25.4.09

Universitetdən qovulan tələbə ilə bağlı böyük kampaniya başlayır


Pərviz Əzimov: «Gənclər təşkilatları yaxın vaxtlarda silsilə tədbirlər keçirəcək»
Tənqidi yazılarına görə Lənkaran Dövlət Universitetindən qovulan Dalğa Gənclər Hərəkatının cənub regional ofisinin rəhbəri Pərviz Əzimovun müdafiəsinə qalxan bir neçə təşkilat Beynəlxalq Respublikaçılar İnsititutunda bir araya gəlib. Gənclər Klubu İctimai Birliyi, Gənclər Hərəkatı və Dalğa Gənclər Hərəkatının nümayəndələrinin iştirak etdiyi tədbirdə Pərvizin qovulduğu universitetə yenidən bərpa olunmasının yolları müzakirə olunub. P.Əzimov bildirir ki, yaxın vaxtlarda məsələ ilə əlaqədar bütün gənclər təşkilatlarının forumu keçiriləcək: “Həmin təşkilatlar tərəfindən nəzərdə tutulan siyasi partiyalara, İnsan Hüquqlarını müdafiə komitələrinə, Beynəlxalq təşkilatlara müraciətlər ünvanlanacaq. Bundan əlavə həmcinin kütləvi imza toplamaq aksiyasına da başlanılacaq. Artıq bütün hüquqi sənədlər hazırdır və həftənin birinci günü məhkəməyə müraciət edəcəyik. Bir neçə gün öncə Norveç, ABŞ, Böyük Britaniya səfirliyinin nümayəndələri  mənimlə görüşdü. Onlarda da məsələni araşdıracaqlarını və əllərindən gələn köməkliyi əsirgəməyəcəklərini bildirdilər.
Məsələ ilə əlaqədar LDU-nun rektoru Asəf İsgəndərovla yenidən əlaqə saxlamağa çalışsaq da, cəhdimiz baş tutmadı. 

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.