25.1.08

Rəsulzadənin adı əbədiləşdirilsin


Bununla bağlı Dalğa Gənclər Hərəkatı Prezidentə müraciət edib və silsilə tədbirlər keçirəcək
Məlum olduğu kimi 31 yanvar böyük mütəfəkkir və Azərbaycan Demokratik Cumhuriyyətinin banısı Məmməd Əmin Rəsulzadənin doğum günüdür. Dalğa Gənclər Hərəkatı həmin gün bir sıra aksiyalar keçirməyi planlaşdırır. Belə ki, 31 yanvar 2008-ci il saat 13:00-da Hərəkat fəalları Rəsulzadənin Novxanıda yerləşən heykəlinin önünə, 28 may metrosunun içərisində yerləşən Rəsulzadənin portretinin önünə, Rəsulzadənin adını daşıyan və Səbail rayonunda yerləşən küçəyə, Demokratiya (Sahil) bağına, Neftçilər prospekti ilə Rəsulzadə küçəsinin kəsişməsində yerləşən və Rəsulzadənin heykəlinin qoyulması üçün nəzərdə tutulan yerə (həmin yerdə hazl-hazırda fontan tikilib), Bakı Dövlət Universitetinin önünə, Rəsulzadə qəsəbəsinin girişinə və İstiqlaliyyət küçəsində yerləşən “İstiqlaliyyət abidəsi”nin önünə tər güllər düzəcəklər. Bütün bunlarla yanaşı 13:00-da Neftçilər prospekti ilə Rəsulzadə küçəsinin kəsişməsində yerləşən kiçik parkda “Açıq Hava Teatrı” təşkil olunacaq.
2008-ci ili Dalğa Gənclər Hərəkatı “Azadlıq və Həmrəylik İli” elan etmişdir. Buna müvafiq olaraq da Hərəkat hər kəsi 31 yanvar günü yaxalarına Rəsulzadənin şəklini asaraq şəhərin mərkəzində yerləşən “Fəvvarələr Bağı”nda və yaxınlıqda yerləşən Rəsulzadə küçəsində (Azərbaycan kinoteatrının ətrafı) gəzintiyə dəvət edir.
Dalğa Gənclər Hərəkatı Rəsulzadənin adının əbədiləşdirilməsilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət etmişdir. Müraciət aşağıdakı kimidir:
“Hörmətli Prezident!
Biz Dalğa Gənclər Hərəkatı olaraq hər zaman Azərbaycanın inkişafı, demokratikləşməsi, vətəndaş cəmiyyətinin qurulması istiqamətində fəaliyyət göstəririk. Hesab edirik ki, ölkəmiz demokratikləşmə prosesində öz tarixi keçmişimizdə mövcud olmuş ənənələrə istinad etməlidir. Bunun üçün Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cumhuriyyəti və 19-20-ci əsrlər Azərbaycanın intibah dövrünün qabardılmasına böyük ehtiyac var.
Sizin də qeyd etdiyiniz kimi biz bir dövlət kimi öz tarixi köklərimizə dayanaraq Avropaya inteqrasiya etməliyik.
Cənab Prezident!
Böyük mütəfəkkir və dövlət xadimi Məmməd Əmin Rəsulzadə 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cumhuriyyətinin qurucularından və rəhbərlərindən biri olmaqla yanaşı, ömrünün sonuna kimi demokratik prinsiplərə və xalqına sadiq olmuşdur. Bütün bunları nəzərə alaraq, Sizdən öz səlahiyyətiniz və nüfuzunuzdan istifadə edərək Rəsulzadənin adının əbədiləşdirilməsi ilə bağlı lazımi göstərişləri vermənizi xahiş edirik. Bunu üçün biz Dalğa GənclərHərəkatının təkliflərini Sizə təqdim edirik:
1. Səbail rayonu ərazisində yerləşən Sahil bağının adının “Demokratiya bağı”  adı ilə əvəz olunması və burada Xalq Cumhuriyyətinin şərəfinə abidə kompleksinin tikilməsi;
2. Səbail rayonu ərazisində yerləşən və Rəsulzadənin adını daşıyan küçəyə Rəsulzadənin xatirə lövhəsinin vurulması;
3. Bakı Dövlət Universitetinə Rəsulzadənin adının qaytarılması və Universitetin önündə onun büstünün qoyulması;
4. Səbail rayonu ərazisində yerləşən, Rəsulzadə küçəsi ilə Neftçilər prospektinin kəsişməsində yerləşən kiçik parkda (Kukla Teatrı ilə üzbəüz) Rəsulzadənin heykəlinin qoyulması;
5. Rəsulzadə qəsəbəsinin girişində Rəsulzadənin fəaliyyətini əks etdirən lövhənin yerləşdirilməsi;
6. Rəsulzadənin ev muzeyinin yaradılması və bu muzeyə dövlət səviyyəsində qayğının göstərilməsi;
7. Rəsulzadənin doğulduğu Novxanı kəndində onun yaşadığı evin və orada yerləşən heykəlin əsaslı təmirinin aparılması;”

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.