Artıq 3 namizəd qeydə alınıb
Dalğa Gənclər Hərəkatının Qurultaya (Dalğa GH) Hazırlıq üzrə Təşkilat Komitəsinin (QHTK) verdiyi məlumata görə 20 oktyabr saat 15:00-da “Ramada Hotel”də Hərəkatın 3-cü Qurultayı keçiriləcəkdir. Nizamnamə qaydalarına uyğun olaraq Qurultayda Hərəkatın növbəti 1 il üçün sədr və sədr müavini, İdarə Heyəti və Mərkəzi Nəzarət Təftiş Komissiyası (MNTK) müəyyənləşdiriləcəkdir. QHTK-nın sədri Elvin Kazımlının bildirdiyinə görə artıq 3 namizəd qeydə alınmışdır: “Dalğa GH-nın sədrliyinə artıq 3 nəfər öz namizədliyini irəli sürmüşdür. Bunlar son bir ildə hərəkata sədrlik etmiş Vəfa Cəfərova, Vəfa xanımın təhsili ilə bağlı xaricdə olduğu müddətdə onu əvəz etmiş Araz Qasımov və Dalğa GH-nın Maliyyə məsələləri üzrə koordinatoru İlkin Əlisoydir. Hər üç namizəd seçki kampaniyalarına start vermişdir. Onların yaxın günlərdə seçicilərlə görüşləri və debatları da təşkil olunacaqdır. Onu da qeyd etmək istərdim ki, seçki gününə 3 gün qalana qədər istənilən Dalğa GH üzvü QHTK-ya sədrliyə namizədliyini irəli sürmək üçün müraciət edə bilər”. Elvin bəy Qurultaya yerli və beynəlxalq təşkilatların, ictimaiyyətin tanınmış nümayəndələrinin, eləcə də mətbuatın dəvət olunduğunu bildirdi. Onun dediyinə görə Dalğa GH-nın 3-cü Qurultayına Seçki Monitorinq Mərkəzinin nümayəndələri müşahidəçilik edəcəkdir: “Seçki gizli səsvermə yolu ilə keçiriləcəkdir. Seçkiyə ümumi nəzarəti SMM həyata keçirir. Səslərin sayılması prosesində isə hər bir gənclər təşkilatının nümayəndəsi iştirak edə bilər. Bunun üçün sadəcə olaraq QHTK-nın üzvü Seymur Ələkbərova müraciət edib, qeydiyyatdan keçmək kifayətdir.”
Elvin bəy onu da bildirdi ki, seçkiyə qədər keçiriləcək görüşlər, debatlar və namizədlərin kampaniyaları zamanı həyata keçirdikləri bütün digər tədbirlər mətbuatda işıqlandırılacaqdır: “Biz bu proseslərdə media nümayəndələrinə xüsusi üstünlük veririk və onlarla əməkdaşlıq edəcəyik. Qurultayda isə istənilən KİV orqanının nümayəndəsini görmək arzuolunandır.”
