LDU-nun rektoru Asəf İsgəndərov məsələyə aydınlıq gətirmək istəmir
Tənqidi yazılarına görə Lənkəran Dövlət Universitetindən qovulan «Dalğa» Gənclər Hərəkatının cənub regional ofisinin rəhbəri Pərviz Əzimov bu gün məhkəməyə müraciət edəcək.
Universitet rəhbərliyi P.Əzimovu təhsil ocağının daxili nizam-intizam qaydalarını pozmaqda və dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, öz əməllərindən çəkinməməkdə günahlandırır.
P.Əzimovun sözlərinə görə, təhsili ilə bağlı heç bir problem tapa bilməyən rəhbərlik onu iqtisadiyyat fakültəsinin tələbəsi Elnur Rüstəmovla dalaşıb onu döyməkdə günahlandırır: “Onlar bu məsələni əsas gətirərək məni universitetdən çıxarıblar. Ancaq məhkəmədə hər şey öz hüquqi həllini tapacaq”.
Universitetin iqtisadiyyat fakültəsinin tələbəsi Elnur Rüstəmov isə "Bizim Yol"a açıqlamasında bildirib ki, P.Əzimovla həqiqətən də mübahisələri olub: “Bir dəfə bizim kiçik bir mübahisəmiz oldu və biz mübahisə edən vaxt universitetin İqtisadiyyat fakültəsinin dekanı Əlixan Bədəlov bunu gördü. Bizi çağırdılar və izahat aldılar. Sonra özləri bu izahatı hüquq-mühafizə orqanlarına veriblər. Bu məsələni böyütməyin heç bir əsası yox idi. Çünki bütün tələbələr arasında belə kiçik söz-söhbətlər olur. Buna görə universitetdən tələbə qovmazlar”.
Məsələ ilə əlaqədar mövqeyini öyrənmək üçün LDU-nun rektoru Asəf İsgəndərov ona açılan telefon zənglərini və e-mail ünvanına göndərilən sorğuları cavabsız qoyub.
