QayNar: Dalğa Gənclər Hərəkatı olaraq, iyulun 8-də "Lebaness" kafesində ictimai aktiv gənclər- Emin Milli və Adnan Hacızadəyə qarşı yönəlmiş zorakılığı pisləyən bəyanat yayıb. Qaynar.info-ya daxil olan bəyanatda baş verən insident Azərbaycan gəncliyinə qarşı bir təxribat kimi qiymətləndirilir.
Bəyanatda daha sonra deyilir: "Biz hesab edirik ki, bu hadisə Azərbaycanda sabitliyin pozulmasına qarşı yönəlmiş əməldir. Biz, Emin Abdullayev (Milli) və Adnan Hacızadəyə qarşı olan zorakılığı bütün aktiv gənclərə qarşı akt kimi qiymətləndiririk və bu olay ətrafında bütün ictimai aktiv gəncləri həmrəy olmağa çağırırıq. Biz hesab edirik ki, zərər çəkmiş gənclər absurd ittihamla saxlanılır və onların tezliklə azad olmasını, bu hadisəni təşkil edən və yerinə yetirənlərin tezliklə ədalət məhkəməsi qarşısında cavab verməsini tələb edirik. Bundan əlavə, bu işlə məşğul olan məsul şəxslərdən tələb edirik ki, öz işlərinə məsuliyyətli yanaşsınlar və məsuliyyətdən boyun qaçırıb, öz məsuliyyətini zərərçəkənlərin boynuna atmasınlar.
Biz, ümid edirik ki, məhkəmə absurd ittihamla saxlanılan gəncləri azad olunmaları barədə ədalətli qərar çıxarıb, olayın əsl səbəkarlarının həbsi barədə qərar qəbul edəcəkdir. Əks təqdirdə, biz bir hərəkat olaraq, haqqın öz yerini tapmasında bütün resurslarımızı səfərbər edib, konstitutsiya ilə bizə verilmiş hüquqlardan istifadə edərək, bu məsələdə məsuliyyətli olan hər bir səlahiyyətli orqanlara etirazımızı bildirib, vətəndaşlıq vəzifəmizi yerinə yetirəcəyik."
