3.5.08

Nəcəf Nəcəfov və Elmar Hüseynovun qəbirləri ziyarət olundu


DALĞAçılar Açıq Hava Teatrında Əli Həsənovu parodiya etdilər
Jurnalistlər, siyasi partiyaların və ictimai təşkilatların liderləri, hüquq müdafiəçiləri və ölkənin sıravi vətəndaşları dünən Beynəlxalq Mətbuat Günü münasibətilə məşhur jurnalistlər Nəcəf Nəcəfov və Elmar Hüseynovun qəbirlərini ziyarət ediblər.
Nəcəf Nəcəfovun qəbri üstündə çıxış edən "Müsavat" lideri İsa Qəmbər bu şəxsin Azərbaycanda azad jurnalistikanın qurulmasında və inkişafında böyük xidmətləri, dövlət xadimi Nəcəf Nəcəfovun Azərbaycan xalqına və mətbuatına irs olaraq qoyub getdiyi böyük məktəb və ənənələr haqqında danışıb.
Elmar Hüseynovun qəbri üzərində Turan informasiya agentliyinin direktoru Mehman Əliyev çıxış edib. O, ölkədə söz azadlığı sahəsində vəziyyətin daim pisləşdiyinə diqqət çəkib. Eyni zamanda, o, Elmar Hüseynovun hətta ölümü ilə söz azadlığını müdafiə etdiyini qeyd edib. "Bu ölüm olmasaydı, bizim vəziyyətimiz daha da pis olardı", deyə o qeyd edib.
Helsinki Vətəndaş Assambleyası Milli Komitəsinin rəhbəri Arzu Abdullayeva rişxəndlə qeyd edib ki, neçə vaxtdır ki, ictimaiyyət nümayəndələri yalnız yas mərasimlərində bir yerə yığışa bilirlər. Buna görə ictimaiyyət jurnalistlərin qəbrini ziyarətdən ölkədə baş verən proseslərə münasibətlərini bildirmək üçün istifadə edirlər.
Sonra o, sözü "Dalğa" gənclər hərəkatının üzvlərinə verib. Onlar "utanmadan" söz azadlığı sahəsində vəziyyətin gözəl olduğu, İlham Əliyevin mətbuatın inkişafında böyük rolu və qayğısı, Azərbaycan haqqında yanlış məlumat yayan düşmənlərin axtarılması barədə raport verən Prezident Apparatının ictimai-siyasi şöbəsinin rəhbərini təqlid edən parodiya göstəriblər. Əli Həsənovun rolunu ifa edən gənc çıxışını ayağını qələmi ilə özünə qəbir qazan jurnalistin kürəyinə qoyaraq oxuyurdu.
Mərasim zamanı yığışanları xüsusi xidmətlərin bir neçə əməkdaşı müşaiyət edib, onlar çəkiliş aparırdılar və jurnalistlər yaxınlaşanda üzlərini gizlədirdilər.







Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.