27.8.09

"Dalğa" yeni sədrini nə vaxt seçəcək?


Quruma rəhbərliyə namizədlərin qeydiyyatı başlanır

Sentyabrın 1-dən "Dalğa" Gənclər Hərəkatının sədrliyinə namizədlərin qeydiyyata alınmasına başlanacaq. Sədr hərəkatın oktyabr ayında keçiriləcək qurultayında seçiləcək. Hazırda hərəkata rəhbərliyi Mərkəzi Nəzarət Komitəsini sədri Rövşən Nəcəfov həyata keçirir.
Qurultaya hazırlıq üzrə təşkilat komitəsinin sədri Araz Qasımov "Media forum"a deyib ki, qurultay keçiriləndən sonra "Dalğa" ABŞ-ın Demokratiyaya Milli Yardım Fondunun (NED) maliyyələşdirdiyi "Demokratiya akademiyası" layihəsinin icrasına başlayacaq: "Bununla bağlı olaraq hazırda biz qurumu yeni ofisə köçürməklə məşğuluq. Yeni layihə üçün geniş ofis lazimdır. Çünki bir dərsə 50 gəncin dəvət edilməsi nəzərdə tutulur. Hazırda yerləşdiyimiz ofis isə buna imkan vermir".
A.Qasımovun bildirdiyinə görə, "Dalğa"nın qurultayının dəqiq tarixi hələ bəlli deyil. Qurumun nizamnaməsinə görə, hər il qurultay keçirilməli və səsvermə yolu ilə sədr seçilməlidir.
"Dalğa" Gənclər Hərəkatını 2005-ci il fevralın 12-də İqtisad Universitetinin bir qrup tələbəsi yaradıb. Təşkilatın ilk sədri Ramin Hacılı olub. 2006-2007-ci illərdə hərəkata Ülvi Həsənli rəhbərlik edib. 2007-ci il oktyabrın 8-də ilk dəfə, 2008-ci il oktyabrın 20-də isə ikinci dəfə təşkilata sədr Vəfa Cəfərova seçilib. O bu il iyulun 1-də istefa verib.

Dalğa GH bloqu üçün rəy sistemi qurduğuna görə dostumuz Cavid Ağa'ya təşəkkürlər.