9.8.08

Dalğa Gənclər Hərəkatından Gürcüstana dəstək aksiyası


Gənclər teatrlaşdırılmış aksiyayla beynəlxalq qurumları qınadı
Bu gün saat 13:30 radələrində Dalğa Gənclər Hərəkatının fəalları Gürcüstanın Azərbaycandakı səfirliyi qarşısında Gürcüstana dəstək aksiyası keçirib. "Qaynar.info"-nun məlumatına görə, teatrlaşdırılmış aksiyada üzərlərinə “Gürcüstan” və “Osetiya” yazılan gənclər bir-birinə sarılmış, özünü qondarma "Osetiya Respublikası"nın prezidenti elan etmiş “Eduard Kokoyta” yazılmış gənc Osetiyanı əlləri ilə çəkir və Gürcüstandan ayırmağa çalışır. Üzərinə “Rusiya” yazılmış gənc isə “Kokoyta”ya dəstək əlaməti olaraq əlini onun çiyninə qoyub. “Avropa Birliyi”, “ATƏT”, “BMT”, “NATO” yazılmış gənclər isə bu mənzərəni kənardan seyr edir və heç bir mövqe bildirmirdilər. Bununla da Dalğaçı gənclər məsələyə dünyanın soyuq münasibətini diqqətə çatdırmaq istəyiblər.
Aksiyada “Biz “Müasir SSRİ” modelinə qarşıyıq!”,  “Gürcüstanın Suverenliyi uğrunda birləşək”, “İşğalçılara və İmperialistlərə qarşı ayaqdayıq” kimi şüuarlar qaldırılıb.
Dalğa Gənclər Hərəkatının rəhbərliyi Gürcüstanın Azərbaycandakı Konsulluğu ilə əlaqə saxlayaraq, onlara dəstəklərini bildirib və hərəkatın könüllülərini onlara kömək üçün göndərə biləcəklərini bəyan ediblər.
Aksiya insidentsiz başa çatıb.







Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.