29.4.09

Tələbə rektoru məhkəməyə verdi


"Bu da nəticə verməsə, aclıq aksiyasına başlayacağıq"
QayNar: Bu gün Lənkəran Dövlət universitetindən qovulan tələbə-jurnalist  Pərviz Əzimovun Müdafiə Komitəsi Media Mərkəzində geniş tədbir keçirib.
Qaynar.info-nun verdiyi xəbərə görə, tədbirdə ABŞ, Norveç, Almaniyanın Azərbaycandakı səfirliklərinin nümayəndələri, Dalğa Gənclər Hərəkatı (Dalğa GH), Ol - AGH, Gənclər klubu İB, Gənclər platforması İB, AXCP Gənclər komitəsi, Müsavat Gənclər təşkilatın nümayəndələri, Millət vəkili Pənah Hüseyn və media nümayəndələri iştirak edib.
Tədbirdə qonaqlara Pərviz Əzimovun hüquqlarının müdafiəsi istiqamətində bu günə qədər görülən işlər barədə məlumat verilib və bundan sonra da görüləcək işlər barədə müzakirələr aparılıb.
Tədbirdə çıxış edən Müdafiə Komitəsinin sədri Ramin Hacılı artıq bu işlə əlaqədar olaraq məhkəməyə müraciət edildiyini bildirib. Ramin Hacılı deyib: "Biz bu günə qədər lazım olan bütün sivil yollardan istifadə edərək, bu işin öz həllini tapması üçün çalışmışıq. Təəssüflər olsun ki, hələ bir nəticə əldə etməmişik. Qeyd etmək istərdim ki, biz işimizi bitmiş saymırıq, bu məsələ müsbət həllini tapana qədər mübarizə aparacağıq. Artıq Pərviz Əzimovun vəkili olan Media Hüquqları İnstitutunun Hüquqşünası Xalid Ağayev bu işlə  bağlı iddia ərizəsi ilə Lənkəran şəhər məhkəməsinə müraciət edib.”
Sonra tədbirdə çıxış edən Pərviz Əzimovun özü isə bəyan edib ki, əgər bütün bunlar bir nəticə verməsə, biz aclıq aksiyasına başlayacağıq. P.Əzimov  hesab edir ki, onun universitetdən xaric olması təkcə ona qarşı atılan bir qərəzli addım deyil, həm də bu, Azərbaycan gəncliyinə qarşı yönələn neqativ bir addımdır.
Daha sonra tədbirdə iştirak edən təşkilat nümayəndələri məsələnin müsbət həll olunması istiqamətində müxtəlif təkliflər veriblər. Tədbirdə iştirak edən millət vəkili Pənah Hüseyn çıxış edərək, bu məsələ ilə şəxsən məşğul olacağını bildirib. “Bir millət vəkili kimi bildirmək istəyirəm ki, mən bu məsələnin müsbət həll olunması üçün öz səyimi əsirgəməyəcəm. Təhsil Nazirliyi ilə əlaqə saxlayıb məsələnin həllinə çalışaram.”

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.