1.4.09

Qalmaqal! Dalğa Gənclər Hərəkatı buraxıla bilər

Hərəkatın sədri ilə təsisçilər arasında fikir ayrılığı yaranıb
QayNar: Azərbaycanın aparıcı gənclər təşkilatlarından biri olan, bu yaxınlarda 4 yaşını qeyd edən Dalğa Gənclər Hərəkatında ciddi fikir ayrılığı yaranıb. Hərəkatın sədri Vəfa Cəfərovanın Qaynar.info-ya verdiyi məlumata görə, İdarə Heyəti üzvləri ilə keçirilən məsləhətləşmələrdən sonra Dalğa GH-nın buraxılması məqsəduyğun sayılıb: "Hesab edirik ki, ölkənin indiki, xüsusən referendum sonrası mərhələdə baş verənlərin məsuliyyətini paylaşmamaq üçün Dalğa GH özünü buraxmalıdır. Bu, həm də Azərbaycandakı siyasi-ictimai proseslərə adekvat reaksiya göstərməyən topluma bizim bir etiraz formamızdır."
Qeyd edək ki, Hərəkatın özünü buraxmaq haqqında qərarı hələ rəsmiləşməyib. Belə ki, bu gün saat 18-00-a təşkilatın Bəşir Səfəroğlu 157 ünvanında yerləşən ünvanında İdarə Heyəti və təsisçilərinin birgə toplantısı keçiriləcək və uyğun qərar da burada qəbul oluna bilər.
Hərəkatın ilk sədri və təsisçilərindən biri  Ramin Hacılı isə Dalğa GH-nın buraxılması təşəbbüsü ilə razı olmadıqlarını bildirir. "Ölkənin demokratikləşməsi uğrunda mübarizədən geri çəkilmək baş verənlərlə razılaşmaq, barışmaq kimi bir şeydir. Bu isə nə Dalğanın fəlsəfəsinə, nə də prinsiplərinə uyğun deyil. Geri çəkilmək istəyənlərə qapı açıqdır, amma biz yolumuza davam edəcəyik".
Təşkilatın bu günə çağrılan təcili toplantısına gəlincə, R.Hacılı ora qatılacağını və qurumun buraxılmasına yol verməyəcəyini bildirdi. Ramin bəy digər həmtəsismilərin də onunla həmrəy olduğunu bildirməyi də unutmadı.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.