəfləmişik.
- Maarifləndirmədən danışdınız, hazırda bu istiqamətdə hansı işləri görürsünüz və ümumiyyətlə, gələcək planlarınız haqqında məlumat verə bilərsinizmi? - Maarifləndirmə istiqamətində fəaliyyətimiz genişlənməkdədir. Hazırda hərəkatın "Demokratiya məktəbi" layihəsi davam edir və bu layihə ABŞ-ın NED fondunun dəstəyi ilə həyata keçirilir. Artıq 25 nəfər üçün dərslər başlayıb, iki həftə sonra isə daha 25 nəfər üçün demokratiya dərsləri start götürəcək. Ümumilikdə isə layihə ərzində 100 gəncin "Demokratiya məktəbi" layihəsi çərçivəsində maarifləndirilməsi nəzərdə tutulur. Eyni zamanda Dalğanın Qadınlarla İş üzrə Departamenti maarifləndirici seminar və treninqlər keçirir. Beynəlxalq Respublikaçılar İnstitutu üzvlərimizə liderlik və təşkilati quruculuqla bağlı seminar keçib və keçməkdədir. Gələcəkdə bu əməkdaşlığın daha da genişlənməsi nəzərdə tutulur. İctimai Fəlsəfi klub çərçivəsində tanınmış ziyalılarla gənclərin görüşlərini təşkil etməkdəyik. Bütün yay mövsümlərində olduğu kimi, bu yay da Təhsil Könüllüləri layihəsi çərçivəsində regionlara səfər edəcəyik, orada seminar və treninqlər təşkil edəcəyik. Bu işlərin siyahısını daha da genişləndirmək olar.
- Bu gün Dalğa əsas diqqətini hansı işlərə ayırıb?
- Hazırda Təhsil Nazirliyində fəaliyyət göstərən qaynar xəttdə Dalğa Gənclər hərəkatının 10 könüllüsü iştirak edir. Rəsulzadənin adının əbədiləşdirilməsi ilə bağlı silsilə tədbirlərə hazırlaşırıq. Bildiyiniz kimi, fevralın 12-də Dalğa Gənclər Hərəkatının yaradılmasının 3-cü ildönümüdür. Bu münasibətlə də tədbirlər həyata keçirmək üçün ciddi hazırlıq işləri görməkdəyik.
