24.6.09

DALĞA GƏNCLƏR HƏRƏKATINDAN ŞOK QƏRAR!


QHT haqqında qanuna düzəlişlər qəbul olunsa, təşkilat onu tanımayacaq!
"Bizə qarşı baş verə biləcək hər hansı bir zorakılığın məsuliyyəti bu qanunu qəbul edənlərin üzərinə düşəcək"
QayNar: Dalğa  Gənclər  Hərəkatı genişləndirilmiş toplantı keçirib. Toplantıda ölkədəki ictimai-siyasi vəziyyət və parlamentə təqdim olunan «Qeyri-hökumət Təşkilatları haqqında» qanun layihəsi müzakirə olunub. Qaynar.info-nun verdiyi xəbərə görə, müzakirələr nəticəsində Dalğa GH xalqa və millət vəkillərinə ünvanlanmış bəyanat qəbul edib. Bəyanatda deyilir:
«Biz ölkəmizdə baş verən son hadisələri, özəlliklə də, parlamentə təqdim olunan «Qeyri-hökumət Təşkilatları haqqında» qanun layihəsini Azərbaycanın maraqlarına zidd hesab edirik. Bu qanun qəbul olunacağı təqdirdə bir çox qeyri-hökumət təşkilatları kimi Dalğa Gənclər Hərəkatının da fəaliyyəti qeyri-qanuni hesab olunacaq.
Odur ki, biz vətəndaş cəmiyyətinin ümumilikdə məhvinə hesablanmış bu qanun layihəsinin  qəbul olunmaması üçün bütün qanuni addımları atacağıq. Qanun qəbul olunacağı təqdirdə belə fəaliyyətimizi davam etdirəcəyimizi bəyan edirik.
Bizlərə qarşı baş verə biləcək hər hansı bir zorakılığın məsuliyyəti bu qanunu qəbul edənlərin üzərinə düşəcək. Əgər yüz minlərlə insanın öz torpağında yaşamasına imkan verilməməsi işğalçılıq kimi qiymətləndirilirsə, məntiqi olaraq bu qanunun qəbulu da insanların təbii haqqı olan fəaliyyət azadlığının işğalı deməkdir. Biz azadlığımızın sərhədlərini sona qədər müdafiə etməyə hazırıq.
Hər kəsi azadlığının keşiyində durmağa və təbii haqlarını qorumağa çağırırıq».
Qeyd edək ki, Dalğa Gənclər Hərəkatı Ədliyyə Nazirliyində qeydə alınmayıb. Qanuna düzəlişlər və əlavələr qəbul olunacağı təqdirdə təşkilat avtomatik olaraq qanundankənar vəziyyətə düşəcək.


Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.