23.9.08

Dalğa Gənclər Hərəkatının sədri Vəfa Cəfərova istefa verdi


Hərəkat növbəti Qurultaya hazırlaşır
Dalğa Gənclər Hərəkatının (Dalğa GH) dünən keçirilən idarə heyətinin iclasında Hərəkatın sədri Vəfa Cəfərova tutduğu vəzifədən istefa verib. Buna səbəb Dalğa Gənclər Hərəkatının nizamnaməsinin 4-cü müddəasının 3-cü bəndində göstərildiyi kimi, Qurultay gününə ən azı 20 gün qalmış sədr istefa verməlidir və müvəqqəti olaraq idarəçilik Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinə ötürülməlidir. Nizamnaməyə uyğun olaraq, son iclasda qurultaya hazırlıq üzrə təşkilat komitəsi yaradılmışdır və Elvin Kazımlı komitənin rəhbəri seçilmişdir.
Oktyabrın 20-də keçirilməsi nəzərdə tutulan qurultayda sədrin və Mərkəzi Nəzarət Təftiş Komissiyasının (MNTK) hesabatları dinlənəcək, gizli səsvermə ilə növbəti 1 (bir) il üçün sədr və onun birinci müavini seçiləcək. Qurultayın 2-ci günündə Dalğa Gənclər Hərəkatının 1 (bir) il müddətinə İdarə Heyəti və MNTK, müxtəlif sahələr üzrə koordinatorlar, həmçinin komissiya sədrləri müəyyənləşəcək.
Əlavə məlumat üçün Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin rəhbəri Elvin Kazımlıya müraciət edə bilərsiniz.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.