30.4.09

Dalğa Gənclər Hərəkatı baş verənlərə münasibət bildirdi


"Dalğa" baş vermiş qanlı faciəni pisləyir...

QayNar: Məlum olduğu kimi 30 aprel tarixində Azərbaycanda çox ağır hadisə baş vermişdir. Silahlanmış şəxs və ya şəxslər ali təhsil ocağına daxil olmuş və burada günahsız insanları qətlə yetirmişlər. Hadisəylə bağlı Dalğa Gənclər Hərəkatı açıqlama yayıb. Açıqlamanı olduğu kimi diqqətinizə çatdırırıq: "Biz Dalğa Gənclər Hərəkatı olaraq, bu hadisəni pisləyir, ölənlərin yaxınlarına baş sağlığı verir və bu hadisədən daha çox gənclərin zərər çəkməsindən təəssüf hissi keçirdirik. Eləcə də hansı səbəbdən asılı olmayaraq silaha əl atılmasını düzgün hesab etmirik.

Bu hadisədən dərhal sonra müxtəlif şayiələrin yayılması, xüsusən də gənclərin sıx cəmləşdiyi yerlərdə təlaşın yaradılması bizləri daha çox düşündürən başqa bir fakt olmalıdır. Həm bu hadisənin, həm də sonrakı yalan informasiyaların qarşısının alınması üçün ölkəmizdə demokratiyanın daha sürətlə inkişaf etdirilməsini vacib sayırıq. Azad və qərəzsiz media, insanları arasında hüquq bərabərliyi olan dövlət quruculuğunun çox vacib şərt olduğu bir daha sübut olundu. Ümid edirik ki, xüsusi xidmət orqanları bu məsələni aydınlaşdıracaq və belə hadisələrin bundan sonra baş verməməsi üçün lazımi tədbirləri görəcək. Biz bir hərəkat olaraq, bu kimi hadisələrin baş verməməsi üçün maarifləndirmə tədbirlərində yaxından iştirak etməyə hazırıq.

Sonda bir daha bütün zərər çəkmişlərə təəssüf hissi keçirdiyimizi bildirir və vəfat olanların yaxınlarına dərin hüznlə baş sağlığı verir, Allahdan səbr diləyirik. 

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.