19.6.09

REKTORUN TƏLƏBƏDƏN TƏLƏBİ...


REKTORUN TƏLƏBƏDƏN TƏLƏBİ... 
“Yazdıqlarını təkzib et”
Tənqidi yazılarına görə Lənkəran Dövlət Universitetindən (LDU) qovulan «Dalğa» Gənclər Hərəkatının cənub regional ofisinin rəhbəri Pərviz Əzimovun dünən məhkəmə prosesi keçirilib. Bu barədə məlumatı P.Əzimov verib. Onun sözlərinə görə, məhkəmədə iki vəsatət qaldırılıb.
“Biz vəsatət qaldırdıq ki, Elmir Rüstəmov da məhkəməyə dəvət olunsun. Vəsatətimiz qəbul edildi. Növbəti vəsatətim universitetdən qovulmağım haqqında olan əmrlə bağlı idi. Guya Elmir Rüstəmovu mən zəng edib çağırmışam. Amma əslində o məni çağırmışdı. Biz vəsatət qaldırdıq "Azercell"ə ərizə ilə müraciət olunsun. O vaxt məlum olacaq ki, kim-kimə zəng edib. Hakim vəsatətimizi qəbul etmədi. Növbəti məhkəmədə bir daha bu vəsatəti yazılı şəkildə qaldıracağıq".

Rektorla tələbə arasında barışığın baş tutmamasının səbəbini isə P.Əzimov belə açıqladı: “Bu prosesdə də hakim barışıq təklif etdi. Amma mən qəbul etmədim. Çünki rektor bildirib ki, universitetlə bağlı gedən yazıları nə zaman təkzib etsəm, yalnız onda məni universitetə bərpa edəcək. Bu da bir daha sübut etdi ki, universitetdən qovulmağımın səbəbi yazılarıma görədir”.
P.Əzimov məhkəmənin ədalətli qərar çıxaracağına inanır: “Məhkəmənin gedişatından razıyam. İnanıram ki, məhkəmə ədalətli qərar çıxaracaq”.
Qeyd edək ki, növbəti məhkəmə prosesi iyunun 22-də keçiriləcək.
Xatırladaq ki, P.Əzimov bu günə qədər göstərdiyi fəaliyyətə və “Alma”, “Cənub Xəbərləri” qəzetlərində yazdığı məqalələrə görə dəfələrlə universitet rəhbərliyi tərəfindən təqib və təzyiqlərə məruz qalıb. Nəhayət, fevralın 27-də qondarma ittihamla LDU-dan xaric edilib. P.Əzimov adı gedən universitetin IV kurs tələbəsi idi.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.